Cəmiyyət

İlk mini yubkalar necə yarandı?

Bu gün modanın yarandığı və inkişaf etdiyi şəhərlər arasında London xüsusi yer tutur.

Qlobal.net xatrladır ki, bu şəhər digər moda mərkəzləri ilə müqayisədə daha eksperimental və hərarətli mühit təqdim edir. Britaniya moda sisteminin inqilabi ruhu həmişə klassik tikiş sənəti ilə tamamlanıb.

Bond Streetin əsas auditoriyası iş adamları olsa da, modanın gənc və üsyankar tərəfi Carnaby Street və Kensington ətrafında formalaşır. Simona Segren Reynaç “Fashion, An Introduction” kitabında Britaniya modasının eksentrik inkişafını müəyyən edən iki əsas nöqtəni vurğulayır: Swinging London dövründə Meri Kvant və Biba butiki.

1960–1967-ci illər — yəni Swinging Sixties dövrü — gənclik və yeniyetmə anlayışının modanın və mədəniyyətin mərkəzinə çevrildiyi illər idi. 1960-cı illərin Twiggy kimi qadın ikonalarından tutmuş Beatles-in musiqisinə qədər, gənclik mifi və üsyankarlıq – bütün bu London inqilabı Meri Kvantın mini ətəyi icad etməsi ilə zirvəyə çatdı.

Meri Kvant – karyerasının başlanğıcında

1930-cu il fevralın 11-də Blackheathdə anadan olan Meri Kvant iki universitet müəlliminin övladı olaraq savadlı bir ailədə böyüdü. Valideynlərinin yolunu davam etdirməsə də, modaya olan həvəsi ona Goldsmiths College-də illüstrasiya üzrə təhsil almağa səbəb oldu.

O, rəsmi dizayn təhsili almamışdı, lakin eksperiment aparmaq qabiliyyəti və Mayfair-dəki lüks papaqçı yanında keçdiyi təcrübə onu moda dünyasına yönəltdi. Londonadakı həyatında ərinə çevriləcək, aristokrat ailəsindən olan Aleksandr Planket Qriyn ilə tanış olduqdan sonra onlar birlikdə Bazaar adlı butiki açdılar. Bu butik Kvantın həyata keçirəcəyi moda inqilabının mərkəzinə çevrildi.

Meri Kvant: moda sisteminin kənarında

“Chelsea Set-in dəqiq tərifini heç kim verə bilməyib, amma məncə o, ictimai havada dolaşan bir şeydən yaranaraq sistemlə qırılma cəhdinə çevrilmişdi” – Kvant öz avtobioqrafiyası “Quant by Quant”da belə yazır.

1955-ci ildə Londonda Bazaar butikini açan Kvant mövsümi kolleksiya anlayışından kənara çıxaraq sadə, praktik, sosial sinif bölgülərinə tabe olmayan geyimlər hazırladı. O, yalnız mini ətəyin ixtiraçısı kimi deyil, həm də öz obrazı ilə 60-cı illərin simvoluna çevrilmişdi. PVC kimi yenilikçi materiallar, rəngli corablar, Vidal Sassoon saç kəsimi – bütün bunlar həmin dövrün tərzini müəyyən edən elementlər idi.

1966-cı ildə modaya verdiyi töhfələrə görə OBE ordeni aldı, 2009-cu ildə xüsusi markası buraxıldı və işinə həsr olunmuş saysız-hesabsız resurs yaradıldı.

Yeni mədəni sistem üçün yeni üslub: mini ətək

Əvvəl 1961-ci ildə, sonra isə 1966-cı ildə ətək boyunun kəskin qısalması qadın azadlığı istiqamətində mühüm addım idi. Uzun müddət narahat və strukturlu geyimlərə məcbur edilən qadınlar nəhayət ki, ayaqlarını açıq göstərir və hətta alt paltarlarında belə daha sərbəst modellərə keçirdilər.

Bu minimal və sadə formalar qadın bədənini ön plana çıxarırdı — məktəbli qızların bədən quruluşuna daha yaxın siluetlərə üstünlük verilirdi. Geyim tələbindən daha əvvəl mədəni dəyişiklik ehtiyacını qarşılayan mini ətək 60–70-ci illərin feminist hərəkatlarının və gənclik üsyanlarının rəmzinə çevrildi.

