“Dəfələrlə Azərbaycandan çıxıb getmək istəmişəm. Bu barədə əvvəllər çox yazırdım. Amma sonra anladım ki, getmək istəyən adam yazmır. Sənəd-zad işlərini həll edib gedir”.
Qlobal.net xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə yazıb.
O, bildirib ki, bu haqda daha çox getmək istəməyənlər yazır.
Yazıçı qeyd edib ki, əslində ölkədən getmək onun üçün çətin bir məsələ deyil: “Yəni hansısa bir ölkədə yerləşmək mənim üçün çox rahatdır. Daha Avropadan status paylaşmağa getmək yox e... Mən elə istəmirəm. Belə getmək olmur.
Əsl getmək ilim-ilim itməkdir. Hər şeyi və hamını unutmaq və unudulmaq. Bir də illər keçəndən sonra saçların ağappaq qayıdırsan. Qarşına tanış bir adam çıxır. Özünü təqdim edirsən. Ooooo deyib boynunu qucaqlayır. Oturub ondan ölən adamlar haqqında soruşursan. Necə öldü? Filankəs hardadı, yaşayır?
Belə-belə xəyallar qurmuşam. Amma gedə bilməmişəm. Düşünmüşəm ki, gedib darıxacağam. Darıxmaqdan, dözə bilməməkdən qorxmuşam. Bu ölkədən məni küsdürən, incidən çox şeylər var, amma nə qədər eləyirəm, iyrənə bilmirəm. Görünür, başıma hələ elə bir hadisə gəlməyib ki, mən öz vətənimdən iyrənim. Həmişə içimdə bir ümid olub ki, yaxşı olacaq. Bəlkə də adamı təkcə getməyə yox, yaşamağa qoymayan da elə o ümiddir. Yenə də ümid edirəm ki, hər şey yaxşı olacaq. Amma əzab çəkirəm”.