İsmayıl Ömərov – bu ad
çoxlarının yaddaşında yaxşı qalsa da, yeni nəsil, bəlkə də onun kimliyi
haqqında o qədər də məlumatlı deyil. Onlar bilmirlər ki, İsmayıl Ömərov yola
saldığımız XX əsrin sonlarında əcnəbi vulqar serialların, sənət və
sənətkarlıqdan uzaq, dayaz, bəsit düşüncəli çal-çağır “sənət” adamlarının efiri
primitiv şou proqramlarla zəbt etdiyi bir vaxtda, tamaşaçını dərindən düşündürən,
onu özünün və Vətənin taleyinə biganə qalmağa qoymayan, döyüşkən, mübariz ruhlu
siyasi proqramlarla ekrana gəldi və qısa bir müddətdə üstünlük qazanan ciddi
tele-publisistikanın ən parlaq simalarından biri kimi məşhurlaşdı, xalqın
sevimlisi oldu.
Elə buna görə də, gənc nəsilləri xalqımızın dəyərli ziyalısı, tanınmış
telejurnalist və ictimai xadim İsmayıl Abbas oğlu Ömərovun şərəfli ömür yolu və
zəngin yaradıcılıq fəaliyyəti ilə tanış etməyi özümüzə borc bildik.
İsmayıl Abbas oğlu Ömərov - 1954-cü il fevralın 20-də qədim Borçalı mahalında -
Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi (indiki Kvemo-Bolnisi)
kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin
ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.
1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb.
Eyni zamanda, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil
alaraq politoloq ixtisasına yiyələnib.
Azərbaycan Dövlət Televiziyasının “İctimai-siyasi proqramlar” redaksiyasında
kiçik redaktordan baş redaktor vəzifəsinə qədər böyük yaradıcılıq yolu keçib.
“Siyasi proseslərin idarə olunmasında televiziyanın rolu” mövzusunda
dissertasiya müdafiə edərək ciyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 noyabr 1998-ci il
tarixli sərəncamı ilə İsmayıl Abbas oğlu Ömərov "Azərbaycanın əməkdar
incəsənət xadimi" fəxri adına layiq görülüb.
Onu da qeyd edək ki, İsmayıl Ömərov həm də Azərbaycan Respublikası əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının
üzvü olub.
Yaxın tariximizin, ötən əsrin 90-cı illərinin qaranlıq səhifələrinin, həmin
dövrdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin ciddi şəkildə araşdırılması
və ilk dəfə ekranlaşdırılması məhz İsmayıl Ömərovla başladı. Bir-birinin
ardınca, müəllifi və aparıcısı olduğu “Qanlı yanvar”, “Qarabağ düyünü”,
“Blokada”, “Əsrin faciəsi”, “Xəyanət”, “Qurtuluş” və s. silsilə tele-serialları
yaşadığımız ağrılı-acılı, qanlı-qadalı illərə ayna tutdu, qaranlıq hadisələr
aydınlaşdı, indiyədək məchul qalan suallara cavab verildi. Mərhum prezidentlər
Əbülfəz Elçibəy, Süleyman Dəmirəl, keçmiş baş nazirlər Tansu Çillər, Surət
Hüseynov və bir çox partiya sədrləri, hüquq mühafizə orqanlarının, Milli
Ordumuzun rəh-bərləri, eləcə də tanınmış ictimai xadimlərlə müsahibələri böyük
rezonans doğurdu və hələ də yaddaşlardan silinməyib.
Bu tele-seriallar kimin kimliyini ortaya qoydu və təbii ki, adı qaranlıq
hadisələrdə keçənlərin aqressiv hücumlarına tuş gəldi. Buna baxmayaraq, böyük
aiditoriya tərəfindən rəğbətlə qarşılandı. Onun ağzından çıxan hər kəlmə, dövrü
mətbuatda dərc olundu. Bu da hər jurnalistə nəsib olan xoşbəxtlik deyil.
Elə buna görə də, onun çıxışlarını hay-küylə qarşılayanlar faktlarla cavab verə
bilmədiyindən geri çəkilməyə məcbur olur, ona “müstəntiq-jurnalist” adı
qoymaqla sanki daxili hisslərini boğub, özlərinə təskinlik verirdilər.
