670392ca5651f202410245034

"İslam dinində spirtdən istifadə haram deyil..." - İlahiyyatçıdan AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə yayılan bir video müzakirələrə səbəb olub. Belə ki, görüntülərdəki şəxs “Telefona ekran qoruyucu çəkiləndə o, spirtlə silinibsə, həmin telefon cibinizdə olarkən namaz qılmamalısınız, buna icazə yoxdur” deyib.

Sözügedən şəxs qeyd edib ki, namaz qılmaq istəyənlər ekran qoruyucusunu çıxarmalı, onu üç ayrı parça ilə silib təmizləməli, daha sonra istifadə etməlidirlər. 

Bununla bağlı Sfera.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan deyib ki, sözügedən şəxsin açıqlamaları tamamilə gülünc və əsassızdır: “O, dini rişxənd obyektinə çevirir, eyni zamanda dini savad dərəcəsi də sıfırdır. Çünki dini bilən, imanı olan adam əsla belə söz deməzdi. Bütün din alimlərinə görə texniki və tibbi spirtin məişətdə, müalicədə, müayinədə istifadə edilməsi caizdir, bunda heç bir problem yoxdur. Hətta bəzi müasir fəqihlərin fətvasına görə spirt içilməsi yasaq olsa da, nəcis deyil, yəni üstünə, libasına spirt tökülmüş adamın namaz qılmasında problem yoxdur. Çünki içkinin, spirtin, sərxoşedicinin zahiri deyil, mahiyyəti və fəsad niyyəti ilə istifadəsi batildir. Tibdə müayinələr edilərkən, iynə, sistem vurularkən, cərrahi əməliyyatlar zamanı spirt istifadə edilir. Əksər maye formasında olan dərmanların tərkibində bir neçə faiz spirt olmasa, onlar xarab olur, ona görə spirt qatılır. Geniş istifadə edilən bir çox boyalarda, mayelərdə spirt və spirt tərkibli qatqılar olur. Evin döşəməsinə vurulan lak, dolğu dediyimiz məhlullarda spirtdən də qatı tərkib olur. Onda boyalı döşəmədə heç kəs namaz qılmasın? Kefirdə, qatıqda, şoraba adlandırılan turşularda, tam yetişib ötmüş meyvələrdə fərqli faizlərdə spirt olur ki, onu hamı yeyir, içir”. 

İlahiyyatçı bildirib ki, İslam dininə görə spirt zəhər deyil: “Sadəcə ondan sərxoşluq üçün istifadə edib fəsad çıxarmaq yasaqdır. Məişətdə, tibdə və istehsalatda sərxoşluq məqsədi olmadan spirtin istifadə edilməsində heç bir problem yoxdur. Bəzi adamların belə danışıb camaatda din haqqında ikrah hissi yaratmasına da ehtiyac yoxdur. Tərəddüd edən şəxs ağlını işlətsə, özü biləcək ki, nə halaldır, nə haramdır. Çünki Quranda insana ağlını işlətməsi əmr olunur”.

 

07.10.2024 11:48
show 577