Mini ətək qadın üçün işdə və gündəlik həyatda geyinilə bilən rahat, praktik bir geyim idi. Həm də az parça və aşağı istehsal xərci tələb edirdi. Zamanla mini ətəyin rəngləri parlaqlaşdı, formaları isə digər dizaynerlərin təsiri ilə dəyişdi. Bu inkişaf isə mini ətəyin həqiqi ixtiraçısının kim olduğu barədə mübahisələr yaratdı.

Mini ətəyin müəllifliyi ilə bağlı mübahisələr – Meri Kvant

Mini ətəyin ixtiraçısı titulu uğrunda Meri Kvanta rəqib olan ən tanınmış dizayner André Courrèges idi. Bundan başqa, kostyum dizayneri Con Beyts, ABŞ-da ətək boyunu qısaldan Rudi Gernreich və 1956-cı ildə qısa ətəklər hazırlayan Helen Rouz da bu siyahıya əlavə edilirdi.

Kvant isə ittihamlara belə cavab verirdi:
“Mini ətəyi məşhur edən dizaynerlər yox, onu geyinib mağazama gələn qızlar idi.”

Kvant yalnız geyim deyil, bütöv bir brend yaratmışdı: gündəlik yeni məhsul istehsalı, qara-ağ çobanyastığı logosu və Bazaar butikində formalaşan moda icması onu dövrünün ən böyük təsir sahiblərindən birinə çevirmişdi.

“Ananın paltarından uzaq”: Kvantın mini ətəyi

Mini ətəkdən əvvəl icad edilən şey — gənclik anlayışı idi. II Dünya müharibəsindən sonra formalaşan yeni gənc nəsil valideynlərinin adət-ənənələrindən uzaqlaşmaq istəyirdi. Oğlanlar saçlarını uzadır, qızlar isə çox qısa kəsdirirdilər. Bu vizual dəyişikliklər gəncliyin öz kimliyini tapma vasitəsi idi.

Kvant “Quant by Quant” kitabında yazırdı:
“Gənclər sadəcə analarının geyindiyini geyinməkdən yorulmuşdular.”

Bununla belə, mini ətək tənqidsiz də deyildi. Feministlərin bir qismi onu qadını obyektləşdirdiyinə görə tənqid edirdi. Lakin Londonun Viktoriya və Albert Muzeyi Kvantın vəfatından sonra belə qeyd etdi:
“Kvantın moda dünyasına təsirini azaltmaq mümkün deyil. O, 1960-cı illərin sevinc dolu azadlıq simvolu idi və gənc qadınlar üçün yeni rol modeli yaratdı.”

Mini ətəyin tarixi dövrlərlə dəyişməsi

Mini ətək bəzi dövrlərdə trend və zəruri elementə çevrilir, bəzi dövrlərdə isə podiumlardan yox olurdu. Müşahidələr göstərirdi ki, iqtisadi çiçəklənmə dövrlərində qısa ətəklərə tələbat artır, böhran dövrlərində isə ətək boyu uzanırdı. Bu nəzəriyyə iqtisadçı Corc Teylor tərəfindən Hemline Index adlandırıldı.

1960-cı illərin sürətli məşhurluğundan sonra bəzi feminist cərəyanların tənqidi ilə mini ətək populyarlığını itirdi. 1980-ci illərdə cheerleading mədəniyyətindən ilhamlanan “rah-rah” ətəyi ilə geri döndü. 1990-cı illərdə isə Lagerfeldin zərif, Versacenin cəsarətli üslubu ilə müxtəlif brendlər tərəfindən yenidən şərh olundu.

Pandemiya dövrünün rahat, sadə geyim tərzindən sonra post-pandemiya mərhələsi yenidən parlaqlıq və şou elementləri ilə xarakterizə olunur. Bu mühitdə mini ətək də geri dönüş etdi və xüsusilə Miu Miu-nun ikonik kolleksiyası müasir trendə çevrildi.

Tərcümə etdi: Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button