Görkəmli alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz, şair və
yazıçılarımız isə öz çıxışlarında, respublika mətbuatında dərc etdirdikləri
məqalələrində bu verilişləri ciddi yaradıcı araşdırma işi kimi yüksək
qiymətləndirir, onun ictimai-siyasi əhəmiyyətindən bəhs edirdilər.
Sevimli xalq şairlərimiz Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Sabir
Rüstəmxanlı və çoxsaylı tanınmış və nüfuzlu ziyalılarımızın rəy və təklifləri
İsmayıl Ömərovun fəaliyyətinə verilən ən gözəl qiymət idi.
Şair Qabil, Baba Pünhan və başqaları İsmayıl Ömərovun verilişləri haqqında
şeirlər də yazdılar.
İsmayıl Ömərovun yaradıcılığını dəyərləndirənlər yaxşı bilirdi ki, bu verilişlər
sadəcə istedadlı bir jurnalistin təxəyyülünün məhsulu deyildi, Vətənimizin
məlum hadisələrinin ağrısını öz bioqrafiyasında yaşayan cəsarətli bir qələm
sahibinin vətəndaş mövqeyi idi.
Məhz bu məziyyətlərinə və keyfiyyətlərinə görə İsmayıl Ömərov böyük coşqu ilə
ilk tele-jurnalist kimi Milli Məclisə üzv seçildi.
Seçki zamanı, ona səs verməyən Dairə Seçki komissiyasında təmsil olunan
müxalifət partiyasının nümayəndələrinin özləri etiraf etmişdilər ki, seçki
nəticələrini əsk etdirən protaokola ilk imzanı da məhz onlar atıblar. Çünki
qələbəni İsmayıl Ömərov halal səslə qazanmışdı.
2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin
deputatı olduğu müddətdə İsmayıl Ömərovun bir ictimai xadim kimi fəaliyyətini
seçildiyi təkcə Xaçmaz rayon əhalisi deyil, bütün Azərbaycan yüksək
qiymətləndirdi.
O vaxtlar ən mürəkkəb rayonlardan olan Xaçmazın ərazisində sözün əsl mənasında
ədalətin zəfər çalması üçün əlindən gələni əsirgəmədi. Bir nəfər belə
şikayətçinin sözü yerdə qalmadı, qulaq ardına vurulmadı. Məhz onun birbaşa
millət vəkili kimi müdaxiləsindən sonra Xudat şəhərində yeni elektrik
stansiyası quruldu. Nizami Gəncəvinin adına park salındı və orada ölməz şairin
gözəl bir heykəli ucaldıldı. Çox saylı obyeklər istifadəyə verildi.
2005-ci ildə o, İTV-yə rəhbər - ilk baş direktor seçiləndə Nizamnaməyə əsasən
Milli Məclis üzvlüyündən imtina etmək məcburiyyətində qaldı.
O vaxtın ən tanınmış və hörmətli hüquqşünası, bir şəxsiyyət kimi hamının böyük
hörmət bəslədiyi, Milli Məclisin sabiq sədr müavini Zakir Zeynalovun bir
cümləsini bu şərhlərə əlavə etmək yerinə düşərdi: “Milli Məclisə İsmayıl Ömərov
çox lazımdır!”
Növbət seçki zamanı İsmayıl Ömərovun öz namizədliyini verməməsi seçicilərinin
narazılığına səbəb oldu. Bu faktı ilk dəfə qeyd edirik. Etiraz əlaməti olaraq,
seçki dairəsinin ən böyük seçki məntəqələrindən olan Yalama qəsəbəsinin
seçiciləri seçkilərə getmədilər. Bu, İsmayıl Ömərova seçicilərin sevgi və
etimadını təsdiq edən ən dəyərli sübutdur.
İsmayıl Ömərov təkcə peşəkar jurnalist, bacarıqlı ictimai xadim deyil, həm də
İctimai Televiziyanın qurucusudur. Bu bir tarixdir, tarixi dəyişmək isə mümkün
deyil!
İsmayıl Ömərov əsl jurnalist peşəkarlığını əgər AzTv-dəki verilişlərində,
ictimai xadimliyini Milli Məclisin deputatı olduğu zaman sübut etmişdirsə, onun
qurucu - bacarıqlı təşkilatçı olduğunu da Avropa Şurasının tələbi ilə ərsəyə
gələn və üzərinə çox böyük yük qoyulan İctimai Televiziya və Radiosunu
yaratmasında gördük.
