könül

Könül Kərimova kimdir? – 30 illik ailəsini dağıdan, anasının döydüyü ünvansız qadın

Qlobal.net lent.az-a istinadən müğənni, Əməkdar artist Könül Kərimovdan bəhs edir.

- Könül Kərimova  nə zaman və harada anadan olub?

Könül Kərimova 15 sentyabr, 1968-ci ildə Ağcabədidə anadan olub.

- Könül Kərimovanın ali musiqi təhsili var?

Könül Kərimova 1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olub. "Gənc istedadları axtarırıq" adlı müsabiqədə birinci yeri tutduğuna görə, 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bülbül adına orta-ixtisas musiqi məktəbinə dəvət alıb. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olub.

1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olub. Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.

- Könül Kərimova nə zaman fəxri ad alıb?

2018-ci il mayın 27-də Əməkdar artist fəxri adını alıb.

- Könül Kərimova ailəlidir?

Könül Kərimova bir oğul və bir qız anasıdır. Ötən il öz xalası oğlu olan həyat yoldaşından boşanaraq, 30 illik ailə həyatına son qoyub.

- Könül Kərimova nə üçün boşanıb?

Könül Kərimova bunu arada sevginin olmaması, uzun illər tənhalıq çəkməsi, bütün yükün onun üzərində olması ilə əlaqələndirib: 

"Əməlli-başlı evimdən küskün düşmüşdüm. İnanın ki, ayağımı evə qoymaq istəmirdim".

- Könül Kərimova ev işlərini sevir?

"Anam həmişə deyirdi ki, Allahın yadından çıxıb, sənə səs verib, sən elə aşpaz olacaqdın. Ümumiyyətlə, ev ab-havasını sevirəm. Qonaq gedəcəyim evdə əlim-qolum bağlı oturacamsa, orda rahat ola bilmirəm. Hətta bəzən səfərə çıxanda, yollarda restoranda əyləşib bir tikə çörək yeyəndə, o restoranların mətbəxinə də müdaxilə edirəm",- deyə o öz işgüzarlığı ilə bağlı bildirib.

- Könül Kərimovanı bu sənətə kim yönləndirib?

"O dövrdə mənim bəxtimdən idi, ya nə idisə, musiqiçi olmaq matah peşə sayılırdı. məni bu sənətə anam döyə-döyə gətirib, amma məni incidib də. Bir dəfə xor dərsinə getmədiyimə görə anam saçımdan tutub sürüdü. Yəni anam nə qədər mənə dəstək olsa da, o qədər də hökmlü idi. "Onu bağışlamaq olarmı" filmindəki ana obrazı eynilə mənim anamı xatırladır. Mən onu hər dəqiqə gülən görməmişəm. Çox çətin, zəhmli adam idi. Deyirdim, sən bizimlə ögey ana kimi davranırsan. Hərdən deyirdim, bəlkə sən heç bizim anamız deyilsən. Mahnılarıma, geyimimə qədər qarışırdı. Hələ mən konsert verəndə əgər paltarım, saçım, makiyajım onun xoşuna gəlməsə, dünyanı dağıdardı, qırx yaşıma qədər ondan çəkinmişəm. Stress yaşadıb. İndi şükür Allaha ki, bir az sakitləşib", - deyə o qeyd edib.

- Könül Kərimova plastik əməliyyat keçirib?

Bəli, burnundan, çənəsindən və yanaqlarından əməliyyat olunub.  

"Mənim bacım məndən qəşəng olub. Mən sonradan qəşəngləşdim. Amma mənə gələn elçilər ondan çox idi. Səbəbi o idi ki, mən oxuyan idim" - o bu suala belə cavab verib.  

Könül Kərimova müasir müğənnilər barədə nə düşünür?

"Biz Şövkət Ələkbərovanın, Niyazinin, Süleyman Ələsgərovun, İslam Rzayevin, Arif Babayevin, Canəli Əkbərovun qarşısında imtahan vermişik. Onda indiki kimi sms-lə seçilmirdilər. Ona görə də indi ortalıqda olanlar faciəvi təsir bağışlayır. Adlarını müğənni qoyublar, dilləri də nə boyda. Yox səsləri ilə bu gün səhnədə at oynadırlar. Deyir, utanmasan, oynamağa nə var? Onlar beşcə gün efirə çıxmasınlar, oxumasınlar, həmin dəqiqə də unudulacaqlar" - deyə o bildirib. 

- Onu anası zorla ərə verib?

