Nədir
vətən? - Uğrunda qan tökülən torpaqdır. Həmin torpağın qara bağrında,
sıra dağlar kimi duranların və bir tarix boyunca onun uğrunda özünü
tarixə verənlərindir.
Bəli, vətənimiz Azərbaycan öz mərd, cəsur övladları sayəsində hər daim yenilməz və basılmaz olub.
Zamanın ağır sınaqlarından keçən odlar yurdu nankor düşmənlərin amansız və hiyləgər hücumlarına dəfələrlə məruz qalıb.
Uzun
illər Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına əzablar yaşatmış,
neçə-neçə soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, 30 il Qarabağ və onun
ətrafındakı rayonları işğal altında saxlamışdır. Vətənindən zorla
çıxarılan vətəndaşlarımız da həsrətlə yenidən doğma yurdlarına
qovuşacağı günü həmişə gözləyiblər.
Müdriklər belə bir deyim söyləyiblər: “Vətənində ölməyən insan iki dəfə ölər”.
Elə
bu ifadəyə uyğun olaraq qeyd etmək yerinə düşər ki, düşmənin bir
vaxtlar amansızlıqla bizdən qopardığı ərazilərimizdən didərgin olan
insanlarımız ayrılıq yanğısı ilə yaşayan ölü kimi idilər. Amma inamları
heç azalmırdı, heç zərrə qədər də..
Bəli,
o məqam gəlib çatdı.. 2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində,
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Ali Baş Komandan, prezident
İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində,
mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa
şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini,
Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər
rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə
kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini,
həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji
yüksəklikləri işğaldan azad etdi.
Bu
şanlı tarixin yazılması uğrunda neçə-neçə vətən oğulları şəhidlik
məqamına ucalıb. İgid hərbiçilərimiz sözün əsl mənasında mərdlik
dastanı yazıblar. Elə bu dastanı yazanlardan biri ilə söhbətləşdik.
Həmin qəhrəman Astara rayonun Sım kənd sakini, Pəlikəş kənd tam orta
məktəbin coğrafiya müəllimi Kapitan Mayis Məmmədovdur. O, ilk olaraq
özü, işi və hərbi fəaliyyəti haqqında danışdı:
“Mən
özüm Bakı Dövlət Universitetini coğrafiya ixtisası üzrə qurtarmışam.
Universitetdə oxuduğum dövrdə hərbi kurs keçdiyimə görə leytenant
rütbəsi ilə təltif olunmuşam. Daha sonra mən Astara Pəlikəş kənd tam
orta məktəbində müəllim kimi çalışdım. Sonra isə 2004-2005-ci illərdə-
iki ilə yaxın müddətdə Azərbaycanın Ordu sıralarında zabit kimi xidmətə
çağırıldım. İki, üç ay taqım komandiri, sonra bölük komandiri kimi ordu
sıralarında xidmət etmişəm. O vaxt bizim hərbi hissə xüsusi
təyinatlıların tərkibində idi. Gəncədə, təqribən 9 ay müddətində isə
Daşkəsəndəki o vaxt təzə yaranmış hərbi hissədə, kiçik Qafqaz dağlarında
- cəbhə xəttində xidmət keçmişəm”.
Mayis
Məmmədov Tovuz döyüşləri, düşmənin məkrli siyasəti və müharibə xəbərini
necə alması barədə ətraflı şəkildə təəssüratlarını bölüşdü. O, bildirdi
ki, Tovuz döyüşləri xalqımızın tarıma çəkilmiş əsəblərini bir daha üzə
çıxardı:
“Biz
bilirdik ki, onsuz da işğal olunmuş torpaqlarımızı düşmən sülh yolu ilə
qaytarmayacaq. Çünki onların diplomatiyada məkrli siyasətini, hiyləgər
oyunlarını görürdük. Əvvəl axır bu müharibə olmalı idi. Biz buna
psixoloji cəhətdən hazır idik. Mənim zabit dostlarım da var ki, tez-tez
əlaqə saxlayırdım. 2020-ci ildə artıq müharibəyə 5 ay qalmış müzakirələr
gedirdi. Mən çox dərinə getmək istəmirəm. Tovuz döyüşləri xalqımızın
tarıma çəkilmiş əsəblərini bir daha üzə çıxardı. Elə bil ki, xalqın
əsəbləri ipə çəkilmiş bomba kimi idi. Həmin Tovuz döyüşləri vaxtı biz
getdik hərbi komissarlığa ki, döyüşdə iştirak edək. Söylədilər ki, siz
zabitlərə nə vaxt göstəriş olsa, gedəcəksiniz. Bəli, sentyabr ayında
təlimə dair çağırdılar. Mənə dedilər ki, sən hazır kadrsan sənin təlimə
ehtiyacın yoxdur. Get hazırlaş, müharibə olacaq. Sentyabrın 28-i mənə
həm zəng vurdular, həm də ki, çağırış vərəqi gəldi. Mən 29-u səhər
tezdən, saat 5-6-ın yarısı yola çıxdım”.
