Dünən saat 15:20 radələrində Lerikin Günəşli kəndi
yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 8 qadının
cənazəsi ailələrinə təhvil verilib.
Qlobal.net xəbər verir ki, xəstəxanalarda aparılan tanınma prosesinin
və ekspertizadan sonra gecə saatlarında onların nəşi yaxınlarına təhvil
verilib. Vəfat edən qadınlardan biri Saray Axundova artıq Lənkəranın
Boladi kəndində dəfn edilib. Bu gün kənd qəbiristanlığında Boladi kənd
sakini olan daha 6 qadın dəfn ediləcək.
Boladi kənd Bələdiyyəsinin sədri Salman Dadaşov "Qafqazinfo"ya
bildirib ki, artıq dəfn prosesi ilə bağlı bütün hazırlıq işləri
görülüb.
Qəzada vəfat edən sərnişinlərdən Xəlilova Dilarə İslam qızı sürücü
Səyyad Səyyadovun baldızı olub. Sürücünün həyat yoldaşı Zəhra
Səyyadovanın vəziyyəti isə ağır qiymətləndirilir. Bundan başqa qəzada
vəfat edən Təcrübə Ağayeva və Səmayə Rzayeva bacı olub.
Onu da əlavə edək ki, ilkin məlumata görə, qəzaya uğrayan
mikroavtobus təhlükəsizlik standartlarına cavab verməyib. Çünki adətən
əvvəllər xarici ölkələrdə yük maşını kimi istifadə edilmiş bu tipli
nəqliyyat vasitələri daha sonra mikroavtobus modelinə uyğunlaşdırılır.
Qeyd edək ki, Lerikin Zuvand kəndi yaxınlığındakı “Baba ocağı”
ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroravtobusun
sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması
nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova
Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə
Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala
qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə
Xəlilova vəfat edib. Sürücü və avtobusun sərnişini olan daha 7 qadın
xəstəxanalara yerləşdirilib. Onlardan sürücünün vəziyyətinin nisbətən
yaxşı olduğu bildirilir. Digər yaralılar reanimasiya şöbəsində müalicə
olunur.