Müğənni Kərim Abbasovun idarə etdiyi toyda səs-küylü hadisə yaşanıb.
Qlobal.net Bizim.Media-a istinadən xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “7 özəl” verilişində danışıb.
Abbasov bildirib ki, toyda ansamblının musiqiçiləri ac qaldığından onlara dönər sifariş etməsi ev yiyəsi ilə restoranın administatoru arasında davaya səbəb olub: “Apardığım toyların birində başıma belə bir hadisə gəlib. Ev yiyəsi hər bir şeyin pulunu ödəyib. Amma ansamblımda olan musiqiçilərim hamısı ac qalıb. Onlar da mənə heç nə deməyiblər. Oturub çay içiblər. Toya yarım saat qalmış gəlib çıxıram. Heç kim heç nə danışmır. Düşündüm ki, musiqiçilərim yeyib-içiblər, hər şey qaydasındadır.
Özüm də toyda yeyib-içən insan deyiləm. Evdə yeyib, gəlirəm məclisə. Musiqiçilərdən biri söylədi ki, biz acıq, heç nə yeməmişik. Bunu biləndən sonra, prinsipə düşüb, onlara çatdırılma yolu ilə zəng vurub, dönər sifariş verdim. Hamısına dönər payladım. Ev yiyəsi bunu kənardan görüb bizə yaxınlaşdı. Bundan sonra məclisdə qiyamət qopdu. Toy çox dəbdəbəli bir restoranda idi. Bu, restorana təhqir idi.
Restoranı pərt etdim ki, musiqiçilər toyda dönər yeyirlər. Restoran o
təhqiri qəbul etdi. Bu hadisədən sonra musiqiçilərim üçün böyük süfrə
açıldı. Ev yiyəsi sual verir ki, mənə bunu öncədən niyə demədin? Cavab
verdim ki, başın qonaqlarına qarışıb və bu dəqiqə sən o halda deyilsən,
səni necə narahat edim.
Durub burada qarnımın davasını edən deyiləm. Ayıb deyilən bir məsələ
var. Kabab yedik və ya dönər... Nə fərqi var ki? Amma bu, bir çox
administatorların qurduğu tələdir. Ev yiyəsi 100 manatdan pul veribsə,
administrator 20 manatdan adam başına yazacaq, qalan 80 manatı isə
cibinə qoyacaq. 20 manatlıq da süfrə açacaq. Belə məsələlər el
şənliklərində çox olur”.