Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
Xızı rayonunda 1963-cü il təvəllüdlü Əbülfət Əliyev şəxsi
münasibətlər zəminində yaranan mübahisə nəticəsində həyat yoldaşı,
1971-ci il təvəllüdlü Bahar Mustafayevanı qətlə yetirib. Əbülfət 2022-ci ildə müalicə aldığı
Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb. O, həmin gün
axşam saatlarında həyat yoldaşı Bahar ilə şəxsi münasibətlər zəminində
mübahisə edib.
Bu mübahisənin təsirində əsəbiləşən Əbülfət axşam yatmayıb və
arvadından qisas almaq məqsədilə evin girişində ev alətləri saxlanılan
qutudan mismarçıxaran çəkici götürərək yataq otağına gəlib. Əbülfət
Baharın yataqda üzü divar tərəfə uzanmış vəziyyətdə olduğunu görüb və
baş nahiyəsinin arxa hissəsinə çəkiclə bir neçə dəfə zərbə vuraraq onu
qətlə yetirib.
Hadisəni törədən Əbülfət barəsində Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət
bildirib ki, təxminən 20-25 il əvvəl Baharla ailə qurub və iki övladı
var. Qızı Ülviyyə bir neçə il əvvəl ailə qurub və Maştağada yaşayır.
Oğlunun adı Asimandır və 20-yə yaxın yaşı var, subaydır. Əbülfət 30 ilə
yaxındır ki, fasilələrlə Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında
əsəb xəstəliyi ilə əlaqədar müalicə aldığını, 30-40 gün xəstəxanada
müalicə alıb, iki-üç ay evdə qaldığını bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, 31 may 2022-ci ildə axşam
saatlarında qardaşı Kəmaləddinlə birgə Maştağa ruhi xəstəxanasından
çıxıb və Xızı rayonu Yeni Yaşma kəndindəki evə gəlib: "Həmin gün anam
Zəhra və yoldaşım Bahar evdə olublar. Başqa heç kim evdə olmayıb. Axşam
yeməyini yedikdən sonra hamı yatdı. 31 mayda xəstəxanadan çıxıb
gəldikdən sonra yoldaşım Baharla yola getmədim. Bahar Sumqayıtda, dəqiq
bilmədiyim bir yerdə dərzi işləyib. İşdən axşam kəndə gələndə avtobusun
qarşısında onu qarşılamaq istəmişəm. Avtobusdan düşəndə "niyə gəlmisən
məni qarşılamağa?" dedi. Mən isə cavabımda "ürəyim istəyib ki, gəlmişəm
də" deyərkən arvadım üzünü turşutmağa başladı. Sonra bir yerdə evə
gəldik. Ona mülayim davransam da, o, tərs davrandı. Mənə qarşı belə
münasibətdən gecəni yata bilmədim".
Əbülfət əlavə edib ki, səhər saatlarında hava işıqlandıqda yerindən
qalxıb: "Bahar səhər saatlarında işə getmək üçün paltarını geyinərkən
ona heç olmasa bir gün işə getməyərək evdə qalmasını dedim. O, ev
paltarını dəyişdi, yerə üzü divara tərəf uzanaraq telefonla oynadığını
gördüm. Evin dəhlizində ev alətləri, ləvazimatları olan dəmir qutudan
mismarçıxaran kərki alətini götürərək yataq otağına gəldim. Kərki ilə
arvadımı uzanmış vəziyyətdə arxasından baş nahiyəsinə bir neçə dəfə
möhkəm formada zərbələr vurdum. Onu vuranda səsi çıxmadı. Heç kim
vurduğumu eşitmədi, bilmədi. Vuranda özüm də bilmirdim. Bu hadisədən çox
peşman olmuşam. Elə həmin vaxt kərki alətini həyətdəki taxtadan kvadrat
formada tualetə atdım. Heç kim atdığımı görmədi. Hadisədən qısa müddət
sonra evdən çıxdım və bacım Züleyxagilin kənddəki evinə getmək istədim.
Bir az getdikdən sonra yolun yarısından geriyə qayıtdım. Evə girəndə
anam dəhlizdə oturmuşdu, yataq otağına girdikdə Baharın başından qan
axdığını gördüm. Anamı çağıraraq "gəl bax, Baharı kimsə vurub" dedim.
