O, illərlə 51 yaşlı Tacikistan vətəndaşı Orifjon Sattarovun başçılıq etdiyi qanqster dəstəsi Yekaterinburqa qan uddururdu. Həm Yekaterinburq şəhər, həm də ümumiyyətlə Sverdlovsk vilayət polisi, xüsusi xidmət orqanları mütəmadi baş verən quldurluq hadisələrinin izinə düşə bilmirdilər.
Vəziyyət o həddə çatmışdı ki, dəstə üzvləri günün günorta vaxtı belə bu və ya digər biznes obyektinə, ayrı-ayrı iş adamlarına hücum edib onları qarət etməkdən çəkinmirdilər.
Orifjon 1991-ci ildə Rusiyaya gəlmişdi. 90-ların sonunda isə bu ölkənin vətəndaşlığını almışdı. O, müxtəlif yerlərdə fəhlə kimi çalışır, bəzən də ev təmiri ilə məşğul olurdu. Amma zaman keçdikcə işin ağırlığı və bunu da müqabilində qazancın az olması onu bezdirməyə başlayır. Zaman keçdikcə Moskvadakı məscidlərə üz tutur. Orada müəyyən adamlarla tanış olur, qısa müddətdə radikal dindarların diqqətini də cəlb etməyə başlayır.
Bir müddət sonra Orifjon artıq radikal dini kəsimin etibarını qazana bilmişdi. Onunla hesablaşır, ehtiram göstərirdilər. Səttarov ətrafına xeyli adamı da yığa bilmişdi…
Yaxın Şərqdə dini radikalların fəallaşması regiona da öz təsirini göstərməkdəydi. Biz burada siyasət, geopolitika mövzusuna qayıtmırıq. Söhbət ondan gedir ki, məhz “Əl- Qaidə” və daha sonra İŞİD kimi terrorçu qurumlar region ölkələri, xüsusilə əhalisinin bir hissəsi müsəlman olan Rusiyada da fəaliyyətlərini genişləndirməkdəydilər.
Belə bir zamanda İŞİD emissarları Orifjona çıxırlar, onu sıralarına qata bilirlər. Sattarov onlarla tez anlaşır. Onun qarşısında isə belə bir vəzifə qoyulmuşdu: necə deyərlər, çap, tala, vur-öldür, amma mütləq İŞİD-ə pul göndər.
Tezliklə, Orifjon ətrafına əməlli başlı dəstə toplaya bilir. Dəstədə dağıstanlılar, taciklər, özbəklər, hətta rus millətindən olan Georgi Proxur da vardı. Dəstəyə 4 Azərbaycan vətəndaşı da qoşulmuşdu. Onlardan biri də Raqib Hüseynov idi.
Raqib Yekaterinburqda yaşayırdı. Ailəli, 3 uşaq atasıydı. Qonşular onu başıaşağı, ailəcanlı bir adam kimi tanıyırdılar. Şəhərdə xırda ticarətlə məşğul idi. Orifjonla ilə elə bu şəhərdə tanış olmuşdular. Bu o zaman idi ki, tacik və dəstəsi Moskvanı Yekaterinburqa dəyişmişdilər.
Orifjon Raqibə dəstədə sürücülük təklif edir. Onların Yekaterinburqla ilk necə deyərlər, əməliyyatı bu şəhərdəki “Taqanksi ryad” ticarət mərkəzində bir neçə mağazası olan Çin vətəndaşı Van Xun olur.Onun avtomobilinə basqın edən quldurlar Xunun 13 milyon rublunu aparırlar. Bundan sonra Martirosyan qardaşlarına hücum edirlər. Amma bu əməliyyat uğursuz olur.
Çox keçmir ki, qırğız iş adamının obyektinə soxulurlar. Onun ofisindən 7,5 milyon rublu qarət edirlər. Bir dəfə isə quldurlar Yekaterinburqun “Koltsovo” aeroportunda daha bir Çin vətəndaşının izinə düşürlər. Onun üzərindəki bir milyon rublu alıb aradan çıxa bilirlər. Amma bu məbləğ dəstə başçısı Orifjonu qane etmirdi. O, öz quldurlarına tapşırır ki, kiçik məbləğlərlə baş qoşmasınlar, daha böyük pullarla bağlı informasiya yığsınlar.