Azərbaycanda ənənəvi televiziyalardan fərqli, müxtəlif siyasi cərəyanların,
ideya, fikir daşıyıcılarının düşüncələrini böyük auditoriyaya çatdırmağa,
onunla paylaşmağa imkan verən, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqlarını
uzlaşdıran yeni televiziyanı sıfırdan yaratmaq elə də asan məsələ deyildi. Amma
İsmayıl Ömərov bunu bacardı.
Onun İTv-yə direktor seçilməsi isə sözün əsl mənasında, 2005-ci ilin ən böyük
qalmaqallı, ən çox müzakirə olunan mövzusu oldu.
22 nəfər tanınmış ziyalı öz namizədliyini vermişdi. Onların arasından İsmayıl
Ömərov səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş
direktoru seçildi.
Elə ilk müsahibəsində o, elan etdi ki, “çoxlarına əl çatmaz, şirin bir nağıl
görünən İctimai televiziyanı, mən ən yaxın müddətdə - 100 günə quracağam”.
Bədxahlar bunu fürsət bilib, çox ciddi ideoloji hücuma keçdilər. Həm müxalifət,
həm də rəsmi dövlət mətbuatında bu mövzu gündəmdən düşmürdü.
Ədalət naminə onları da başa düşmək olardı. Hələlik nə yeri, nə əmlakı, nə
maliyyəsi, nə də özündən başqa bir nəfər də olsa işçisi olmayan televiziya kimi
mürəkkəb mexanizmi belə qıssa müddətdə necə qurmaq olardı?
Hətta xarici mütəxəssislər belə deyirdilər ki, yeni TV-ni bir il yarımdan tez
qurmaq mümkün deyil. Ancaq İsmayıl Ömərov bunu bacardı. Düz 3 ayın tamamında
elan etdi ki, “Biz efirə çıxmağa hazırıq. Necə ildırım sürəti ilə gəldiksə,
şimşək kimi də çaxacağıq!..”
Elə də oldu. 2005-ci il avqustun 29-da İctimai Televiziyanın açılış mərasimi
əsl ümumxalq bayramına çevrildi. Hamı burada idi. Azərbaycan prezidenti,
hökuməti və Milli Məclisin üzvləri, bütün müxalifət düşərgəsi, elm, sənət
adamları, bir sözlə, milli elitamız... Bu çox nadir görüntüləri ilə yadda qalan
mərasim idi. Çünki İctimai televiziyanı hamı özününkü bilirdi.
Beləliklə, qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik
və ən şəffaf institutlardan olan İctimai Tele-Radio yarandı.
Həqiqətən bütün tamaşaçı auditoriyası heyrət içində idi. Efirə indiyədək heç
yanda görünməyən, amma nurlu sifəti ilə seçilən böyük bir gənclik ordusu
gəlmişdi. Tez bir zamanda onların bir çoxu Azərbaycan televiziya məkanında
parlaq ulduza çevrildilər. Məhz onların sayəsində keyfiyyətli yayım formatı və
fərqli informasiya siyasəti ilə ictimai kanal qısa zamanda tamaşaçıların
rəğbətini qazandı. Hamı düşünürdü ki, indiyə qədər gizlənmiş bu altun sərvəti –
istedadlı gənclik ordusunu İ.Öməröv hardan tapmışdı?
İ.Ömərov isə mətbuat konfransında bildirdi ki, “onlar müsabiqə yolu ilə
seçilmiş gənclərdir. İndi görün bizim millətin nə qədər güclü potensialı var”.
Onu da söylədi ki, “hər bir kanal öz rəhbərinin xarakterinin göstəricisidir.
Biz milli mənəvi dəyərlərimizə, həyat tərzimizə, əxlaqımıza zidd olan, zərər
vuran, “Santa barbara” və s. bu kimi tele-seriallardan, ekranlarımızı iyrənc
hala gətirən düşük şou proqramlardan xilas etməliyik. Onlar kanallarımızı necə
zəbt etmişdilərsə, eləcə də, hətta daha sürətlə uzaqlaşdırılmalıdır. Biz
formaca müasir, məzmunca milli bir Tv yaradarıq. Bu hamıya nümunə olmalıdır!
