İYRƏNC ƏMƏL: Evə girdilər, ŞƏHİD anasını hədələyib, pulunu apardılar!
Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın
tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, ona bıçaqla
hədə-qorxu gələrək, evdə olan 800 manat pulu götürüb qaçıblar.Bu barədə ictimai fəal Elyar İslamoğlu məlumat yayıb.
O bildirib ki, şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxlayıb: “Hadisə
gecə olub. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə
Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib,
rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda
oğlunun məzarını tez-tez ziyarət edə bildiyini deyib.
Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır.
“Onun
sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi
sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına
bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü
toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı
bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını,
övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə
getdi", - şəhidin xanımı deyib.
Qeyd edək ki, Telman Kəlbiyev
Ömər aşırımı uğrunda gedən doyüşlərdə şəhid olub, onun cənazəsi ailəsinə
26 dekabr 2020-ci ildə təhvil verilib. (teleqraf.com)