İnsan ovlayan varlılar: 30 il sonra üzə çıxan dəhşətli hadisələr…

İndi, XX əsrin sonundakı Balkan müharibələri artıq dərsliklərin mövzusu olduqda, həmin dövrün ən dəhşətli epizodunun — Bosniya müharibəsinin sağ qalan iştirakçılarının adi vətəndaş həyatı yaşadığı vaxt, — qəflətən görünməmiş bir istintaq başlanıb. Onun mövzusu damarlarda qanı dondurur: 1992–1995-ci illərdə döyüşlər zamanı varlı avropalılar (əsasən italyanlar) bosniyalı serblərin Sarayevo yaxınlığındakı mövqelərinə gəlib, böyük pullar ödəyərək canlı insanlara atəş açırmışlar – tirdə hədəfi nişan alan kimi. Əyləncə xətrinə. Milan prokurorluğu bu iddianın doğruluğunu aydınlaşdırmağa çalışır.
Üstündən otuz il keçdikdən sonra, XX əsrin sonlarında Avropa torpaqlarında belə bir şeyin baş verməsinə inanmaq, demək olar, mümkün deyil. Amma iş üzrə artıq bir neçə cild material toplanıb, bir neçə “səfər təşkilatçısı” müəyyənləşdirilib, bir də şahid var: üç il əvvəl ilk dəfə sənədli filmdə çıxış edən bosniyalı kəşfiyyat əməkdaşı.
Nişangaha alınmış şəhər
Sarayevo 1992-ci ilin aprelindən 1996-cı ilin fevralınadək mühasirədə qaldı. Bu 1425 gün — az qala dörd il — müasir Avropa tarixində paytaxt şəhərləri arasında ən uzun mühasirə idi. Sarayevo ətrafındakı təpələri Yuqoslaviya Xalq Ordusunun hissələri və Bosniya serblərinin dəstələri tutmuşdu — onlar müstəqil dövlətdə yaşamaq istəmirdilər. Şəhərdə təxminən 400 min insan qalmışdı. Sarayevo işıqsız, susuz, istiliksiz yaşayırdı. Çörəkdən tutmuş gülləyə qədər hər şeyi hava limanının altından keçən dar tunellə və ya dağ cığırları ilə atəş altında daşıyırdılar. BMT İkinci Dünya müharibəsindən bəri ən uzunmüddətli, iyirmidən çox ölkənin iştirak etdiyi humanitar hava körpüsünü təşkil etdi. Cəmi 12 min uçuş həyata keçirildi.
Şəhərin ətrafındakı təpələr və hətta dam örtükləri serb snayperləri ilə dolu olduğundan hər yerdə improvizasiya edilmiş lövhələr peyda olmuşdu: “Pazi, snajper!” (“Diqqət, snayper!”). Ən ölümcül yol isə Meşa Səlimoviç küçəsi idi — jurnalistlər ona “Snayperlər xiyabanı” (Sniper Alley) adını vermişdilər. İnsanların başqa yolu yox idi: ölüm riski altında bu küçəni keçməli idilər. Serb snayperlər küçənin hər metrini nişangah altında saxlayırdılar. Tramvay dayanacaqları, avtobuslar, məktəb həyətləri, su götürülən quyular — hər şey atəş altında idi. Qurbanlar assosiasiyalarının məlumatlarına və BMT məhkəmələrinin sənədlərinə görə, şəhərdə ölənlərin ümumi sayı təxminən 14 min nəfərdir.
Sarayevoda snayper gülləsi ilə öldürülən və yaralananların arasında minlərlə dinc sakin, o cümlədən 1600 uşaq var idi. Şəhərdə öldürülən hər on uşağın biri snayper tərəfindən vurulmuşdu.
Məqsəd təkcə hərbi təzyiq deyildi. Bu, “qorxunu saxlamaq üçün terror” idi — sonradan Qərb müxbirləri belə yazırdı. İnsanlar zirzəmidən çıxmağa qorxsunlar, müqavimət barədə düşünməsinlər.
Yalnız indi görünən kinolent
Yeni istintaqa təkan verən hadisə sənədli film oldu. Hələ 2022-ci ildə Sloveniya rejissoru Miran Zupaniç “Sarayevo safarisi” adlı film çəkdi. Həmin filmdə anonim səslər (üzlər gizlədilib, səslər dəyişdirilib) varlı əcnəbilərin mövqelərə gəlib “hədəf” seçib… atəş açmalarından danışır.
