65fbcd0ec6b28202403240046
Kənddə biabırçılıq: Əri evdə olmayan qadının evinə girdi, sonra isə…

Saatlı rayonunda 1980-ci il təvəllüdlü Fərid qonşusu Nəcibəyə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fərid 2 iyun 2022-ci ildə saat 10 radələrində Saatlı rayonunun kəndində qonşuluqda yaşayan Nəcibənin evində hər hansı şəxsin olmaması ilə yaranmış münasib və real şəraitdən istifadə edib, cinsi ehtirasını təmin etmək üçün həmin evə girib.

Fərid Nəcibəyə baldızının əri Elvinlə intim münasibətindən xəbərdar olması ilə hədələyib, evin dəhlizində ona qarşı zorakılıq edib.

Bundan başqa, Fərid istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 5 ədəd narkotik tərkibli çətənə (kannabis) toxumlarını yaşadığı kənddə kiçik göllə oradan keçən su kanalının aralığında torpağa əkib.

2022-ci ilin avqustun sonuna qədər orada böyüyən 5 ədəd çətənə (kannabis) şitilini suvarıb və onlara qulluq göstərib. Sentyabrın 12-də saat 13 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları qeyd edilən ünvana baxış keçirərkən 5 ədəd çətənə bitkisi aşkar edilib.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) maddəsi ilə ittiham elan edilib.

“Elvini yumruq-təpiklə vurdum”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, taksi sürcüsü işləyir: “Nəcibə ilə qohumuq. Münasibətlərimiz normal olub, ədavət və düşmənçiliyimiz olmayıb. İyunun 2-də səhər saat 9 radələrində evdən çıxanda Elvinin maşınını Nəcibənin evinin qarşısında gördüm. Bir saat sonra qayıdanda hələ də Elvinin maşınını orada dayanan görüb gözlədim.

Elvin mətbəxdə əlini yuydu, evdən küçəyə çıxanda şalvarının “zamok”u açıq vəziyyətdə idi. Elvinə “Vasif və uşaqlar evdə yoxdur, sən nə gəzirsən burda” dedim. Elvin isə əvvəlcə “onlar o üzdə, mən bu üzdə oturmuşam”, sonra isə setka saymağa gəldiyini dedi.

Mən də “setkanı damda sayarlar, yoxsa evdə” deyə sual etdim. “Mən damda idim, evdə deyildim” cavabını verdi. Ona bildirdim ki, setka yığırdınsa, evdə nə gəzirdin, sən əlini yuyurdun, gidrafonun səsi gəlirdi, əlin-üzün sudur. Bu zaman əsəbiləşərək Elvinin üzünə yumruqla, qasıq nahiyəsinə təpiklə vurdum. Elvin də məni vurmaq istədi. Lakin gücü çatmadı”.

“Bildirdi ki, Allah Elvinin balasının başına gətirsin”

Təqsirləndirilən şəxsin sözlərinə görə, içəri girmədən küçə qapısından Nəcibəni çağırıb: “Nəcibə çölə çıxanda ondan evdə kimin olduğunu soruşdum. Evdə tək olduğunu və yuxudan indi qalxdığını bildirdi. Mən də “ayıb deyil, Elvin məni aldadır?” dedim.

Nəcibə isə bildirdi ki, Allah Elvinin balasının başına gətirsin, mən yatmışdım, gəldi girdi içəri, mən biabır oldum.

Elvin getdi, Nəcibə həyətdə pilləkəndə oturdu. Mən isə ayaq üstə qaldım. Ona Elvinə zəng edib geri çağırmağı, öz aralarında məsələni həll etməyi, qayınatası Fazil eşitsə, ürəyi pis olacağını, mən özüm məsələni heç kimə deməyəcəyimi söylədim.

Nəcibə Elvinə zəng etsə də, telefona cavab vermədi. Nəcibə ağlamağa davam etdi. Ondan Elvinin nömrəsini aldım. Zəng edib bildirdim ki, qayıt gəl, burda olanları Fazilə, Vasifə deməmisən? Elvin də olanlar barədə kimsəyə nəsə demədiyini bildirdi”.

“Bu həyətə gəlməməyi tapşırdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 15 dəqiqə sonra Eıvin onların yanına gəlib: “Gördü ki, Nəcibə evin həyətində pilləkəndə oturaraq ağlayır, mən isə yanındayam. O da dayanıb susdu. Mən Elvinə bir də bu həyətə gəlməməyi tapşırdım. O, bir söz demədən getdi.

Vasifglin həyətindən küçəyə çıxdım və təkrar Elvinə xəbərdarlıq etdim. Nəcibə də evlərindən küçəyə çıxdı. Elvin öz avtomobilinə minib getdi”.

