İlyas Mahmudov həbs edildi - FOTO
Azərbaycanda rüşvət alan sabiq məhkəmə hakimi həbs edilib.
Bu barədə Qlobal.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib
ki, Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilən qanunsuz
qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər
pozuntulara yol verilməsi faktı ilə bağlı Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Ədliyyə Nazirliklərindən daxil olan
material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanaraq istintaq aparılır.
İstintaqla
müəyyən olunub ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin
hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif
mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə
bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı
şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, bununla əlaqədar
bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.
Bundan
başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər
işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan
məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə
bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə
aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu
hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə
cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla
dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm
zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.
Toplanan
kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin
295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad
çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə
barəsində həbs qətimkan tədbiri seçilib.
Əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.