İran qoşunları Ermənistana daxil olarsa, onlar təkcə Sünikə (Zəngəzur) deyil, daha dərinə və ola bilsin ki, ölkədə hakimiyyət dəyişikliyinə qədər nüfuz edə bilərlər”.
Bunu erməni politoloq Armen Badalyan deyib.
O, İranı Zəngəzur dəhlizinin “ən qatı əleyhdar”ı adlandırıb və vurğulayıb ki, Tehran Əli Xameneyi səviyyəsində buna qarşı çıxdığını elan edib.
Ekspertin fikrincə, İran Zəngəzur dəhlizinin açılmasına Türkiyənin bundan istifadə edərək, bu bölgədən Pakistana qədər böyük bir coğrafiyada söz sahibinə çevriləcəyindən çəkindiyi üçün qarşı çıxır.
Badalyanın sözlərinə görə, Qərb də Türkiyə ilə birlikdə dəhlizin Rusiyanın nəzarətindən çıxması üçün hər şeyi etməyə çalışır: “Plana görə, bu, Qərb üçün Mərkəzi Asiya, Pakistan və uyğurların yaşadığı Şərqi Çinə açıq yol olmalıdır”.
Ekspert Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin qəti və birmənalı olduğunu söyləyib: “Azərbaycan bildirib ki, Zəngəzur dəhlizinin açılması hədəfindən geri çəkilməyəcək. Çünki bu dəhliz açılsa, Azərbaycan regional gücə və böyük türk coğrafiyasında Qərbin mühüm tərəfdaşına çevriləcək”.
Badalyan Zəngəzur dəhlizinin açılmasının Rusiyanın maraqlarına o qədər də uyğun gəlmədiyini iddia edib:
“Rusiya üçün də dəhliz qəbuledilməzdir. Amma Ukraynadakı durum və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmədiyini nəzərə alsaq, Kreml Moskvanın nəzarəti altında Türkiyədən idarə edilməsinə razı olan və Qərbin yer almadığı dəhlizlə razılaşa bilər”. (Teleqraf.com)