İran qan gölünə döndü: Ölənlərin sayı dünyanı ayağa qaldıracaq

İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlar 16-cı gündür davam edir və həyatını itirənlərin sayı hər gün artmaqdadır.
Qlobal.net xəbər verir ki, ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri (HRA) təşkilatı etirazlar zamanı ölənlərin sayının 646 nəfərə, saxlanılanların sayının isə 10 min 721 nəfərə çatdığını açıqlayıb.
Qeyd olunub ki, ölənlər arasında 9-u uşaq olmaqla 505 etirazçı, 133 hərbçi və hüquq-mühafizə orqanı əməkdaşı, etirazlarda iştirak etməyən 7 mülki şəxs və 1 prokuror var.
Açıqlamada bəzi ölüm hallarının hələ də araşdırma mərhələsində olduğu vurğulanaraq, “HRA hazırda təsdiqlənmə mərhələsində olan 579 ölüm faktı ilə bağlı əlavə məlumat əldə edib” deyə bildirilib.
Etirazlar zamanı saxlanılan şəxslərin sayının 10 min 721 nəfərə yüksəldiyi qeyd olunub. Bildirilib ki, İranın 187 şəhərində 606 nöqtədə yayılan etiraz aksiyaları, rabitənin tamamilə kəsilməsinə baxmayaraq, davam edir.
HRA təşkilatı bir gün əvvəl yaydığı açıqlamada isə 28 dekabrdan bəri davam edən etirazlar zamanı ölənlərin sayının ən azı 544 nəfərə, saxlanılanların sayının isə 10 min 681 nəfərə çatdığını bildirmişdi.