TV-lərdə Azərbaycan filmlərinə üstünlük verilməlidir. Tv-lər xalqın
milli-mənəvi sərvətinin, mədəniyyətinin təəssübkeşi olmalıdır. İctimai Tv isə
bu mənada daha çox fəqlənməlidir. Burada siyasi qüvvələrə, ayrı-ayrı fikir
daşıyıcılarına, qələm sahiblərinə, sənət adamlarına fərq qoymaq olmaz. Bizim
ekranımız bütün Azərbaycan palitrası kimi zəngin və əhatəli olmalıdır!..”
Belə də oldu. İctimai Televiziya məhz dövlətin, xalqın milli maraqlarına,
Azərbaycanın dövlətçilik ənənələrinə uyğun Azərbaycan həqiqətlərini, Qarabağ
münaqişəsini bütün dünyaya çatdırılmaq üçün yeni üsul və formalardan daha
peşəkarlıqla istifadə etdi. Hər gün bir neçə dəfə efirə gedən “Xəbərlər”
proqramının əvvəlində torpaqlarımızın erməni işğalında qalması barədə BMT-nin
məlum dörd qətnaməsinin Azərbaycan, rus və ingilis dillərində səslənməsi
dünyaya effektli bir çağırış idi..
Yeri gəlmişkən, qarşılıqlı razılaşma əsasında “Azadlıq” radosunun bütün dünya
ölkələrində fəaliyyət göstərən müxbirləri ictimai televiziyanın “Carçı”
xəbərlər proqramına ödənişsiz informasiyalar verir, reportajlar hazırlayırdı.
Bu da ilk gündən kanalın populyarlığına böyük təkan oldu.
Ölkəmizdə gedən ciddi dövlət quruculuğu, Qarabağ həqiqətləri verilişlərin ana
xətti, baş mövzusu idi. Milli Qəhrəmanlarımızın doğum günündə bir neçə dəfə
maraqlı görüntülərlə bioqrafiyasının təqdim olunması ən təsirli anım tədbiri
idi.
İTV-də məhz İsmayıl Ömərovun rəhbərliyi ilə xalqımızın ümummilli lideri, ulu
önər Heydər Əliyev, eləcə də, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları
M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsibbəy
Yusifbəyli, Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə və başqaları haqqında sənədli
filmlər çəkildi. (Həmin filmlər həm müasir müstəqilik dövrümüzün, həm də
Cümhuriyyət tariximizin öyrənilməsi baxımından maraqlı faktlar və məlumatlarla
zəngindir).
Parlament seçkisi öncəsi bütün siyasi partiyaların nümayəndələri gəlib İTv-də
canlı yayımda öz fikirlərini söylədilər. İqtidar və müxalifyönümlü politoloqlar
İTv-də açıq polemikalarda birlikdə siyasi, ictimai problemləri araşdıraraq
ortaq məxrəc axtardılar. İndiyə qədər Azərbaycan tele-məkanından
uzaqlaşdırılmış, xeyli ziyalıların, sənət adamlarının, yazıçı və şairlərin
doğma ünvanına çevrildi İTv...
Ögey-doğmalıq fərqi qoyulmadan bu kanal yola çıxdı və istəyinə də nail oldu.
Şairlərdən Musa Yaqub, Ramiz Rövşən, Məmməd İsmayıl, Əlisa Nicat, bəstəkar
Cavanşir Quliyev, xalq artisti Flora Kərimova, görkəmli alimlərimiz Xalid
Əlimirzəyev, Rafiq Əliyev, Firudun Səməndərov və b. İctimai kanalda dəfələrlə
xalqın görüşünə gəldi, öz düşüncələrini onunla bölüşdü. Ekrandan-efirdən uzaq
düşmüş bir çox görkəmli ziyalılar İTv-ni öz doğma ocağı bildilər. Bu milli
birlik, həmrəylik İsmayıl Ömərovun ən böyük uğurlarından biri idi.
Həftənin iş günlərində günorta fasilə saatlarında efirə gedən “İşgüzar saat”
verilişinin əsas iştirakçıları vətəndaşlarımız və tamaşaçılarımız idi. Onları
düşündürən və narahat edən məsələlərlə istənilən dövlət orqanlarına müraciət
edirdilər. Məsul şəxslər, o cümlədən, bir çox hallarda, nazirlər canlı yayımda
həmin sualları cavablandırırdılar. Bu kimi verilişlər ictimaiyyətlə məmurlar
arasında əlaqənin, dialoqun yaranmasına, bürokratik əngəllərin aradan
qaldırılmasına kömək edirdi.