Bir
Azərbaycan hərbiçisi vətənə xidmətə yollananda elə öncədən öz canını
artıq fəda etmiş kimi hiss edir. Qəhrəmanımız Mayis Məmmədov da belə
igidlərdəndir. Onun sözlərinə görə, bu çətin və şərəfli işdə sağ qalmağı
da Allahın qismətidir:
“Artıq
müharibə başladı, cəbhə dostlarım və mən döyüşə hazırlaşdıq. Bizim
məqsədimiz ancaq qələbə qazanmaq idi. Şəhid olsaydıq da Allahın
qismətidir, öncədən bilmək olmur. Deməli biz gedəndə 5 zabit, 10 nəfərə
yaxın əsgər idik. Həmin zabitlər- polkovnik leytenant Nail Orocuv, Baş
Leytenant Nurlan Fərməzov, Kapitan Rəşad Kərimov və tibb xidməti
kapitanı, həkim Vüqar Ağayev- birlikdə Ağcabədidəki N saylı hərbi
hissəyə getdik. Orada təzə Səfərbərlik taboru yaranmışdı. Nail Orucuv
həmin tabora komandir təyin olundu. Mənimlə gedən Nurlan Fərməzov həmin
tabora həkim təyin olundu. Mən də həmin taborun birinci bölük komandiri
təyin olundum. Silahlandıq, əsgərləri qəbul etdik. Oktyabrın
əvvəllərində biz Füzuli istiqamətində döyüşlərə qoşulduq, Cəbrayıl
döyüşlərində iştirak etdik. Cəbrayıl uğrunda döyüşlərdə artıq
dostlaşdığımız, bir yerdə cəbhəyə getdiyimiz 28 yaşlı həkim Nurlan
Fərməzov taborumuzun ilk şəhidi oldu”.
Mayis
Məmmədov, həmçinin qeyd etdi ki, təqribən 48 saata yaxın mühasirə
vəziyyətində olublar. Sonra isə qabaqda onun bölüyü gedərək mühasirəni
yarıb, İlanlı təpəyə qalxıblar. Cəbrayılda, Pullan, Güllükan təpələrində
də, vuruşublar:
“Daha
sonra isə Cəbrayılda bir neçə yaşayış məntəqələrin azad olunması
uğrunda döyüşlərdə iştirak etdik. Zəngilan istiqamətindən Qubadlıya
daxil olduq. Qubadlıda da çox ağır döyüşlər getdi. Bu döyüşlərdə də
şəhidlər verdik. Düşmən əsasən bizə minamyotla zərbələr vururdu. Onun
təsirinə məruz da qalmışam. Onu da deyim ki, Qubadlı şəhərinin azad
olunmasında bizim tabor böyük fədakarlıq göstərdi. Biz düşməni qova-qova
oktyabrın axırlarında- 27-28-də Gorusa çatdıq. Düşmənin xalqımızın
başına gətirdikləri oyunları, viran qoyduqları yaşayış məntəqələrini
görərkən əsgərlərdə daha böyük ruh yüksəkliyi, intiqam hissi yaranırdı.
Qubadlıdakı Gorus sərhədi yaxınlığında gedən döyüşlərdə Taborun 3-cü
bölükdə Tağım komandiri Qurbanov Emil şəhid oldu, öz əsgərləri ilə...
Zabitlərin adı aha yaxşı yadımda qalıb. Taborumuzun 3-cü bölük komandiri
Bayramov Ramin və şəxsi heyətlə iş üzrə müavini Mayor Zeynalov Müseyib
şəhidlik mərtəbəsinə yüksəldilər”.
Şəhid yoldaşlarının adını çəkərkən müsahibimizin gözlərindəki dərin kədəri görməmək mümkün deyildi. Həmsöhbətimiz onları tez-tez yuxuda gördüyünü də əlavə etdi:
“Ən axırda isə ağır döyüşlərdə Taborun qərargah rəisi yaralandı. İki saat sonra taborumuzun komandiri mənim yaxın döyüş yoldaşım polkovnik leytenant Nail Orocuv da qəhrəmancasına şəhid oldu. Həmin döyüşdə mən özüm də böyük zədəyə məruz qaldım. Şəhid dostlarım yuxuma tez-tez girir”.
Nail Orucov şəhid olandan sonra Mayis Məmmədov tabor komandiri əvəzi vəzifəsini icra edib. Vətən Müharibəsində ağır döyüşlərdən, keşməkeşli yollardan keçən hərbçimiz bir neçə dəfə ölümün pəncəsindən xilas ola bilib.
Qeyd edək ki, kapitanın hazırda 4 medalı var:
“Cəbrayılın azad olunmasına görə medalı”;
“Qubadlının azad olunmasına görə medalı”;
“Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal”;
Təhsil Nazirliyindən təqdim olunmuş “Yubiley döş nişanı”.
Mayis Məmmədov veteranların, qazilərin, şəhid ailələrinin sosial qayğılarından söz açdı, qazilərin intihar məsələsinə də toxundu. O, döyüşə nə medal, nə də ad-san üçün getmədiyini vurğuladı:
"Biz döyüşə medal, ad-san üçün getmədik. Mən 4 övladımı, ailəmi evdə qoyub getdim, döyüşə yollananda nələri gözə aldığımı yaxşı dərk edirdim.
Amma, bunu da sizinlə bölüşmək istəyirəm ki, veteranlar, qazilər və şəhid ailələrinin sosial qayğıları ilə bağlı problemlər hələ də var. Əlbəttə, bu da zamanla yoluna qoyulacaq. Bir də qazilərimizə, döyüşçü yoldaşlarımıza deyirəm ki, Tanrının onlara bağışladığı bu şirin cana hansısa məmurun səhlənkarlığına görə qıymayın.”
Milliyyətcə talış olan Mayis müəllim şanlı vətən müharibəsindəki qələbimizi din məzhəb və bəzi qonşularımızın fitnəsindən doğan siyasi oyunlara bağlamaq istəyənlərə belə səsləndi:
“Heç kim bu təxribatlarla Qarabağ Zəfərinə kölgə salmağa çalışmasın. Bu müharibədə talışlar, ləzgilər, avarlar, ruslar və yəhudilər çiyin-çiyinə döyüşərək Ali Baş Komandanın əmri və iradəsi ilə qələbə qazandılar. Bizim hamımızın bir vətəni var – Azərbaycan! Vətənə xidmət üçün yenə çağırsalar, tərəddüd etmədən gedərəm”.
missiya.az