Keyfiyyətli yuxunun sirri nədir? - Bunları edin
Yuxunun insanın həyat keyfiyyətinə müsbət təsir etdiyini göstərən çoxlu elmi araşdırmalar var.
Qlobal.net bildirir ki, elmi araşdırmalar göstərir ki, yuxusuzluğun beynimizə və bədənimizə çox ciddi təsiri var. Xərçəng, infarkt, piylənmə, diabet, depressiya və hətta intihar yuxusuzluqla bağlı ola bilər.
Keyfiyyətli yuxu üçün nə etmək olar?
1. Hər gün eyni vaxtda yatın və oyanın.
Yaxşı bir yuxu rejimi qurmaq üçün ilk addım çox sadədir: hər gün eyni vaxtda yatın və eyni vaxtda oyanın. Bunlardan ən əsası oyanma vaxtınızı vərdişə çevirməkdir. Çünki hər gün eyni saatda oyanmaq günün sonunda eyni vaxtda yuxuya getməyinizə kömək edir.
2. Otağınızı qaranlıq edin.
Bədənin bioritminin tənzimlənməsində böyük əhəmiyyətə malik olan melatonin hormonunun ifrazı üçün qaranlıq bir mühit təmin edilməlidir. Yatmazdan bir saat əvvəl olduğunuz otağı qaranlıqlaşdırın. Melatonin ifrazına mənfi təsir göstərən digər bir faktor da elektron cihazların ekranından gələn mavi işıqdır. Yatmadan ən azı bir saat əvvəl elektron cihazlardan istifadəni dayandırın.
3. Otağı sərin saxlayın.
Yaxşı yatmağın yolu yatdığınız yerdə sərin bir mühitə sahib olmaqdır. Çünki rahat yuxu üçün beynimizin və bədənimizin hərarəti normadan 1 dərəcə aşağı olmalıdır. Buna görə də yatdığınız otağın ideal temperaturu 18 dərəcə ətrafında olmalıdır.
4. Yatağınızı yalnız yatmaq üçün istifadə edin.
Yuxuya getmək üçün 20 dəqiqədən çox vaxt lazımdırsa, yataqdan qalxın və yuxunuz gələnə qədər başqa otaqda bir şey edin. Məsələn, kitab oxuyun, televizora baxın. Ancaq yatağınızda bunları etməyin. Yatağınızda yatmaqdan başqa heç bir fəaliyyətlə məşğul olmamaq beyninizin bu yeri yuxu ilə əlaqələndirməsinə kömək edir, bu da yuxu keyfiyyətinizi artırır.
5. Qəhvə kimi stimullaşdırıcıları azaldın.
Bir çox insan gün ərzində çoxlu miqdarda kola, kofein və tein kimi sinir sistemini stimullaşdıran maddələr qəbul edir. Qəhvənin tərkibindəki kofein bədəninizdə 12 saata qədər qalır. Beləliklə, yatmazdan bir neçə saat əvvəl qəhvə içmədiyinizi düşünsəniz də, əvvəllər istehlak etdiyiniz kofein orqanizminizdə aktiv olaraq qalır. Yuxudan 12 saat əvvəl bu maddələrin qəbulunu dayandırmaq tövsiyə olunur.
6. Spirtli içkilərdən istifadə edərkən diqqətli olun.
Məşhur inancın əksinə olaraq, spirtli içkilər sağlam yatmağa kömək etmir. Əksinə, yatmazdan əvvəl yüksək miqdarda spirtli içki qəbul etmək yuxu keyfiyyətinizə ciddi şəkildə mənfi təsir göstərə bilər.
Səbinə
Qlobal.net