"Kişidirsə, yerini desin, nömrəsini qoysun, gəlim..." - Afət
Tez-tez sosial şəbəkələrdə müğənnilərin evinə, maşınına,
geyiminə görə tənqid hədəfinə çevrildiyini görürük. Bir neçə gün öncə
Əməkdar artist Elnarə Abdullayeva da efirdə bu haqda danışdı.
Tanınmış xanəndə bəzi izləyicilərin müğənnilərə qənim kəsildiyini dedi.
Onun sözlərinə görə, bəzi tamaşaçılar, xüsusilə sosial şəbəkə
iştirakçıları müğənniləri təftiş etməklə məşğuldur: "Təzə paltar
geyinəndə deyirlər ki, Elnarə qudurub. Köhnə libasla efirə çıxanda yenə
narazılıq edirlər. Deyirlər ki, sənətkardı, xalqın qarşısını çıxır, amma
geyiminə fikir vermir”. Bəs görəsən, cəmiyyət niyə məşhurlara qarşı bu
qədər aqressivdir? Sənət aləmində geyim nə qədər önəmli rol oynayır? Bu,
toy qiymətlərinə də təsir edirmi?
Qlobal.net xəbər verir ki, məsələ ilə bağlı
Yenisabah.az-a danışan tanınmış müğənni Afət Fərmanqızı bildirib ki,
sosial şəbəkələrdə bəzi insanlar maddi imkanı yaxşı olan birini görən
kimi onu təhqir etməyə başlayırlar:
“Kimin evi yoxdursa, yaxşı evi olan birini görən kimi, əri olmayan əri
olanı görən kimi, maşını digərindən ucuz olanı görəndə söyür. Bu sözlər
bəzi şəxslərə aiddir. Bunun səbəbi nədir mən də bilmirəm. Hər şeyin
kökündə cahillik dayanır. Mən demirəm, hamı alim, ziyalı olmalıdır, amma
ən azından hamı bir şeyi başa düşməlidir ki, başqasının işinə qarışmaq
olmaz. Nəyəsə irad bildirə, tənqid edə bilərsən, amma qarşıdakını təhqir
etmək olmaz. Müğənnillərin 90%-nin sosial şəbəkə hesabında telefon
nömrələri qeyd olunub, təhqir edənlər götürüb o nömrə ilə əlaqə
saxlasınlar, desinlər ki, mən filankəsov filankəsəm və səni təhqir
edirəm. Hünəri çatan belə etsin, yoxsa monitor arxasından, saxta
profillərdən nənəm də edər. Bu iş deyil, sözün varsa, “duxun” çatırsa,
yerini de, nömrəni qoy sonra təhqir et. Sosial şəbəkələrdə anonim
hesablardan şərh yazıb söyənlərə mən heç baxmıram. Hamıya söyürlər.
Kişidirsə, yerini desin, nə olsun qadınam, harada, necə deyir tet-a-tet
gəlim, söhbət edək. Beləsi yoxdur”.
Sənətçi sosial şəbəkələrdə, efirlərdə problemlərindən danışaraq
insanları yormağı sevmədiyini qeyd edib. O, izləyicilərinə hər zaman
pozitiv əhval-ruhiyyə bəxş etmək istədiyini deyib: “Mən əvvəldən səhv etdim. Gərək əvvəldən bəzi müğənnilər kimi
ağlayardım. Kimsə ağlayanda bizim camaatın xoşu gəlir, onda ona
yazıqları gəlib başlayırlar tərifləməyə. Mən ağlamağı, dərdimlə kimisə
kədərləndirməyi sevmirəm. Mən soğan-çörək yesəm də, həmişə özümü tox
tutmuşam ki, dərd-sərimlə camaatı bezdirməyim. Yeri gəlsə, məndən dərdli
müğənni yoxdur, anam da, atam da cavan rəhmətə gedib, cavan qardaşım
rəhmətə gedib. Erkən yaşda başıma faciə gəlib, məni götürüb qaçıblar,
məcbur qalıb ailə qurmuşam, çünki geri qayıtsam, kənddə məni alan
olmayacaqdı. Amma mən istəmədən məni götürüb qaçırıblar, 16 yaşım
olmamış əlimi, ağzımı tutub maşına basıb qaçırıblar. Bu, uşaq oğurluğu
idi. Sonra da həmin şəxs polisdən qaçıb gizləndi. Mənə dedilər ki,
bundan sonra səni kim alacaq? Kənddə bir adın beş olacaq və s. Məcbur
olub taleyimlə razılaşdım və ailə qurdum. Bu da bir faciədir. Ailə
istəmədən qurulmuşdu deyə elə əvvəldən bilirdim ki, boşanacağam, o cür
də oldu. Boşanandan sonra da boşanmış qadına min ad qoşurdular.
Bu qədər faciəni yaşayan adam necə dərdli olmaya bilər?! Sadəcə, mən
dərdimlə insanları üzmək istəmədim, pozitiv enerji ötürmək istədim. Amma
sən demə, səhv etmişəm, ancaq ağlamaq lazım imiş, hətta imkanın olanda
da ağlamaq lazım imiş. Çünki bəzi insanlar güzəranı yaxşı olan adam
görəndə başlayırlar onu söyməyə. Mən özüm isə imkanlı adam görəndə
sevinirəm”.
Müğənni Rusiyaya köçdüyünə görə onu tənqid edənlərə cavab verib və bunun səbəblərini açıqlayıb:
“Mən ailə qurduğum üçün məcbur olub həyat yoldaşımla Rusiyaya köçdüm.
Çünki onun Azərbaycanda yaşamağı mümkün olmadı. Ərim harada, mən də
orada, mikrofonumu götürdüm gəldim Rusiyaya. Burada qazanc Azərbaycandan
çox olanda dördəlli yapışdım.
Bəziləri sosial şəbəkələrdə bəzən yazırlar ki, qürbətdədir filan.
Əvvəla, mənim Azərbaycanda ailə üzvlərim yoxdur, anam, atam, qardaşım
rəhmətə gedib, bacım, digər qardaşım, oğlum da hamısı Avropadadır.
Burada yaşama səbəbimin birincisi budur, ikincisi, işim, qazancım burada
daha yaxşıdır. Bəzən yazırlar ki, evini buraxıb gedib orada yaşayır,
Azərbaycanda yaşasaydım da yazacaqdılar ki, ərini buraxıb burada qalır,
yaxud deyəcəkdilər ki, əri bunu aldı, burada atdı çıxdı getdi. Mən indi sizin dediyinizlə oturub durum? Hərənin öz şəxsi həyatı var. Kim nə istəyir desin, dinləmirəm”.