Maraqlı

Kədərli mahnının faciəvi tarixçəsi – Xərçəng xəstəsi olan uşağa yazılıbmış

Türkiyənin ən duyğulu və kədərli mahnılarından biri olan “Elfida”, təkcə musiqisi ilə deyil, arxasındakı həqiqi və qəmli hekayə ilə də milyonların qəlbinə toxunub. Mahnı xərçəng xəstəsi olan uşağa yazılıbmış.

Qlobal.net bildirir ki, mahnını Haluk Levent səsləndirib, lakin onun yaranma hekayəsi düşündüyümüzdən daha dərindir — “Elfida” gerçək bir qızın, qısa, amma təsirli bir həyatının xatirəsidir.

Haluk Levent təqaüdçü bir dostunun dörd yaşlı qızı ilə tanış olur. Adı Beyzanur olan balaca qız amansız bir xəstəliklə çarpışır. Müğənni qızı ölümün pəncəsindən xilas etmək üçün dəridən-qabıqdan çıxır, həkimlərlə hər gün uzun-uzadı söhbətlər edir. Günlərlə xəstəxanaya gedib balaca qızın “yağmurlu” gözlərinə baxır…

Haluk bəy, bu qızdan ümidinizi üzün…

Bu da maraqlıdır: “Qal, sənə qurban” mahnısının ağrı-acılı taleyi…
Bu da maraqlıdır: 5 uşağını itirən, 29 yaşında vəfat edən azərbaycanlı müğənninin faciəli həyatı

Haluk Leventlə bir yerdə xəstəxanaya gəlmiş musiqiçi dostu Emrah Aydoğdu:

– Ümidi üzülən qadına Osmanlıda Elfida deyirlər… – deyir kədərlə…

Qucaqlaşıb ağlayıblar. Beyzanur da “yağmurlu” gözlərlə qarşılayıb onları…

Həmin gün Haluk Levent əlini-qolunu çırmalayıb mahnı sözlərini yazıb. Emrah Aydoğdu da müğənniyə öz dəstəyini əsirgəməyib. Mahnının bəstəsi də Ömər Faruk Güneyə aid idi…

Haluk Levent mahnını hər gün Beyzanura oxuyurmuş, balaca qız “yağmurlu” gözlərlə ona tamaşa edirmiş. Mahnıya qulaq asırdı, ancaq ondan bəhs edildiyini bilmirdi. Elfida adında bir qızın hekayəsi olduğunu düşünürdü… Onda balaca bir qız uşağıydı, 8 yaşı təzə tamam olmuşdu.

Həmin illər Haluk Leventin şirkətləri çökmüş, iflasa uğramışdı. “Omuzumda iz bırakma, yüküm dünyaya yakın” misrası bu dərdi ifadə etmək üçündü… Sanki Haluk Levent bu sözlərlə Beyzanura səslənirdi: “Onsuz da hər şeyi batırmışam, sıxıntılı günlərimdir, bir də sən getmə…”

Ana-atası gecə-gündüz qızlarının başında dururdular. Beyzanurun xəstəliyinə görə onu qucaqlaya bilmirdilər. O misralar həmin günləri yad etmək üçün yazılmışdı: “Yüz yıllardır sarılmamış kolların…”

Haluk Levent onların bircə dəfə də qucaqlaşdıqlarını görməyib…

Beyzanurun həmişə yaşarmış və həyata tutunan gözləri Haluk Leventə bu misraları yazdırmışdı: “Sisliydi kirpiklerin ve gözlerin yağmurlu…”

Haluk Levent deyir ki, bir gün xəstəxana işçilərinə konsert verir. Beyzanura yaxşı baxmaları üçün onların təkliflərinə razı olmuşdu…

Həmin gün gecə vaxtı Beyzanurun “yağmurlu” gözləri əbədiyyən qapanır…

İllər keçəndən sonra Haluk Levent Beyzanurun ata və anasına az qala yalvarır: “Nə olar, bir uşaq gətirin dünyaya…”

Aradan bir il keçir. Haluk Leventə zəng gəlir:

– Bir qızımız oldu… – Beyzanurun atasının səsidir.

Haluk Levent:

– Adını Elfida qoyun…

İndi həmin Elfida səkkiz-doqquz yaşlarındadır və ölmüş bacısının adını daşıyır…




Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button