“JEK”lərə ödənilən ev pulu artacaq? – Gələn ildən…

Azərbaycanda mənzillərdən yığılan “ev pulu”nun (JEK ödənişi) nələri əhatə etməsi və gələn ildən bu ödənişlərin artıb-artmayacağı məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, 2026-ci ildən etibarən ev pulunda artım gözlənilir?
Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda JEK-lərin fəaliyyəti hüquqi baxımdan tam tənzimlənmədiyi üçün “ev pulu”nun dəqiq çərçivəsi də müəyyən olunmayıb.
Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin 2010-cu il qərarından sonra mənzil-istismar sahələri (JEK-lər) faktiki olaraq sovet dövründən qalmış idarəetmə modelini davam etdirir:
“Mənzil Məcəlləsində JEK-lərin fəaliyyəti ilə bağlı heç bir əsasnamə yoxdur. Qanunvericiliyə görə 2 və daha çox mənzildən ibarət bina çoxmənzilli bina sayılır və həmin bina özünüidarə təşkilatları tərəfindən idarə olunmalıdır. Lakin bu sistem ölkədə işləmədiyi üçün JEK-lər hələ də fəaliyyətini davam etdirir.”
Azadov bildirib ki, hazırda JEK-lərin əsas funksiyası yalnız təmizlik xidməti ilə məhdudlaşır:
-Yaşayış ərazilərinin təmizlənməsi
-Bina girişlərinin və blokların səliqəyə salınması
-Məişət tullantılarının daşınması (bu xidmət qanunla ayrıca tənzimlənir)

Ekspertin sözlərinə görə, JEK-lər sakinlərlə müqavilə bağlamalı olduğu halda bunu etmir və ona görə də “ev pulu”nun əhatəsi və məbləği qanuni mexanizmlə təsbit olunmayıb:
“Bu qurumlar faktiki olaraq müqaviləsiz şəkildə vətəndaşlardan xidmət haqqı tələb edir. Ona görə də ödənişlərin hüquqi əsaslandırılması yoxdur.”
Elnur Azadov bildirir ki, JEK-lərin fəaliyyəti qanunla tənzimlənmədiyi üçün rəsmi qaydada təsdiqlənmiş tarif də yoxdur. Bu səbəbdən 2026-cı ildən hər hansı rəsmi artım gözlənilmir. Lakin JEK-lərin öz təşəbbüsü ilə xidmət haqlarını artırmaq ehtimalı istisna olunmur:
“Tənzimləyici tarif olmadığı üçün artımın olub-olmaması yalnız həmin mənzil-istismar sahələrinin öz qərarından asılıdır. Buna görə də rəsmi artımdan danışmaq hələlik mümkün deyil.”.