İctimai kanalın populyarlığı xarici qonaqların da nəzərindən qaçmadı. Bütün
ölkələrin səfirlərini, diplomatlarını burada tez-tez görmək olardı. Bir çox
xarici dövlətlərin rəhbərləri və nümayəndələri Bakıya gəldikdə ilk dəfə İTv-yə
müsahibə verirdilər. Bu, onun beynəlxalq televiziya şəbəkəsinə qoşulmağına və
nüfuzlu həmkarlar qazanmasına stimul verdi.
Gürcüstan, Türkiyə, Qazaxstan, Macarıstan və başqa ölkələrin kanalları ilə
yaranan dostluq əlaqələri əsasında informasiya mübadiləsi edildi, tele-körpülər
yarandı. TRT, BBS, Eronyus və s. tanınmış TV-lərlə ciddi iş birliyi başladı.
Türk xalqlarının son 100 ildə keçdiyi məşəqqətli yollar – Axıska türkləri,
Cənubi Azərbaycanda məşhur Xalq Hərəkatı və s. də müasir TV-nin imkanları
daxilində İctimai TV-nin verilişlərində yaddaşlara həkk olundu.
İranda, Cənubi Azərbaycanda yaşıyan soydaşlarımız birinci gündən İTV-nin diqqət
mərkəzidə idi. Təbrizdən, Ərdəbildən, Urmiyadan, eləcə də, doğma Dərbənddən,
Borçalı ellərindən efirə gedən tele-körpülər həmişə həsrətlə izlənilirdi.
Türk Xalqlarının Birliyi, ortaq dərsliklərimiz, dilimiz, tariximiz,
mədəniyyətimiz sahəsində çox ciddi ideoloji iş aparıldı.
Seyrçilər tez-tez İtV ekranının 4 yerə bölündüyünü görürdülər: Tükiyə,
Qazaxstan, Macarıstan, Özbəkistan...
Ortaq verilişlər yeni ortaq fikir məkanına çevrildi. İctimai TV bütün dünyaya
səpələnmiş Türk xalqlarının sevimli kanalı oldu. Bu istək, bu arzudan İTv-nin
təşəbbüskarlığı ilə ortaq türk kanalı “TRT-Avaz” yarandı. Kanalın açılışını
Türkiyənin keçmiş prezidenti Abdulla Gül etdi və kanalın qarşısında duran çox
mühüm vəzifələrdən danışdı.
TRT-nin baş redaktoru İbrahim Şahin və İTv-nin baş direktoru İsmayıl Ömərov öz
öhdəliklərini yaxşı dərk etdiklərini bildirdilər.
Və heç şübhəsiz, təsadüfi deyil ki, İsmayıl Ömərov bu xidmətlərinə görə iki
dəfə “Türk Xalqlarına Xidmət” ödülünə layiq görülən yeganə Azərbaycan
televizyonçusudur.
İsmayıl Ömərovun bu gün yenə bu mövzuya təkrarən dönmək istəyi elə həmin
fəaliyyətin davamıdır.
2009-cu ildə İsmayıl Ömərov təkrarən İTv-nin baş direktoru vəzifəsinə seçilib
və o, ikinci müddəti də tam başa çatana kimi həmin vəzifədə şərəflə çalışıb.
İctimai kanalın populyarlığı Avropa Yayımlar Birliyinin diqqətindən yayınmamış,
İTv-ni öz sıralarına qəbul etmiş və MDB ölkələri arasında ilk dəfə olaraq
özünün növbəti sessiyasının məhz Bakıda keçirilməsinə razılıq vermişdi.
2010-cu ildə Avropa Yayımlar Birliyinin Bakıda keçirilən sessiyası əsl hadisəyə
çevrildi. Dünyanın 56 ölkəsindən 87 ən nüfuzlu media institutlarının,
Tele-radio şirkətlərinin rəhbərlərinin Bakıya toplanması nadir hadisə idi. Bu
dünyanın informasiya texnologiyalarını yönəldən nəhəng media mərkəzlərinin
Azərbaycanı tanımaq və onu tanıtmaq nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb
edirdi.
