Son günlərdə ölkədə benzinin və dizelin bahalaşması fonunda bir çox sahələrdə qiymət artımı müşahidə olunur. Metro və avtobus qiymətlərinin bahalaşmasından sonra isə ölkədə kommunal xidmətlərin də qiymətində artım olacağı bildirilir. İqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a
deyib ki, proseslər növbəti mərhələdə dövlət müəssisələri tərəfindən
göstərilən xidmətlərdə qiymət artımlarının olacağını göstərir. O qeyd edib ki, müəyyən xidmətlərin maya dəyərinin formalaşmasında yanacağın qiymət artımının rolu var: "Bu
təsirlərin növbəti mərhələdə kommunal xidmətlərə transformasiyası və
onların qiymətlərinin artırılması ehtimalı var. Biz prosesin hansı
mərhələdə olduğu ilə bağlı tam məlumatlı deyilik. Qiymətlərin nə vaxt
atrırılacağını deyə bilmirik. Ümumiyyətlə götürəndə, kommunal
xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti
qurumlar Taarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırılmaları
da ondan ibarətdir ki, xərclər çoxdur. Bu da həmin qurumların zərərlə
işləməsinə, xidmət keyfiyyətinin səmərəli təşkil edilməsinə problem
yaradır. Ola bilsin ki, sadalanan amillərdən hər hansı birinin
əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılması
məsələsini gündəmə gətirsin və qiymət artımına gedilsin". İqtisadçı
qeyd edib ki, özəlləşdirmə kontekstində zaman-zaman kommunal
xidmətlərin təşkili məsələləri bir sıra istiqamətlərdə özəl sektora
ötürülə bilər. Amma hazırkı tənzimlənən qiymətlər özəl sektor üçün cəlbedici olmadığından bunu həyata keçirmək mümkün olmur.