İranın nüvə alimləri də öldürüldü – FOTO

İsrailin İrana hücumu nəticəsində 6 nüvə alimi ölüb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.
Bildirilib ki, bu hücum İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıyıb. Çünki sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.
“Məhəmmədmehdi Tehranci İran Azad Universitetinin rektoru və nüvə fizikası sahəsində tanınmış alim idi. Feridun Abbasi isə əvvəllər İranın Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2010-cu ildə ona qarşı sui-qəsd cəhdi olub”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və SEPAH generalı Qulaməli Rəşid öldürülüblər. (axar.az)