Azərbaycanda işsiz və iş axtaran vətəndaşlar özlərinə qazanc yeri tapmaqda müəyyən hallarda çətinliklə üzləşirlər. Bəzən onlara təklif olunan məvacib, bəzən isə işin həcmi onları qane etmir.
Qlobal.net xəbər verir ki, belə olan halda işsiz vətəndaşlar dövlətin onlar üçün yaratdığı imkanlardan da istifadə edə bilərlər.
Belə ki, Dövlət Məşğulluq Agentliyinin işsiz və iş axtaranlar üçün bir neçə layihəsi mövcuddur. Həmin layihələrlə tanış olan vətəndaşlar uyğun olan sahə üzrə müraciət edə bilər.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və Dünya Bankının vəsaitləri hesabına işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanlarının yaradılmasıdır.
“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi
“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir.
“PROGRO” layihəsi
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünü inkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması olacaqdır. Sözügedən portalın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə icra edilir.
“Səyyar kofe evləri” layihəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi həyata keçirilir.
Telefon: 142 Çağrı Mərkəzi və (+994 12) 596 43 05.
(BAKU.WS)