Və belə bir ova rast gəlirlər. “KIA Sorento” markalı maşında iş adamlarından birinin 20 milyon rubl daşıdığını eşidirlər. Dərhal da hərəkətə keçib onu qarət edirlər.
Bu yerdə bir maraqlı xatırlatma. Ardıcıl uğurlu qarətlərdən sonra elə Orifjon özü başda olmaqla dəstə üzvləri İŞİD-lə əlaqələri kəsmək qərarına gəlirlər. Daha yaxın Şərqə, müəmmalı hesablara pul göndərilmir. Qarət edilən bütün pullar isə onların öz aralarında bölünür. Dəstə daha bir neçə iri məbləğli qarətə əl atır. Amma bir təsadüf polisin onların izinə düşməsinə səbəb olur.
Orifjon aeroportun kameralarına düşmüşdü. Tezliklə polis onu həbs edə bilir. Tacik banda başçısı dəstə üzvlərindən heç birinin adını vermir. Bütün cinayətləri özünü törətdiyini deyir. Hüquq-mühafizə orqanlarında isə təbii ki ona inanmırlar.
O ki qaldı dəstə üzvlərinə, onlar bir müddət sakit dayanırlar. Demək olar ki, yaşadıqları mənzilləri belə tərk etmirlər. Amma bir-biriylə telefon vasitəsiylə əlaqə saxlayırlar. Günlərin bir günü Raqib dəstə üzvlərini hər birinə ayrılıqda zəng edib bildirir ki, artıq bu işləri bitirmənin zamanıdır. Sonuncu əməliyyata gedəcəklər, vəssalam.
Aradakı pulları bölüşdürdükdən sonra isə, hərə öz evinə, yəni vətəninə üz tutacaq. Raqib hətta Bakıya bilet də alır.
… 2019-cu il noyabrın 21-də onlara xəbər çatır ki, Yekaterinburqda pal-paltar alveriylə məşğul olan qırğız iş adamı vətəninə 37 milyon rubl göndərəcək. İş Adamı avtomobilini saxlayan kimi, quldurlar dərhal onu mühasirəyə alırlar. Raqib onu qorxutmaq üçün tapançadan 7 dəfə atəş açır. Digər dəstə üzvləri isə onun pulla dolu çemodanı götürüb aradan çıxırlar.Onlar təhlükəsiz bir yerə çatandan sonra idarə etdikləri maşını yandırırlar. Qəniməti isə öz aralarında bərabər bölürlər. Artıq vətən qayıtmağa sayılı günlər qalmışdı.
Bu qarətdən sonra artıq Moskvadan belə ən yaxşı kriminalistlər Uralın paytaxtına, Yekaterinburqa ezam olunurlar. Quldurların vilayətdə at oynatması nazirin belə diqqətindəydi. Raqibin vətənə qayıtmasına bir gün qalmış onun izinə düşürlər. Həm o, həm də dəstənin bütün üzvləri həbs edilir. Dindirilmə zamanı Raqib Hüseynov törətdiyi əməlləri boynuna alır. İstintaqla səmimi əməkdaşlıq edir.
Saysız-hesabsız quldurluğa görə – çoxu da odlu silah işlədilməklə törədilmişdi – Raqibi ən yaxşı halda 15 il həbs cəzası gözləyirdi. Məhkəmə istintaqı uzun çəkir. Onlarla şahid, zərərçəkən dindirilir. Və bir gün, məhkəmə iclaslarının birində istintaq materiallarını vərəqləyən hakim oxuduqlarından şoka düşür. Rəngi tutulur, gözləri yaşarır. Hə, özünü saxlaya bilmir. Materiallarda vilayətində fəaliyyət göstərən, “Uşaq evləri məzunları birliyi” və “Bizim vilayətin uşaqları” cəmiyyətlərinin rəsmilərinin ifadələri var idi. Sən demə, bu illər ərzində Raqib neçə-neçə qarətdən sonra ona çatan payın böyük əksəriyyətini uşaq evlərinə göndərirmiş. Və özü də təkcə hesaba da yox. O evlərdəki uşaqlara bayramlarda müxtəlif hədiyyələr, məişət texnikası da alırmış.
Məhkəmə ona xeyli yüngül cəza kəsir: vur-tut 8 il. Bu cəzanın iki ili isə artıq arxada qalıb. 6 ildən sonra Raqib azadlığa çıxır. Film kimi bir həyat.////bizimlider.az/