“Evinə qoymamasını dedim”

Fərid qeyd edib ki, bundan sonra evinə gedəcəyini bildirib: “Nəcibə mənə getməməyi dedi. Görənlər başqa şey düşünməsin deyə mən evimə qayıtdım. Bir az sonra Nəcibə evimizə tərəf gəldi, arvadımın evdə olub-olmaması ilə maraqlandı. Təxminən 5 dəqiqə sonra yenidən evimə gələrək telefonunu görüb-görmədiyimi soruşdu. Mən də görmədiyimi söylədim.

Evimdə üzümü təraş etdikdən sonara maşınla Sabirabad rayonu istiqamətində getdim. Həmin gün axşama yaxın qaz borusunun üstündə oğlumla birlikdə oturan zaman Elvinin piyada gəldiyini gördüm. Orada olan Vasifə Elvini bir də qapıya qoymamasını dedim. Sonra evimə getdim”.

“Qaynatasına “cavan gəlinəm, nə edim” ifadəsini işlətdi”

Fərid bildirib ki, səhəri gün Nəcibənin qayınanası Nazilə onlara gəlib və ona Elvinə şər atdığını deyib: “Mən də Elvini və Nəcibəni çağıracağı halda ikisinə də sübut edəcəyimi dedim. Bu zaman Nazilə “başına dönərəm, elə demə, şirələ” dedi. Səhəri gün arvadım və oğlumla birlikdə Vasifin evinə getdim.

Vasifin atası Fazil məndən hadisənin necə baş verdiyini soruşdu. Mən gördüklərimi danışdım. Fazil isə mənim namuslu oğlan olduğumu, həmin hadisə baş versəydi, özünün də elə edəcəyini dedi.

Sonra isə Elvinə “mən səni buna görə göndərmişdim ora, gündə işdən yoxa çıxıb buna görə gəlirdin?” dedi. Daha sonra Fazil oğlu Vasifə “Vasif, onun-bunun namusuna toxunanın, namusuna toxunarlar” dedi. Bu zaman Nəcibə qaynatası Fazilə “ata, mən bunu neçə vaxtdır demirdim, iki-üç aydır içir, gecə saat ikidə-üçdə gəlir, mən də cavan gəlinəm, nə edim” ifadəsini işlətdi.

Bundan sonra mən oradan öz evimə getdim”.

“İntim hərəkətlər etməmişəm”

Fərid deyib ki, zərərçəkmiş Nəcibənin sinəsindən itələməyib, onu yataq otağına aparıb, intim hərəkətlər etməyib. Təqsirləndirilən şəxs qeyd edib ki, Nəcibə əri Vasif tərəfindən döyülməsi nəticəsində xəsarət alıb.

Onun sözlərinə görə, Nəcibənin ailəsi Elvini qorumaq üçün onu şərləyib, barəsində şikayət ediblər.

Fərid narkotik ittihamı üzrə ifadəsində özünü təqsirli bilib. O bildirib ki, narkotik vasitə olan, el arasında “nəşə” adlanan qurudulmuş marixuanadan tapanda istifadə edir:

“Narkotik vasitə olan qurudulmuş marixuanadan 5 ədəd toxum əldə etmişəm. Həmin toxumları gələcəkdə əkmək üçün götürərək yaşadığım evdə gizlətmişəm. Təxminən 2022-ci ilin fevralında əldə etdiyim 5 ədəd çətənə bitkisinin toxumlarını əkmək qərarına gəldim. Kəndin giriş avtomobil yolunun sağ tərəfindəki çala adlanan kiçik göllə oradan keçən su kanalının aralığında kolların arasında torpağa əkdim.

Həmin bitkilər çöl sahəsində olduğundan gec-gec ora gedərək çətənə bitkilərini suvarıb, diblərini yumşaldaraq qulluq etmişəm. Çətənə bitkiləri yetişdikdən sonra təxminən 2022-ci ilin avqust ayının axırlarında lazımi hissələrini toplayıb, orada yerə sərərək qurutmuşam. Həmin bitkinin gövdəsi kötükləri ilə birlikdə çıxararaq həmin yerə atmışam”.

“Aramızda cinsi əlaqə olmadı”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, evdar qadındır, iki uşağı var: “Evdə ərim və iki övladımla birlikdə yaşayıram. Təqsirləndirilən Fəridlə qonşuyuq, əvvəllər ədavət və düşmənçiliyimiz olmayıb.

İyulun 2-də ərim işə, uşaqlarım isə məktəbə getdi. Mən də yatdım. Sonra kiminsə məni “Nəcibə” deyə çağırdığını eşitdim. Evin qapısına yaxınlaşaraq açdım və Fəridin həyətdə olduğunu gördüm. Fərid mənə əxlaqsız sözlər deyərək başqa kişilərlə olduğumu, onunla da olmağımı dedi.

