İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyir
Bir
müddət öncə mediada Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə
müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia
edilmiş, araşdırmalardan sonra o, prokurorluq orqanlarından xaric
olunmuşdu.
"Qafqazinfo”nun məlumatına görə, C.Hüseynov həmin məsələ ilə bağlı
həyat yoldaşı Nərgiz Hüseynova barəsində xüsusi ittiham qaydasında
məhkəməyə müraciət edib.
O, şikayət ərizəsində qeyd edib ki, həyat yoldaşı mediaya verdiyi
müsahibədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb,
onun şərəf və ləyaqətini ləkələyib. Sabiq müstəntiq iddia edib ki,
N.Hüseynova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar
yaymaqla onun işgüzar nüfuzunu da zədələyib.
C.Hüseynov arvadını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və
ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham
edərək 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib. Müraciətə hakim Elnurə Rəcəbovanın sədrliyində baxılacaq.
Xatırladaq ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı
mediaya müraciət edərək ərinin xidməti silahı onun başına dirədiyini və
"sənə xəyanət etmişəm” sözlərini dedirtdiyini bildirmişdi. Qadın iddia
etmişdi ki, C.Hüseynov onu zorla çöllük yerə aparıb, dəmir parçası ilə
vurub. O, daha sonra evdən qaça bildiyini əlavə etmişdi.
Onu da bildirək ki, ailənin iki övladı var. Hazırda Qaradağ Rayon Məhkəməsində onların boşanma prosesi gedir.