İctimai Televiziya milliliyi ilə yanaşı, həm də mükəmməl bir proqram siyasəti
ilə seçilirdi. Ən operativ xəbərləri, ən maraqlı idman oyunlarını, bilik
ya-rışıarını, peşakar musiqi proqramlarını tamaşaçı onun efirində izləyirdi.
Eurovision müsabiqəsindəki uğurumuzu isə İctimai televiziyanın Beynəlxalq
brendi hesab edə bilərik. Bu mənada Azərbaycanın birinci xanımı - ölkədə çox
böyük mədəni, humanitar missiyanın müəllifi Mehriban Əliyevanın rəhbərliyi ilə
bu prosesin daha mükəmməl və qüsursuz aparılmasında, şübhəsiz İctimai
Televiziyanın rolunu xüsusi qeyd etməliyik.
Təbii ki, İsmayıl Ömərovun da ardıcıl fəaliyyətini və gərgin zəhmətini unutmaq
olmaz.
Məhz onun dövründə “Eurovisin” yarışmasında Azərbaycan yalnız birinci il 8-ci
yerdə qərarlaşmış, sonrakı illərdə həmişə ilk 5-likdə olmuşdur.
2011-ci ildə isə Azərbaycan təmsilçilərinin I yerə çıxması ümum-Azərbaycan
mədəniyyətinin, Azərbaycan musiqisinin Avropada qələbəsi idi.
Bu qələbə, bu birincilik sayəsində bütün Avropa sənətçiləri növbəti il ölkəmizə
gəldi və möhtəşəm inkişafı, tərəqqisi ilə çiçəklənən Azərbaycanı gördülər. Bakı
yarışması Eurovision tarixinə həkk olundu.
Xəbər məkanının çox sürətlə dəyişdiyi, informasiya axının bir yerdə qərar
tutmadığı, intensivliyinin kosmik sürətlə artdığı bir zamanda, döyüşən ideoloji
cərəyanların içərisində öz dəst-xəttini, üslubunu saxlamaq, ölkəmizin həyatına
kənar təsirləri müəyyən mənada neytrallaşmaqla milli mövqeləri qorumaq,
Azərbaycanın öz düşüncəsini, iradəsini ortaya qoymaq nöqteyi-nəzərdən də İctimai
Televiziyanın rolunu və fəaliyyətini xüsusi qeyd etməliyik.
Əlbəttə, bu anlamda bötüv Azərbaycan amilinin fərqli bir mədəni yanaşma ilə öz
ifadəsini tapması və əlaqələrimizin böyük bir körpüyə çevrilməsi, qırılmış
xəttlərin bərpa edilməsi İctimai Televiziyanın əsas prinsiplərindən biri idi.
Onu da qeyd edək ki, İsmayıl Ömərovun uğurunun kökündə tək jurnalistikanın
incəliklərini bilməyi deyil, həm də şəxsi möqveyi, baxışı və ideyaları
dayanırdı.
Elə buna görə də, növbəti mətbuat konfranslarının birində jurnalistlərin “bu
qədər rəngarəng, samballı, baxımlı proqramlarınızın içində ən çox öyündüyünüz
hansı layihənizdir?” sualına İsmayıl Ömərovun “Mənim ən böyük layihəm mənim
kollektivimdir” – cavabını vermişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 noyabr 2011-ci il
tarixli sərəncamı ilə İsmayıl Abbas oğlu Ömərov Azərbaycan televiziyasının və
radiosunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni ilə təltif olunub.
İki dönəm İctimai Televiziyaya rəhbərlik edən və Azərbaycanda ilk dəfə ictimai
yayımın praktik sistemini yaradan İ.Ömərov həm də bir çox yaradıcı qurumlara
örnək olacaq kollektivçilik ənənələri formalaşdırdı. Çünki ətrafına uzun illər
televiziyaların hücrələrində dedi-qoduyla məşğul olanlar deyil, mükəmməl
savadı, yüksək vətənpərvərliyi və güclü energetikasıyla seçilən gənclər
toplanmışdı.
Bir sözlə, İTv İsmayıl Ömərovun yaradıcılığının şah əsəridir!
