ilyas

İlyas İsmayılov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

Qlobal.net İlyas İsmayılovun dosyesini təqdim edir.

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universiteti cinayət-hüquq kafedrasının aspiranturasına daxil olub, 1966-cı ildə orada dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı, sonra 2 il respublika prokurorunun köməkçisi işləyib.

1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikasının prokuroru işləyib.

1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikasının ədliyyə naziri olub. Hüquq elmləri doktorudur.

1997-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın sədri seçilib. 2000-ci ildə Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir. İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

İ.İsmayılov 2003-cü ildə keçirilən Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub.

Son iki çağırışda 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.

17.02.2025 15:20
show 190