O vaxt filmi az adam görmüşdü. İndi isə italyan jurnalist Ezio Gavazzeni yenidən ona qayıtdı. O, keçmiş hakim Guido Salvini (1960–1980-ci illərin neofaşist terror qruplarının işlərinə baxan şəxs) ilə birlikdə 17 səhifəlik şikayət hazırlayaraq Milan prokurorluğuna təqdim edib. Salvininin iştirakı xüsusi ümid yaradır: vaxtilə o, İtaliyadakı sağ radikal terrorçuların cinayətlərinin istintaqını onilliklər sonra belə dirçəltmişdi.

Prokuror Alessandro Gobbis “xüsusi qəddarlıq və alçaq motivlərlə qəsdən adam öldürmə” maddəsi üzrə iş açıb. Onun sözlərinə görə, ifadə verə biləcək bir neçə nəfərin siyahısı artıq mövcuddur və onlar dindiriləcəklər.
Gavazzeninin təxmininə görə, yalnız italyan “turist atıcıların” sayı yüzə yaxın ola bilər. Filmdə Kanadadan, ABŞ-dan və Rusiyadan gələnlər də qeyd olunur. Belçika prokurorluğu da öz vətəndaşlarına göz qoyur— Zupaniçin filmində belçikalılarla bağlı işarələr var.
“Safarini” necə aşkar etdilər
“Sarayevo safarisi” filmindəki əsas şahidlərdən biri, Bosniya ordusunun istefada olan kəşfiyyat zabiti Edin Subaşiç bu dəhşət haqqında ilk dəfə 1993-cü ilin sonunda — əsir alınmış bosniyalı serbdən eşitdiyini xatırlayır.
Həmin əsgər danışmışdı ki, mövqelərə qəribə əcnəbilər gəlməyə başlayıb: nə muzdlu döyüşçülər, nə də könüllülər, sadəcə varlı “ovçular” — şəhərdəki insanlara atəş açmaq üçün böyük pullar ödəyənlər. Onlar özləri ilə bahalı, yüksək dəqiqlikli optikası olan snayper tüfəngləri gətirirdilər (və ya elə yerindəcə alırdılar) — bu silahlar adi ordunun standart silahlarından daha çox elit ov tüfənglərinə bənzəyirdi. Tüfənglər bahalı nişangahlarla, bəzən ballistik kalkulyatorlarla birlikdə olurdu — 1993-cü ilin Balkan cəbhəsində bu, sanki başqa planetdən gəlmiş texnika təsiri bağışlayırdı. Subaşiçin sözlərinə görə, onları ələ verən də elə bu “mülki dəbdəbə” olub: adi əsgərlər belə silahları özlərinə rəva görə bilməzdilər.
Amerikalı keçmiş dəniz piyadası və yanğınsöndürən Con Cordan isə 2007-ci ildə Haaqa məhkəməsində keçmiş Yuqoslaviya hərbi cinayətkarlarından birinin məhkəməsi zamanı ifadə verib. O, and içərək deyib ki, özünün “turist snayperlər” adlandırdığı adamları bir neçə dəfə görüb — “paltarlarına və onları yerli zabitlərin müşayiət etməsinə görə yerli sakin olmadığı açıq görünürdü”, əlindəki silahlar isə “Balkanlardakı küçə döyüşlərindən daha çox, qaban ovuna uyğun” idi. Ondan soruşanda ki, bu adamları harada görüb, cavab vermişdi: “Sarayevonun Qrbavitsa rayonundakı serb yanğınsöndürənlərə baş çəkəndə”. Bu yer Zupanichin filmindəki ifadələrlə üst-üstə düşür.
Bosniya kəşfiyyatı başa düşdü ki, tamamilə yeni və dəhşətli bir şeylə üzləşib. 1994-cü ilin əvvəlində onlar İtaliyanın hərbi kəşfiyyatı SISMI-yə Triestdən Belqrada, oradan da Sarayevo ətrafındakı mövqelərə uçan çarter reysləri barədə dəqiq məlumat ötürdülər. İtalyanlar dərhal reaksiya verdilər: qruplardan birini aeroportda saxlayıb, geri qaytardılar. Subaşiç deyir ki, bu barədə sənəd bu gün də mövcuddur, amma qrif altındadır — hətta Milan prokurorluğunun müstəntiqlərinə belə göstərilmir. O, indi Milan prokurorluğundan çağırış gözlədiyini bildirir.