Elə buna görə də, Onun İTv-yə baş direktor seçilməsi kimi, müddətinin bitməsi
ilə əlaqədar olaraq kanaldan getməsi də xüsusi görüntülərlə yadda qaldı.
Telekanal əməkdaşları İsmayıl Ömərovun yola salınma mərasimində göz yaşlarını,
təəssüf hisslərini gizlədə bilmədilər. Bütün mətbuat orqanlarında və müxtəlif
saytlarda həmin tədbirdən yazılar verdilər, sosial şəbəkələrdə şəkillər,
video-görüntülər paylaşdılar, şərhlər yazdılar.
Bəli, onun İTv-dən ayrılmağı bəlkə də yaradıcılığın ən pik vaxtına düşdü. Onun
nə itirdiyini bilməsək də, amma onu dəqiq bilirik ki, TV çox şey itirdi.
Harda olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli dövlətçilik
maraqlarını hər zaman qoruyan bir insandır.
Bu gün də kənarda yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, onların
sosial qayğılarının yardımçısı olur.
İsmayıl Ömərov 2017-ci ildə Gürcüstanda, Bolnisi rayonunda xidmətlərinə və
töhvələrinə görə Bələdiyyə üzvlərinin səsverməsi nəticəsində yekdilliklə “Fəxri
vətəndaş” seçilib.
***
İsmayıl Ömərov milli-mücadilə tariximizin ən qanlı-qadalı, itkili və möhtəşəm
Qələbələrlə zəngin olan Qarabağ dalğasında ekrana gəlib, tanınıb,
populyarlaşıb. Təbii ki, Qarabağın azadlığı hamımızın arzusu olduğu kimi,
İsmayıl Ömərovun da ən böyük arzusu idi. Və bu arzu “Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!” diləyi ilə hər gün İTV ekranından inadkar bir hayqırtı ilə
səslənirdi...
Bu gün Qarabağımız azaddır. Qarabağımızın hər yanında üçrəngli bayrağımız
dalğalanır. Bizcə, bu, elə İsmayıl Ömərovun 70 illiyinə ən gözəl hədiyyədir.
İsmayıl Ömərov Vətənə sədaqət andına, keçdiyi yola, daşıdığı dəyərlərə sadiq
qalan bütün soydaşlarımız kimi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası
ilə həyatının, arzularının və inamının ən böyük hədiyyəsini alıb. Daha İctimai
Tv-nin efirindən dünyaya BMT qətnamələrinin icra olunmaması ilə bağlı
çağırışlar deyil, müzəffər Ali Baş Komandanın işğala, bölücülüyə, məğlubiyyətə
son qoyan “Qarabağ Azərbaycandır!” şüarı səslənir. Bu günləri görmək hər
birimiz, o cümlədən bizlərdən biri olduğunu populyarlığının ən yüksək vaxtında
belə unutmayan İsmayıl Ömərov üçün də Tanrının lütfüdür...
P.S.:
Biz də dəyərli ziyalımız İsmayıl Ömərovu anadan olmasının 70 illik yubileyi
münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni
uğurlar arzulayırıq!..
Borçalı
kökənli həmyerlilər:
1. Cavanşir MƏMMƏDOV - təqaüddə olan polis generalı.
2.Anar SÜLEYMANOV - fəlsəfə doktoru, iş adamı.
3. Natiq HÜMBƏTOV - araştırmaçı politoloq, iş adamı.
4. Eldar SULTANOV - təqaüddə olan general (Ədliyə müşaviri).
5. Həsən İSMAYILOV - iş adamı.
6. Müşfiq BORÇALI - filologiya üzrə fəlsəfə doktoru, naşir.
7. Turab RZAYEV – siyasi analitik.
8. Kamran RAMAZANLI - “Soydaş” İB nin sədri.
9. Polad MEHDİYEV - Vəkillər Kollegiyasının üzvü, BDU-nun müəllimi.
10. İlqar İLKİN - “Soydaş” İB saytının redaktoru.
11. Rafiq HÜMBƏTOV - Vəkillər Kollegiyasının üzvü.
12. Alim ÖMƏROV - iş adamı.
14. Əli NAĞDƏLIYEV - “Soydaş” İB təftiş komissiyası sədri, iş adamı.
15. Xaqani QULUZADƏ - iş adamı
16. Fuad Çıraqov – siyasi şərhçi
17. Fəxri Hacıyev - diplomat