Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, hadisə xəyanət zəminində olub:
"Mayın 5-də hava küləkli olduğu üçün usta kimi çalışdığım işdən tez ayrılmışdım və bu barədə ailəmə məlumat verməmişdim. Artıq məndə şübhələr yarandığı üçün evə arxa qapıdan daxil oldum. Otağın qapısına çatanda eşitdim ki, o, kiminləsə danışır və "yox, göstərə bilmərəm, uşaqlar yanımdadır" ifadələrini işlədirdi. İçəri girəndə gördüm kimləsə qeyri-etik geyimdə danışır. Əlindən telefonu alanda zəngi söndürdü. Yenidən həmin nömrəsinə zəng etdikdə bir oğlan cavab verdi və həmin an söndürdü. Olayın izahını tələb etdikdə, mənə bildirdi ki, nömrəni bacısı Aytən verib.
Dedim ki, yaxşı, o verib sən niyə danışırsan? Dedi ki, uşaqlar eşitməsin deyə digər otağa keçək. Keçdikdən sonra məni təhqir etməyə və hədə-qorxu gəlməyə başladı. Bildirdi ki, bacısı ilə həmin danışdığı kişi gəlir, evə psixotrop maddə atıb məni tutduracaq. Daha sonra ona xəbərdarlıq etdim. Lakin o, təhqirlərinə davam etdi. Mən də əsəblə onu boğmağa başladım. Özümə gələndə gördüm ki, artıq nəfəsi kəsilib. Sonra qardaşıma zəng etdim. Hadisəni dedim. Dəstəyi asdıqdan dərhal sonra polisə zəng edib təslim oldum. Elə hadisə yerində polis əməkdaşlarının gəlməyini gözlədim".
Nurəddin Məmmədov əlavə edib ki, Ayşə ilə öz istəkləri ilə ailə qurublar: "Biz sevərək ailə qurmuşuq. Qoşulub qaçıb, daha sonra ailələrə bildirmişdik. Ailələr barışdıqdan sonra toy olub".
O, aralarında problem olmadığını da deyib: "Belə bir hal ilk 5 il ərzində olmamışdı. Bu ilin yanvar ayının axırında bildim ki, kimləsə danışır. Mən onun telefonla yazışdığını gördüm. Əlindən almağa çalışanda, qaçdı mətbəxə, telefonu da söndürdü. Daha sonra gördüm ki, "WhatsApp" tətbiqini silib.
Sonra rayona getdi və qayıdanda telefonu yox idi. Onda da əməlindən əl çəkmədi. Gördüm ki, gecələr mənim telefonumla yazışır. Səbəbini soruşurdum. Deyirdi bir səhvdir, uşaqlıqdır etmişəm. Amma görürdüm ki, yenə də eyni əməli təkrar edirdi. Mən daha sonra telefonumla Ayşənin telefonunun "Gmail" adreslərini birləşdirdim. Gördüm ki, bütün yazışmalarını ekrandan çəkir saxlayır. Hər dəfə bunlar haqda soruşanda, deyirdi ki, "Aytənin işidir".
Daha dözməyib onu vurmuşdum. Bu məsələdən anasını da xəbərdar etdim. Dedi qızımla danışmışam, hər şey qaydasındadır. Dedim gəl məsələni həll et, yol pulunu da verirəm. Gəlmədi. Atası ilə hörmət saxladığımdan ona heç nə deməmişdim. Amma qardaşına məlumat vermişdim.
Bu iş boşanmağa qədər getmişdi. Fevral ayında məhkəməyə müraciət edərək, xəyanət səbəbindən boşanmaq istədiyimi söylədim. Fevralın 26-sı artıq işimizə məhkəmədə baxılacaqdı. Lakin ondan öncəki gecə ailəsinin təkidi ilə barışdıq".
Təqsirləndirilən şəxs yoldaşının onunla bağlı şikayətinin olmadığını bildirib: "Ayşənin maddiyatla bağlı şikayəti olmayıb. Ona hər toyda bir dəst paltar alırdım. Heç özüm bir dəst kostyum da almamışdım".
Daha sonra zərərçəkmişin hüquqi varisi və atası Namaz İbrahimov ifadə verib: "Mənim övladımın 5 il müddətində yoldaşı ilə problemi olmayıb. Hər şeyi Nurəddinin qardaşı korlayıb. Hər dəfə qardaşı qızımın evinə gələndə söz-söhbət yaranırdı. Həmişə gəlib bizim evdən nə tapırdısa, yığıb-yığışdırıb aparırdı. Heç bir dəfə evimə gələndə nəsə alıb gətirməmişdi. Şikayət etmirdim. Onun danışdıqları barədə məlumatım olmayıb. Mənim qızım başıaşağı və ədəbli qız olub. Heç kim onun haqda pis söz deyə bilməzdi. Nurəddin qızıma şər atır. Ona ən ağır cəza verilməlidir".
Təqsirləndirilən şəxs hüquqi varisə sual olaraq bildirib ki, "ona xəyanət barəsində məlumat verəndə niyə tədbir görməyib?"
Bu zaman şahid bildirib ki, belə söhbət olmayıb. Nurəddin isə onunla telefon söhbətini etdikdə içkili olub. Namaz İbrahimov boşanma ilə bağlı suallara da aydınlıq gətirib: "Boşanma məsələsini soruşduqda qızım mənə demişdi ki, Nurəddin gedib xalası oğlu ilə içib evdə söz-söhbət yaradır".
Hüquqi varis əlavə edib ki, barışıq əldə olunmayıb.
Qeyd edək ki, ittiham aktında görə, Nurəddin Məmmədov bu ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşə Məmmədovanın naməlum şəxslə "WhatsApp"la görüntülü danışdığını görüb.
O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib. Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb.
O, bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub.
Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında "WhatsApp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub.
Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxıb, boğaraq öldürüb. Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.