64b924f056794202307231336
İlahiyyatçı: “Məhərrəm ayında yas mərasimlərinin əsla İslam dininə, İmam Hüseyn yoluna dəxli yoxdur...”

“Ümumiyyətlə, İslam dinində yas, matəm, ağlaşma, bədbinlik yoxdur. Bu, sonradan İslamı qəbul etmiş farslar tərəfindən keçib. Həzrət Məhəmməd peyğəmbər ölüyə ağlamağı, ağı deməyi, mərsiyyə oxumağı qadağan edib. Çünki İslam dininin mahiyyətində axirət, öldükdən sonra dirilmək inancı var. Demək, insan ölərkən əbədi dünyaya gedir. Ələlxüsus da imamlar, şəhidlər sorğusuz Cənnətə gedirlər. Bəs onda niyə ağlayırlar? Niyə Cənnətə getdilər deyəmi ağlayırlar? Çox absurddur. Peyğəmbərin 70-dən artıq yaxın əshabının, qohumlarının da şəhid olduqları savaşlar olub. Ancaq o, nə yas saxlayıb, nə də il dönümü keçirib. Bəs onda Məhərrəm ayını niyə yasa bürüdülər?” 

Bu sözləri Pravda.az-a müsahibəsində ilahiyyatçı Tural İrfan deyib. 

O bildirib ki, Sasani qalıqları olan Büveyhilər Abbasi xilafətini sarsıdıb, Bağdadı ələ keçirdikdən sonra aparıcı sünni xəttinə müxalif olaraq ikitirəliyi dövlət səviyyəsində tətbiq ediblər: “Müsəlmanların Qurban və Ramazan bayramına müxalif olaraq Qədir Xum bayramı, Kəbənin yerinə Kərbəla ziyarəti, matəm ayı olaraq da Məhərrəm ayını seçdilər. Məqsəd digər müsəlmanlardan fərqlənmək, hakimiyyətlərini əldə saxlamaq idi. İlk dəfə İmam Hüseynə görə başına döyüb, zəncir vuran dəstə isə məhz elə o həzrəti Mədinədən İraqa dəvət edən Kufə əhli olub. Onlar xəyanət edib, İmam Hüseyni dəvət etdilər, sonra da Yezid tərəfə keçib Hüseynin qanını tökdülər. Təəssüf ki, onlar şiələr idilər. Sonra da peşman olub başlarına döydülər. Hərəkat yaratdılar, adını da Təvvabin, yəni tövbə edənlər qoydular. O dövrdən bu yana başa döymək, zəncir vurmaq, bir ay yas saxlamaq ənənəsi yarandı. Yəni bu ayda keçirilən ağı, mərsiyə, matəm mərasimlərinin əsla İslama, İmam Hüseynin yoluna dəxli yoxdur. Əksinə, ərəb milliyyətçiliyinə əsaslanan Yezid hakimiyyəti bu cür cahilliklə mərasimlərini dirçəltmək istəyirdi. Məsələn, Yezidin sevdiyi cariyə ölərkən o, uzun müddət rəsmi matəm elan etmişdi. Ancaq İslamda matəm yoxdur. Üç gün ölmüş şəxsə yas tutmaq var. Ondan sonra əsla il dönümü, yas saxlamaq deyə bir şey yoxdur”. 

Tural İrfan vurğulayıb ki, İslamda olmayan bir adəti İslama gətirmək isə bidət, yəni çox böyük günah sayılır: “Təəssüf ki, Səfəvilər dövründə məzhəbçi siyasət nəticəsində bizə də bu adət keçib. Məhərrəm ayında yas saxlamaq, özünə əzab vermək, qan çıxarmaq, zəncir vurmaq kimi işlər İmam Hüseynə xəyanət edib, onu öldürənlərin peşmançılıq hisslərinin təzahürüdür. Əgər İslamda matəm ayı yoxdursa, deməli, toy da, şənlik də etmək olar. Sadəcə, bu adətin ölkəmizdə də mövcud olduğunu nəzərə alaraq, yaxşı olar ki, Aşura günü musiqili toylar və şənlik mərasimləri təxirə salınsın. Hər bir halda Peyğəmbərin Əhli-Beytinə qarşı ərəb şovinist hakimiyyəti soyqırımı həyata keçirib. İslamda yas, ölümün ildönümünü qeyd etmək əmri olmasa da belə, gərək, hörmət əlaməti olaraq ehtiram saxlansın”. 

İlahiyyatçı deyib ki, 124 min peyğəmbər, 12 imam, 124 min də səhabənin olması barədə tarixdə qeyd edilib: “Bunların hərəsinə bircə gün yas saxlamağı nəzərdə tutsaq, ilin 365 günü kifayət etməz. Məsələn, Zəkəriyyə Peyğəmbəri mişarla doğrayıb şəhid ediblər, oğlu Yəhyanın başını kəsib şəhid ediblər. Onlar peyğəmbərlərdir və imamlardan böyük sayılırlar. Onda gərək onların da hərəsinə hörmət olaraq iki ay yas saxlayaq. Həzrət Məhəmməd Peyğəmbərə də sonuncu peyğəmbər olduğu üçün 3 ay saxlayaq. Həzrət Adəm də ilk peyğəmbər olduğu üçün 5 ay yas saxlayaq... Bütün il olsun yasxana və ağlaşma. Belə din olar? Əlbəttə, bu, din deyil. Farslar tarix boyu öz şahlarına yas saxlayıb matəm keçiriblər. Həzrət Hüseynin arvadı İran şahının qızı olduğu üçün farsların Sasani imperiyası süqut etdiyindən düşünüblər ki, İmam Hüseyndən yapışıb onun obrazının arxasında gizlənsinlər. Belə də ediblər...” 

T.İrfan sonda bildirib ki, Məhərrəm ayı matəm, yas və qaragüruh, cəhalət ayı deyil: “Məhərrəm Hicri-qəməri təqviminin ilk ayıdır. Bu ayda 3 gün oruc tutmaq böyük savabdır. İlk təqvim ayını qaralara bürümək İslam deyil. Bu ayda şəhidləri ziyarət etmək, ehsan vermək, dualar etmək və xeyir işlərlə məşğul olmaq lazımdır. İran bu aydan siyasi məqsədlər üçün istifadə edir. Cahil və savadsız kütləni toplayıb siyasi şüarlar ortaya atır və özləri də kənardan durub baxır. İstər İraq, İran, yaxud başqa ölkələrdə Aşura mərasimlərində böyük bir din xadiminin qabağa düşüb başını yardığını, özünü döydüyünü görən olmayıb. Çünki onlar oturub cahil kütləni idarə edir, nəzir yığır və siyasi məqsədləri üçün o toplanışdan təzyiq vasitəsi kimi istifadə edirlər. Yəni bu mərasimlər dini yox, siyasi xarakter daşıyır. Çünki dində, şəriətdə olmayan bir ayin ancaq ya xurafata, ya da xarici güclərin məqsədinə xidmət edə bilər. Aşura gününün ehtiramını saxlamaqla yanaşı, toy da, nişan da etmək olar. Peyğəmbər buyurur ki, xeyir işlərə tələsin. Evlənməyi təxirə salmayın. Hər il Məhərrəm ayında nə qədər toylar, nikahlar iki ay təxirə düşür. Bu, islam dininə, müsəlmanlara zərər və ziyan vurur, xalqımızın artımına mənfi təsir göstərir...”

20.07.2023 16:40
show 757