toy

“İndi əxlaqı olmayan insanlara üstünlük verilir” – Psixoloqdan AÇIQLAMA

Son illər ölkəmizdəki gənclərin evliliyə marağı kəskin şəkildə azalıb. İstər subay qızlarımız, istərsə də oğlanlar demək olar ki, ailə qurmaqdan boyun qaçırır. 

Gənclərimizin yaşı artdıqca bu məsələ onlardan daha da uzaqlaşır. Adətən belə məqamlarda sosial səbəbləri ön plana çəkənlər olur. Ancaq belə problemlərin təməlində psixoloji faktorlar daha çox təsiredici olur. Bəs gənclərin ailə qurmaqdan çəkinməsi və ya bu prosesi gecikdirməsində münasibətlərə olan güvən məsələsinin nə dərəcədə rolu var?

“Yeni Sabah”a danışan Psixoloq Vüsalə Rüstəm gənclərin evlilik fobiyasının əsl səbəblərinə belə aydınlıq gətirib:

“Gənclərin gənc yaşda nigaha girməməsinin bir neçə səbəbi vardır. Sosial problemlər, cəmiyyətdə baş verən sürətli təbəqələşmə, mənəvi dəyərlərin aşınması, güvən hissinin olmaması və s. 

Ailə dövlətin sütunu hesab olunan dəyərlərdən ən əsasıdır. Yaxın keçmişdə sosial vəziyyət demək olar ki, eyni idi. İnsanlar evləndikdən sonra hansısa zavod və fabrikdə işləyərək və ya əkiz övladları olduqdan sonra evlə təmin olunurdular. Mühit elə qurulmuşdu ki, çox az insanın nəyəsə ehtiyacı ola bilərdi. İnsanlar maddiyyata bağlı olmadan mənəvi saf həyatlarını yaşayır, qarşısına çıxan insanın səmimiliyinə, sözünə etibar edərək onunla evlənirdirdilər. 

Bu o demək deyildi ki, hər kəs yaxşı insan idi. Kapitalizmə qoyduğumuz qədəmlərlə insanlarımız sıxışan kimi daxilində gizlənən neqativləri üzə çıxarmağa başladı. Aydınlıq üçün deyim ki, hər kəsin daxilində mənfi və müsbət xüsusiyyətləri vardır. Düşdüyü şəraitə uyğun insan o xüsusiyyətləri üzə çıxarır. Şəxsiyyəti tam olmayan insanlar isə düşdüyü çətinlik qarşısında aciz qalır, mənfi yollara və həyata meyllənir. 

Madiyyatın əsas olduğu dönəmlərdə insani keyfiyyətlər arxa plana keçir, kobud dillə desək hər şey pula alınıb, satılır. Heç kim qonşusunun sadə həyat keçirən, kasıb savadlı, ağıllı həkim qızı ilə evlənmək istəmir. Hər kəs varlı həyat arzulayır, varlı amma əxlaqı olmayan insanlara üstünlük verilir. Bu zaman ən pisi baş verir. Boşanmalar çoxalır, cəmiyyət travmalı, tək uşaqlarla dolu olur. Güvən sarsılır, neqativ hekayələr çoxalır, boşanıb aliment istəyən qadınlar evlənmək yaşına çatan gənc oğlanların qorxulu yuxusunu çevrilir. İnamın itməsi, çox insanın normal həyat tərzi yaşamaması nigaha girən gəncləri qorxutmağa başlayır”.

Psixoloq vurğulayıb ki, insan qorxduğu zaman bütün proseslər ləngiyir: “Saf sevgi və qarşılıqlı hörmət əsnasında qurulan ailələr azalır. Hər kəsi maddiyyat düşündürür. Maddiyyatı əldə etmiş bir kişi isə mənəvi zəngin qadın tapa bilmir. Pulun madiyyatın  hakim olduğu bütün dönəmlər insani duyğular - sevgi, hörmət, dostluq yox olur, onu yalançı münasibətlər əvəzləyir. Sonda nə baş verir? Cəmiyyət tənhalaşmış və ünsiyyət qurmaqdan qorxan kişi və qadınlardan ibarət olur. Bu isə cəmiyyətdə aqressiya yaradır. Sevgisiz və ailəsiz insan kobudlaşır, mərhəmət hissini itirir, depressiv olur. Ailə dəyərlərinin yox olması, zədələnməsi gələcək üçün ürəkaçan hadisələr vəd etmir”.

04.02.2025 16:43
show 106