Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.
Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının
qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1
kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may
ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir.
Milli.Az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert
Xalid Kərimli Bakupost.az -a deyib ki, Avropada heyvandarlıqda
məhsuldarlığın azalması səbəbbindən süd məhsulları bahalaşıb. Hazırda
bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur: "Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox
istehsalçılar xammalı xaricdən gətirir. Digər tərəfdən, onlar idxal
məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ
məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni
Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli
heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri,
otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd
məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm
idxal, həm də yerli kərə yağının qiyməti artır".