Ramazan bayramı ilə bağlı müzakirələr davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fitvaya görə, aprelin 21-i Ramazan bayramıdır. Artıq bayram namazı qılınıb. QMİ-dən bildirilib ki, bu gün oruc tutmaq günahdır.
Qlobal.net xəbər verir ki, bəzi qruplar yenidən çaşqınlıq yaratmağa çalışır. Bayramın bu gün olmadığını, orucluğun davam etdiyini deyirlər, bu haqda sosial şəbəkələrdə təbliğat aparırlar. Bu qrupların İrana bağlı olması ilə bağlı iddialar səsləndirilir.
Bəzi rayonların axundları bu təxribatlarda birbaşa iştirak edir. Məlumatda deyilir ki, İmişli rayonunun axundu İrandan aldığı tapşırıqla Ramazan bayramının bu gün olmadığını elan edib. Rayon sakinləri iddia edirlər ki, axund İrandakı mərkəzlərdən göstəriş aldığı üçün belə edir.
Sakinlərin bildirdiyinə görə, hazırda rayonda çaşqınlıq yaranıb. Rayonun inanclı insanlarının yarısı orucu bu gün açıb, yarısı da İran təqviminə uyğun olaraq sabah açacağını deyib. Rayonun axundunun telefonunu söndürərək, İmişlidən qaçdığı haqda məlumat dolaşır.
Xatırladaq ki, Prezident İlham Əliyev xalqı Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda Ramazan bayramı bu gün qeyd edilir./Globalinfo.az