Amerikalı yazıçı, sevgi romanlarının müəllifi və “Ərini necə öldürməli” adlı onlayn esse ilə tanınan Nensi Krempton Brofi ərini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Qlobal.net xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb.
Oregon ştatının məhkəməsi 71 yaşlı Brofi barəsində iki ay davam edən məhkəmə prosesindən sonra qərar çıxarıb. Hökmə əsasən, o, yalnız 25 ildən sonra şərti azadlığa buraxılmaq hüququna sahib olacaq.
Prokurorların məlumatına görə, Nensi Krempton Brofi 2018-ci ildə maliyyə çətinlikləri səbəbilə həyat yoldaşı 63 yaşlı Den Brofini onun çalışdığı Oregon Kulinariya İnstitutunda odlu silahla qətlə yetirib. Qətl, illər əvvəl yazıçının qələmə aldığı və böyük marağa səbəb olan “Ərini necə öldürməli” mövzusundakı essesi ilə rezonans doğurub. Lakin məhkəmədə həmin esse sübut kimi təqdim edilməyib.
BBC-nin məlumatına əsasən, cinayət aləti hadisə yerində aşkarlanmasa da, aparılan araşdırmalar nəticəsində məlum olub ki, yazıçı eyni marka və modeldə bir silah əldə edib. Təhlükəsizlik kameraları onun cinayətin baş verdiyi gün institutun yaxınlığında olduğunu qeydə alıb. Brofi isə özünü təqsirli bilmədiyini, silahı kitabı üzərində işləmək məqsədilə aldığını bildirib. Bununla yanaşı, hadisə günü institutun ərazisində olduğunu da inkar etməyib.