İlkin Süleymanov hər şeyi ETİRAF ETDİ: Qətli əslində görün KİM TÖRƏDİB - DETALLAR
Gəncə Apellyasiya Məhkəməsində İlkin Süleymanovun apellyasiya
şikayətinə baxılır. Fevralın 13-də Tovuz rayonunun Dondar Quşçu kəndində
10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin
Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Gəncə
Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən
prosesdə İlkin Süleymanov çıxış edib. İ.Süleymanov Tovuzun Dondar Quşçu
kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanaraq 4
ildən çoxdur həbsdə saxlanılır.
Təqsirli bilinən İlkin Süleymanov məhkəmədəki çıxışında bildirib
ki, onun günahsızlığı gec-tez məhkəmə tərəfindən sübuta yetiriləcək:
“Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil
ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir
Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı
bilirsiniz. Cavab verdi ki, “neyləmək olar, bəzən təqsirsiz adamlar da
tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur”.
Bəs hazırda istintaqın gedişindən hansı nəticə gözlənilir?
Məsələ ilə bağlı danışan İ. Süleymanovun qardaşı Adil Süleymanov
Referans.az-a bildirib ki, apellyasiya məhkəməsi ədalətli qərar
verməzsə, Ali Məhkəməyə qədər məsələ uzadılacaq:
“Müstəntiq Nadir Mirzəyev Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin
istintaq idarəsində fəaliyyət göstərir. İlkinin işi ilə bağlı da rayona
təhkim olunmuşdu. Tovuz rayon istintaq qrupunun rəhbəri idi. Bir
müddətdən sonra istintaq qrupunun rəhbərliyindən uzaqlaşdırıldı, baş
müstəntiq oldu. İlkinin işi ilə məşğul olanların böyük əksəriyyəti onun
günahsız olduğunu bilir. Lakin hər kəs susur. Bu işin arxasında
dayananlar kimdirsə, məsələnin orataya çıxmasına icazə vermir”.
Adil Süleymanov qeyd edib ki, İlkinin Gəncədə olan vəkili 4 ildir
ki, davam edən bir istintaq prosesindən sonra bir şəxsin işinə bəraət
alıb. Onun sözlərinə görə, bu məsələnin indi olmasa da, bir müddətə öz
həllini tapacağına, haqq və ədalətin bərpa olunacağına inanırıq:
“İlkində də buna görə, bir qədər ümid hissi yaranıb. Ən pis halda Ali
Məhkəməyə ümid edirik. Bu məsələnin geci-tezi var. Ədalət öz yerini
tapacaq. Bu ədalətsizlik mütləq bir gün həll olacaq. Apellyasiya
məhkəməsi bəraət verməzsə, Ali Məhkəməyə müraciət edəcəyik.
Əgər heç bir nəticə ala bilməsək, bu məsələni Avropa Məhkəməsinə
verməyi düşünürük, amma istəyirik ki, ədalət öz ölkəmizdə bərpa
olunsun”, - deyə Adil Süleymanov əlavə edib.
Referans.az xatırladır ki, 11 yaşlı Nərmin Quliyeva 2019-cu il
noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra
itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun
azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İ.Süleymanova CM-in
120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu
(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən
öldürmə), 144.3-cü (adam oğurluğu) və başqa maddələri ilə ittiham
verilib. O, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi
verdiyini söyləyir.
Baş Prokurorluq İ.Süleymanovun işgəncə iddialarını təkzib edib və
vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının
təsdiqini tapmadığını bildirib.