Mən də Fəridə ağlının başında olmadığını, həyəti tərk etməsini tələb etdim. Bu zaman Fərid “indi sən görərsən” dedi, qapını açdı.

Fərid balkona qədər gəldi, sinəmə əl ataraq itələdi. Mən arxası üstə yerə yıxıldım. Qolumdan tutaraq məni yataq otağına qədər apardı. Sürüyəndə ayağım qapının kənarına dəydi. Mən şoka düşdüm. Narkoman olduğuna görə müqavimət göstərəcəyim təqdirdə, mənə nəsə eliyəcəyini fikirləşdim. Sonra Fərid məni çarpayıya atdı. Sifətimi, saçımı sığalladı, dodağmndan öpdü, sakit olmağımı dedi.

Mən bir qədər sakit və qorxaq halda dayandım. Fəridin əlindən necə çıxacağımı düşündüm. Sonra özümdə güc toplayaraq dərhal qışqırdım və Fəridin əlindən çıxaraq balkona qaçdım. Fərid gələrək mənə “sakit ol, heç kimə heç nə demə, nəsə desən ailələrimiz dağılacaq” dedi. Əks təqdirdə Elvinin evdən çıxdığını deməsi ilə mənə hədələdi. Sonra darvazadan qaçaraq getdi. Aramızda cinsi əlaqə olmadı”.

“Kənddə adımın çıxacağını bildirdi”

Nəcibə qeyd edib ki, ona çox yaxın bir adam kimi Fəridin arvadı Nərminəyə zəng edib və Fəridin başına belə oyun açdığını deyib: “Nərminə də sakit dayanmağımı, heç kimə heç nə deməməyimi xahiş etdi. Bizə gəldikdən sonra ona hadisəni danışdım. Nərminə söhbəti böyütməmək lazım olduğunu bildidi. Qayınanama zəng edərək məlumat verəcəyimi dedim. Nərminə belə olacağı təqdirdə söhbətin böyüyəcəyini, kənddə adımın çıxacağını bildirdi, mənə bu hadisəni deməyə qoymadı. Daha sonra Nərminə evinə getdi. Gedərkən onunla tez-tez əlaqə saxlamağımı tapşırdı”.

“Üzrxahlıq etdilər”

Nəcibənin sözlərinə görə, axşam əri Vasif evə gəldikdə ona hadisəni tam deməyib: “Fəridin evə gələrək məni kişilərlə birlikdə olduğumu deməsini söyləmədim. Bu zaman Vasif çölə çıxdı və “Fərid” deyə qışqırdı. Fərid də Vasifin səsini eşidərək maşına mindi və getdi.

Sonra Nərminə bizə gəldi. Bildirdi ki, Fərid içib, çəkib, başı özündə olmayıb, bağışlayın, üzr istəyirik.

Səhəri gün Vasifin valideynləri evimizə gəldilər. Vasifin valideynləri gəldikdən sonra Fəridin arvadı və ailə üzvləri gəldilər, üzrxahlıq etdilər.

Sonradan Fərid kənddə barəmdə böhtan xarakterli söz-söhbətlər yaydığından prokurorluğa şikayət etmək qərarına gəldim”.

“Şoka düşdüm”

Zərərçəkmiş qeyd edib ki, ilk dəfə Fəridin ona qarşı seksual hərəkətlərə yol verməsini təfərrüatlı şəkildə qayınanasına və öz anasına danışıb: “Əvvəllər Fəriddə mənə qarşı qeyri-adi bir şey hiss etməmişəm. Hadisədən təxminən 1 ay əvvəldən başlayaraq Fərid maşını bizim tərəfdə saxlamağa, yüksək səslə mahnı oxutmağa başladı. Mən də bu barədə Nərminəyə dedim.

Həmçinin Fəridi bir neçə dəfə qaz borusunun üstünə çıxanda görmüşəm. Fərid əvvələr iki dəfə də mənə evdə yaxınlaşıb. Bir dəfə paltar sərmək üçün qapını açanda balkonda gördüm və şoka düşdüm. Həmin zaman ona xoş gəlmisən dedim. Fərid məndən “vayfay”ın şifrəsini soruşdu. Mən də şifrəni dedim. Bir dəfə də sarımsaq istəməyə gəlmişdi”.

Nəcibə deyib ki, Elvin baldızının əridir və onlara mütəmadi gəlib-gedən adamdır: “Hadisə baş verən günü axşama kimi Elvini görməmişəm. Sonradan Elvinin setka götürmək üçün evimizə gəldiyini, Fəridlə aralarında mübahisə olduğunu eşitmişəm. Elvinlə intim münasibətimin olması barədə deyilənlər yalandır”.

Bu cinayət işinə Saatlı rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Fərid 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

21.03.2024 09:59
show 1955