Xəbər verdiyimiz kimi, Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb. Ölkə səlahiyyətliləri bu epidemiyanı nəzarətdə saxlamaq üçün tədbirlər görürlər, lakin bu, təkcə Çində deyil, digər ölkələrdə də izlənilən qlobal sağlamlıq məsələsidir. Hətta virusun Asiyaya da çatdığı, Qazaxıstanda həmin virusa yoluxanlar olduğu bildirilir.
Bəs belə vəziyyətdə ölkəmizi hansı risklər gözləyir? Yenidən qapanmalar və maska istifadəsi gündəmə gələ bilərmi?
Yenisabah.az-a açıqlamasında suallara aydınlıq gətirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev insanlara vacib tövsiyələr verib:
“Bildiyimiz kimi, Çində yeni virus yayılıb. Bu metapnevmovirusu (HMPV) adlanır. Artıq Qazaxıstanda, hətta bu gün Qırğızıstanda da virusa yoluxma halı qeydə alınıb. Paramyxoviridae ailəsinə aid olan bir virusdur. RSV virusu ilə eyni qrupdandır. İlk dəfə 2001-ci ildə Hollandiyada aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, həmçinin, pnevmaniyaya səbəb ola bilir. Əsas önəmli məqam həmin virusun hava damcı yolu ilə insandan-insana ötürülməsidir. İnkubasiya dövrü 5-9 gün arası dəyişir. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar, orqan alıcıları, xroniki xəstəliyi olan şəxslər xəstəliyi daha ağır formada keçirə bilirlər. Həmin şəxslərdə ölüm riski digərlərinə nisbətən daha yüksəkdir. Əsas əlamətlər öskürək, burun axıntısı, nəfəs darlığı, xışıltı, yüksək temperaturdur. Virus özünü belə büruzə verir. Təbii ki, sadəcə sadalanan əlamətlərə əsasən bu virusa yoluxmağı konkret olaraq demək çətindir. Çünki oxşar simptomlar digər viruslarda da ortaya çıxır. Müəyyənləşdirmək üçün burundan yaxma götürülməlidir. Koronavirus dönəmində də belə testlər edilirdi. Yetişkin və immuniteti güclü olan insanlarda, həmçinin, uşaq vaxtında həmin xəstəliyi keçirən şəxslərin virusa yoluxmasında heç bir risk yoxdur. Çünki onlar bu dönəmi daha normal keçirirlər”.
Həkim virusun hansı qaydada müalicə olunduğunu da açıqlayıb:
“Müalicə üsulu simptomatikdir. Dəqiq bir antiviral yoxdur. Virusa görə vaksin hazırda araşdırılma mərhələsindədir. Yəni təsdiqlənmiş peyvənd yoxdur. Ona görə də ən doğru yol simptomatik müalicədir və birinci növbədə xəstəliyə yoluxmamaqdır. Buna görə də xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq lazımdır. Bunlara riayət etmək sizi sadəcə bu virusdan deyil, digərlərindən də qoruyacaq. Covid-19 dönəmindəki bir sıra tədbirlər yenidən gündəmə gələ bilər. Ara məsafəsi saxlamaq, gigiyena qaydalarına əməl etmək və maskadan yenidən istifadə edə bilərik. Çünki virusdan qorunmanın ən etibarlı yolu hal-hazırda bunlardır. Xəstə insanlara isə tövsiyəm bundan ibarətdir ki, həmin dövrdə ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addım hesab edilir. Çünki həmin şəxslər çox sürətli formada başqalarına virusu ötürə bilərlər. Uşaqlar və immunsupresif şəxslər sağaldıqdan sonra da virus daşıyıcısı ola bilərlər. Belə şəxslər həftələrlə nəzarət altında saxlanılmalıdır”.
V.Əliyev insanlara bir məqam barədə xəbərdarlıq edib:
“Virusa yoluxmanın ilkin mərhələsində antibiotik, gərəksiz sistem müdaxiləsi, xüsusilə steroidin istifadə edilməsi xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicədənsə, simptomatik qaydada müalicə daha uyğundur. Bol maye qəbul edərək istirahət rejiminə keçid məqsədəuyğun sayılır”.