Bu suala müğənni belə cavab verib: "O, bizi kimə versəydi, getməliydik. Bizim ixtiyarımız yox idi onun sözündən çıxaq. Məni 21 yaşımda öz bacısı oğluna verdi. Mən də elə yeniyetməlikdən bilirdim ki, xalam oğluna gedəcəm. Sizə bir söz deyim, müğənnilik sənəti ilə bərabər mən ailə qurmağa da həvəsli idim. İstəyirdim çoxlu uşaqlarım olsun. Bunu arzulayırdım. O vaxtı mənim üçün fərqi yox idi, kimə ərə versəydilər, sakitcə gedəcəkdim. Tez ailə qurmağa can atırdım. Universiteti bitirəndən sonra ailə qurdum". 

- Qayınanası müğənni olduğu üçün onu oğluna alıb?

Müğənninin dediyinə görə ona sırf bunun üçün elçi düşüblər:

"Bir-iki il səhnədən uzaq düşdüm. Çünki oğlum anadan olmuşdu. Getdim Ağcabədidə bir-iki ay qaldım, oğlum özünə gəldi. Bir gün qayınanam məni çağırdı, dedi, bala, o uşağı ya mənə ver, ya da anana, get sənətinlə məşğul ol. Səni biz elə belə almamışıq. Oxumağına, o gözəl səsinə görə almışıq. Niyə yatmısan? Uşaq böyüyəcək. Məni çığırda-çığırda uşağımdan ayırıb toya yolladılar"

- Könül Kərimova mahnı bəstələyib?

"Məhəbbət Kazımovla işləyəndə mənim özümün yazdığım mahnılar da oldu. Həmişə mənə zarafatla deyirdi ki, Üzeyirin nəvəsi, gəl bu mahnının filan yerini düzəlt. Onun özünün də musiqiləri vardı. Mən bu məsələni bir az gec açıqladım. Bəziləri inandı, bəziləri inanmadı. Qısqananlar da oldu ki, niyə bunları o vaxtı demirdin, indi deyirsən? "Qız, Allahın bəlasıdır gözlərin", "Təkcə mənim olaydın", "Laçınım" mahnılarının musiqilərini yazdım. Məhəbbətə qədər isə mən "Yar başına dönüm sənin" mahnısını yazmışdım", - deyə o bildirib. 

- Məhəbbət Kazımovla duetləri niyə dağılıb?

"Çılğın adam idi, xasiyyəti o qədər də mülayim deyildi. Çətin xarakterli, ziddiyyətli idi. Amma məni qoruyurdu. İnan, ayrılmaq üçün aramızda ciddi heç bir səbəb olmadı. İstəyirdim, solo karyeramı qurum, buna görə incidi, elə bildi ki, məni kimlərsə öyrədir. 

- Könül Kərimova Cabbar Musayevlə iş birliyini necə qiymətləndirir?

"Cabbar Musayevlə iş birliyinə başladığım gün elə bil, mənim üçün nəfəslik açıldı. Cabbar müəllimə qədər, elə bil, mənim həyatımda tutqun, soyuq hava idi. Ondan sonra Günəş doğdu. Cabbar Musayevlə mən səhnədə çox gücləndim. Ondan atalıq, qardaşlıq, dostluq gördüm, məni heç vaxt büdrəməyə qoymadı", - deyə o qeyd edib.

 - Könül Kərimova özünü xoşbəxt qadın hesab edir?

"Yox. Mənə deyəndə ki, xoşbəxtsən? Donub qalıram. Həyatımı balalarıma qurban vermişəm" - şəklində cavablayıb bu sualı.  

- Könül Kərimova bu gündən sonra sevə bilər?

Mən hər an sevə bilərəm, hər an. Sadəcə, o sevgidən qorxuram. Çünki sevəndə azad olmalısan. Sevəndə istədiyin kimi yaşamadınsa, o sevgi ölür. Mən kənardakılar üçün tək deyiləm. Ailəm, qohumlarım var. Onların mənə zillənən baxışları ki var, mən onlara baxıb istədiyim həyatı yaşaya bilmərəm. Bəzən susaraq mənə ünvanlanan suallara cavab verə bilmirəm.

- Könül Kərimova hansı mahnıda öz taleyini oxuyur? 

"Nə yazıq bəndəyəm, nə yazıq bəndə". İnanın ki, o mahnını hər dəfə oxuyanda min dəfə ölürəm. Mənim ünvanım yoxdu. Ünvansız qadınam. O qapını tapa bilmirəm" desə də Könül Kərimova ölkənin ən varlı qadın müğənnilərindən biridir. Özünə ünvansız deyən müğənninin çox böyük villası var.

25.06.2024 07:45
show 697