Bu, necə işləyirdi
Sxem sadə görünsə də eyni zamanda inanılmaz dərəcədə mürəkkəb idi — çünki bir neçə səviyyədə vasitəçilərin iştirakı tələb olunurdu. İştirakçılar İtaliyada, çox vaxt da Triestdə, cümə günləri toplanırdı. Buradan çarter reysi ilə (əsasən serb Aviogenex şirkəti) Belqrada yollanırdılar. Bəzən Vyana və ya Budapeşt üzərindən uçuş olurdu, amma əsas “qovşaq” Belqrad idi. Belqraddan mövqelərə çatdırılma isə artıq hərbi aviasiya ilə — helikopterlər də daxil olmaqla — Pale şəhərinə, o vaxt özünü “Serb Respublikasının” paytaxtı elan etmiş mərkəzə, yaxud birbaşa ön xəttə aparılırdı. Oradan da bosniyalı serblərin ordusuna aid “ciplərlə” Treybeviç, Yaxorin və İqman dağı ətrafındakı snayper yuvalarına.
Boş gələn “ovçulara” Draqunov snayper tüfəngi və ya “Remington 700” kimi Qərb analoqları verilirdi. Şəhər ovuc içi kimi görünürdü, məsafə — 500–1000 metr. “Seçin” deyirdilər. Şahidlərin sözlərinə görə, hətta preyskurant da varmış: uşaq — 100 min avroya qədər, qadın — 80 min, kişi — daha ucuz, yaşlılar — demək olar, havayı.
Axşam və ya ertəsi gün — yenidən Belqrada, sonra da evə. Qeyri-iş günlərinə sığışırdılar.
Ehtimal olunur ki, pulun bir qismi Serbiyanın dövlət təhlükəsizlik xidməti SDB-nin (rəhbər — Yovitsa Stanişiç, daha sonra hərbi cinayətlərə görə Haaqada mühakimə olunub) kassasına otururdu; bir qismi yerlərdəki diviziya komandirlərinə və əlbəttə, müxtəlif vasitəçilərə gedirdi.
Rus izi: tüstü və alov
Zupanichin filmində anonim şahidlər “turistlər” arasında rusların da olduğunu deyirlər. Kadrarxası səslərdən biri müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan gələn adamlardan danışır.
Bosniyalı serblərin tərəfində doğrudan da rus könüllüləri döyüşürdü — müxtəlif mənbələrə görə 300–700 nəfər arası. Bəziləri snayper idi, bəziləri muzdlu kimi pul alırdı. Rusiya jurnalistlərinin hesablamalarına görə, postsovet respublikalarından bir neçə yüz könüllü Bosniya müharibəsindən keçib; ən azı 35–40 nəfər həlak olub, təxminən 20 nəfər şikəst qalıb. 1994–1995-ci illərdə həlak olan on yeddi rus könüllüsü Sarayevo yaxınlığında Donji-Miçeçi qəbiristanlığında dəfn olunub.
Ən tanınmış və rəsmi şəkildə qeydə alınmış hadisə Eduard Limonovla bağlıdır. 1992-ci ildə polyak rejissor Pavel Pavlikovski “Serb eposu” (Serbian Epics) adlı sənədli filmində yazıçı və siyasətçi Limonovu çəkmişdi: Limonov, Radovan Karaciçin (o zaman — tanınmamış Serb Respublikasının prezidenti və onun silahlı qüvvələrinin ali baş komandanı; 2019-cu ildə hərbi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib — Red.) müşayiəti ilə Sarayevo üzərindəki mövqedən şəhər istiqamətinə pulemyotdan atəş açır. Bu kadrlar bütün dünyada yayıldı. Limonov bu epizodla fəxr edir, özünü “serb xalqının dostu” adlandırır və 2020-ci ildə ölümünə qədər heç vaxt peşmanlıq ifadə etmədi.
Daha bir maraqlı dolayı ipucu da var. Bosniyaya dəfələrlə səfər etmiş və Sarayevonun mühasirəsini öz gözü ilə görmüş italiyalı yazıçı və aktivist Luka Leone 2014-cü ildə “Sarayevo bicləri” (The Bastards of Sarajevo) adlı kitabını nəşr etdirdi. Əsərdə guya mövqelərdə görünən ruslardan bəhs olunur.
“Dünyanın hər yerindən gələn yadellilər — amerikalılar öz dollarları ilə, kanadalılar saxta nəzakətləri ilə, ruslar isə qaranlıq ehtirasları ilə [o ehtiras ki, müharibəni sadistlər üçün şəxsi ziyafətə çevirir] — Xorvatiya və Bosniyadakı serb blokpostlarında pul verərək həftəsonunu insanlara atəş açmaqla keçirirdilər, sanki Afrikada ov edirlərmiş kimi.