Anam "yalan demə, sən etmisən, başqa heç kim yoxdu evdə, Baharı sən
vurmusan" deyə bildi. Bundan sonra kənddə yaşlı qadın Həqiqət xalagilə
getdim. Ona törətdiyim hadisə barəsində heç nə demədim. Onlarda 10-15
dəqiqə oturaraq bir stəkan çay içdikdən sonra evə tərəf getdim. Qardaşım
Kəmaləddin gəldi və məni maşına mindirdi. Müalicə aldığım Maştağa
xəstəxanasına yatırdı. Həmin gündən indiyə qədər də orada yatmışam".
Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı Baharı vurarkən özündə
olmayıb: "Arvadımı vurmama səbəb onun mənə xoş münasibət göstərməməsi
olub. Arvadımı vurarkən zərbə endirdiyim dəmir alət bir tərəfi çəkic,
bir tərəfi mismarçıxaran olan kərki adında alət olub. Mən arvadımı
vurarkən yaşadığımız evdə anamdan başqa heç kim olmayıb. Arvadımın
başına zərbələr endirdiyimi heç kim görməyib".
İş üzrə zərərçəkmiş şəxs Baharın hüquqi varisi qismində dindirilən
qohumunun sözlərinə görə, bacısı Bahar 1996-cı ildə Əbülfət ilə ailə
qurub: "Əbülfət həmin ildən bacımı ailə qurmaq məqsədilə qaçırıb. Onlar
nikah bağlayaraq birlikdə yaşayıblar. 1998-ci ildə onların Ülviyyə adlı
qızları, 2000-ci ildə isə Asiman adlı oğul övladları dünyaya gəlib.
Bahar ailə qurmamışdan əvvəl, 1992-ci ildən Sumqayıtda çörək sexində
işləyib. Son 10 il ərzində isə Sumqayıtda məhkəmənin arxasında yerləşən
tikiş fabrikində işləyib. Baharla Əbülfət ailə qurarkən onların
münasibətləri normal olub və hər hansı problemi olmayıb. Son illərdə
onların aralarındakı münasibət barədə məlumatım olmayıb".
Hüquqi varis əlavə edib ki, axırıncı dəfə mayın 15-20 ərəfəsində
onların evlərində olub: "Bahar Sumqayıta qonaq gəlib. Bacımı və onun
oğlunu evlərinə, Yaşma qəsəbəsinə apardıqda yoldaşı Əbülfətin Maştağada
ruhi xəstəxanada olduğunu bilmişəm. Baharı demək olar ki, hər gün işdən
sonra Sumqayıtda bizə gələrək bir stəkan çay içərkən görmüşəm. Hadisədən
əvvəlki gün Bahar işdən çıxdıqdan sonra həmişəki kimi bizə gəldi. Orada
olarkən Bahara zəng gəldi. Yoldaşı Əbülfətlə danışdıqdan sonra 18:30-da
avtobusla yaşadığı Yeni Yaşma qəsəbəsinə getdi".
Hüquqi varisin ifadəsinə görə, qətl baş verən günü, səhər saat 9
radələrində onlara Baharın xəstələndiyindən Sumqayıt Travmatologiya
Xəstəxanasına gəlmələri bildirilib: "Sumqayıt Travmatologiya
Xəstəxanasına 10 dəqiqəyə çatdım. 12:30-da Baharı başı bintlə bağlanmış
və əlləri əsən vəziyyətdə təcili yardım maşınıyla həmin xəstəxanaya
gətirdiklərini gördüm. Reanimasiyaya yerləşdirilərək orada əməliyyat
olundu. Həkimin dediyinə görə, Baharın baş nahiyəsinə küt alətlə xəsarət
yetirilib. Ayın 5-nə qədər hər gün xəstəxanada olmuşam. Bahar
reanimasiyada olduğum müddətdə özünə gəlməyib. Ayın 5-də saat 13
radələrində xəstəxanadan Baharın artıq vəfat etdiyi barədə məlumat
gəldi. Həmin günü meyitini Şamaxıya apardıq, səhəri gün, ayın 6-da Həmyə
kənd qəbiristanlığında dəfn etdik".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə
tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Əbülfət Əliyev,
Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və
cəzadan azad edilib. Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü
maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxsin barəsində tibbi
xarakterli məcburi tədbirlər təyin edilib. O, məcburi qaydada
ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında
məcburi müalicə edilib.
Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi
müalicə ilə bağlı hissənin icrası Səhiyyə Nazirliyinin Respublika
Psixiatriya Xəstəxanasına həvalə edilib. Təqsirləndirilən şəxsin
barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilib. Onun
barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə
təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək
dəyişdirilmədən saxlanılıb. (demokrat.az)