"Mən həyatımı yaşamışam. Enişi ilə, yoxuşu ilə, əgər-əskiyi
bu mənim həyatım olub, mənə aid olub. Elə adam deyiləm ki, deyim ki,
ətəyimdə namaz qılmaq olar. Mənim bəndə qarşısında günahım yoxdur. Amma
Allah qarşısında günahım var. Bunu mənimlə Allah bilir. Bəndəyə aid
deyil".
Qlobal.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur
müğənni Akif İslamzadə deyib. O daha sonra gənclərin öz cığırları ilə
getməməsindən gileylənib.
"Özlərini dərk edib tapmaq üçün bir şeyi bilməlidirlər. Siz
fərdsiniz. Öyrənmək lazımdır. Necə ki, biz böyüklərimizdən, özümüzdən
əvvəlki sənətkarlardan baxıb öyrənmişik. Amma çalışmışıq ki, onların
təsiri altına düşməyək. Oxuyanlar var ki, təsir altına düşürlər sonra
çıxa bilmirlər. İstər geyim-keçimdə, istərsə də sənətdə hər kəs öz
rəngini axtarıb tapmalıdır. Bunun üçün Allah sənə şüur verib. İnsanın
məqamı çox yüksəkdir" deyə sənətkar bildirib.
Akif İslamzadə bildirib ki, sənətdə hörmət qazanmaq çətindir.
"Tamaşaçının hörmətini qazanmaq, bu hörməti qoruyub saxlamaq asan deyil.
Bunun üçün ilk növbədə insan gərək özü-özünə hörmət etsin. Başqasında
günah axtarmasın, rişxənd etməsin. İnsanın səhvi olar, nəyisə düzgün
etməz, amma bunu da deməyin yolu var. Ola bilər ki, kimsə keçmişində ona
aid olmayan bir işdə işləyib. Bu ayıb deyil. Ev yıxmaq, ədəbsizlik,
əxlaqsızlıq ayıbdır, amma kişi üçün yük daşımaq, çörək pulu qazanmaq
ayıb deyil. Ona görə də deyirlər ki, kiminin əvvəli, kiminin axırı" deyə
müğənni Akif İslamzadə deyib.
O münasibət saxladığı sənət yoldaşlarından da danışıb.
"Sənət yoldaşlarım zəng edib tez-tez hal-əhval tutub, səhhətimi
soruşurlar. İlqar Muradov, Rüstəm Zeynallı, Eyyub Yaqubov, Faytonçu
Nazim və s. sənət yoldaşlarım xətrini istədiyim insanlardır. Onlar da
mənim xətrimi istəyirlər, hər zaman məni diqqətdə saxlayırlar" deyə
müğənni bildirib.