Onlar “qənimətlə” — Milan və ya Moskvadakı şam süfrələrində göz qırpmadan danışdıqları hekayələrlə — qayıdırdılar. Sarayevodakı jurnalistlər bunu bilirdi, sakinlər bilirdi —mühasirədə olan bütün şəhər bilirdi, amma hamı üçün susmaq qızıl idi”, — deyə Leone kədərlə yazır və burada “hamı” dedikdə həm cəlladları, həm vasitəçiləri, həm də biganə müşahidəçiləri nəzərdə tuturdu.
2022–2025-ci illərdə bəzi Bosniya və Qərb KİV-ləri “rusların da olduğu”nu təkrarlayırdı — əsasən həmin Zupaniçin filminə və ya anonim veteranların ifadələrinə istinad edərək. Lakin serb tərəfi və Rusiya veteranları bu “Sarayevo safarisi” hekayəsini təbliğat adlandırırlar. “Bizdə heç bir turist olmayıb, — onlar 2022-ci ildə deyirdilər və indi də təkrarlayırlar. — Serbiya uğrunda döyüşməyə gələn və ölən könüllülər vardı”.
Sübut etmək niyə belə çətindir
Üstündən otuz ildən çox vaxt keçib. Şahidlər dünyadan köçür. Arxivlər məhv edilib və ya gizlədilib. Hələlik yalnız bir neçə iştirakçının kimliyi təxminən məlumdur. Milan plastik cərrahiyyə klinikasının sahibi 1993-cü ildə özü getmiş və müştərilər aparmış ola bilər. Turin və Triestdən bir qrup iş adamı — hörmətli şəxslərdir, adları işdə var, amma məxfilik qrifi altındadır. Yurisdiksiya məsələsi də mürəkkəbdir: italyanlar başqa ölkənin ərazisində, müharibə şəraitində atəş açıblar. Bunu qətl kimi tövsif etmək çətindir, hərbi cinayət saymaq üçün isə sistemlilik sübuta yetirilməlidir.
Milan işi çox ləng gedir. Artıq altı nəfərə şübhəli statusu verilib. Prokurorluq “Aviogenex”in keçmiş pilotlarını, hərbi sürücüləri, mövqe komandirlərini axtarır. Bosniyanın Milan konsulu Dağ Dumrukçiç öz ölkəsinin hökuməti adından “tam əməkdaşlıq” sözü verib. “Biz bu dəhşətli işin həqiqətini üzə çıxarmağa və keçmişlə hesablaşmağa çalışırıq. Mənim bildiyim müəyyən məlumatlar var, onları istintaqa təqdim edəcəyəm”, — deyib. Məhkəmə şikayətinin verilməsində iştirak edənlərdən biri, Sarayevonun keçmiş meri Benyamin Kariç Milan prokurorluğunun istintaqı haqqında xəbərlərin Bosniya və Herseqovina prokurorlarına da cığır açacağına, onların Bosniya serb ordusunun keçmiş komandirləri və mühasirə ilə əlaqəli şəxslər barəsində araşdırmaya başlayacağına ümid etdiyini bildirib. Lakin vəziyyət ürəkaçan deyil: Bosniya və Herseqovinanın Ali Məhkəmə və Prokurorluq Şurasının məlumatına görə, burada hələ də 3200-dən çox hərbi cinayət işi araşdırılmamış qalır, onların 2900-dən çoxu “başlanğıc mərhələsindədir”.
Hazırda 150-dən çox şübhəli Bosniyanın hüdudlarından kənarda yaşayır — əsasən Serbiya və Xorvatiyada. Hər iki ölkə öz vətəndaşlarını təhvil vermir və onlar yalnız öz yurisdiksiyaları daxilində mühakimə oluna bilərlər.
Sarayevodan olan hüquq professoru, hərbi cinayətlər üzrə ekspert Enver İseriçin qeyd etdiyi kimi, Bosniyanın Baş prokurorluğu tribunaldan ona təqdim edilmiş “A siyahısı”ndakı bütün şəxslərə ittiham irəli sürməyib, “halbuki bu, prioritet olmalı idi” (söhbət keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalından — 2017-ci ildə bağlandıqdan sonra bir çox işi milli məhkəmələrə, o cümlədən Bosniya məhkəməsinə ötürmüş BMT xüsusi məhkəməsindən gedir — Red.)
“Həmin səbəbdən nə bir bosniyalı hərbi cinayətkar uşaqların öldürülməsinə görə, nə də heyvani instinktlərini təmin etmək üçün Bosniyaya gəlib insan öldürməyə və pul ödəməyə görə mühakimə olunub. Müharibədən otuz il keçməsinə baxmayaraq, yüzlərlə hərbi cinayətkar hələ də aramızda sərbəst gəzir, qurbanları isə onları küçələrdə görür”, — deyə hüquqşünas vurğulayıb.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada



