Naxçıvanda restoranlardan birində dava olub.
Qlobal.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə Nizami küçəsində yerləşən "Qədim Dünya" restoranında baş verib.
Babək rayon sakini, 1998-ci il təvəllüdlü Zaur əmisi oğlu 1993-cü il təvəllüdlü Haqan və dostu ilə birlikdə həmin restoranda yeyib-içiblər.
Daha sonra onlar musiqi sifariş veriblər. Müğənni isə oxumaqdan imtina edib. Bu zaman Zaur səs-küy salıb.
İş üzrə təqsirli bilinən şəxs qismində izahat verən Zaur bildirib ki, martın 11-də əmisi oğlu ilə "Qədim Dünya' kafesində yeyib-içiblər: "Bu vaxt müğənni qızla Haqanın sözü oldu. 100 manat atdım, qızdan oxumasını istədim. Amma qız oxumadı. Bu zaman əmim oğlu bildirdi ki, durun, gedək. Biz hesabı verdik və dostum ilə restorandan çıxdıq. Maşında əmim oğlunu gözlədik".
Zaur qeyd edib ki, bu zaman həmin qız onlara yaxınlaşıb: "Həmin qız bildirdi ki, hörmət elə, yoxsa polisə əmin oğlunu şikayət edəcəm. Mən də qıza "get işinlə məşğul ol" dedim. Həmin vaxt əmim oğlu restorandan çıxdı və səs-küy yaratdı. Bu vaxt polislərə söz qaytardım".
İş üzrə izahat verən restoranın işçisinin sözlərinə görə, martın 11-də, gecə saatlarında müştəri oxuyan müğənniyə sifariş verib: "Bu zaman söz oldu, müğənni iş vaxtının bitdiyindən oxumayacağını bildirdi və getdi. Siqaret çəkmək üçün çölə çıxdım. Çöldə polis maşınlarını gördüm. Polislər müştəriləri nizam-intizama dəvət etdilər. Lakin onların tabe olmayaraq müqavimət göstərdilər. Polislər onları avtomobilə mindirərək apardılar".
İş üzrə izahat verən müğənni bildirib ki, martın 11-də, gecə saatlarında müştəri ona mahnı sifariş verib: "Mahnı bitdikdən sonra özləri sintezatora yenidən sifariş verdilər. Sonra mahnı bitdiyindən narazılıq etdilər. Həmin şəxslərin nalayiq ifadələr işlətdilər, məni də təhqir etdilər. Haqan mənə "səni təpiyimin altına salaram" dedi. İş vaxtı bitdiyindən oxumayacağımı bildirdim. Alətləri söndürdüm. Müştərilər hesabı bağlayaraq getdilər. Çölə çıxdıqda Zaurun maşında olduğunu gördüm. Ona yaxınlaşdım və yoldaşını sakitləşdirməyi bildirdim. O, yoldaşının mənim ayağıma verməyəcəyini dedi. Bu zaman Haqan içəridən çıxdı və üstümə gəldi. Məni təhqir etməyə başladı. Çöldə polislər olduğundan səs-küydən bizə yaxınlaşdılar. Bu zaman həmin şəxslər polisləri də təhqir etməyə başladılar. Polislər müştərilər nizam-intizama dəvət etdilər. Lakin onlar tabe olmayaraq müqavimət göstərdilər".
Haqan isə izahatında göstərib ki, əmisi oğlu Zaurla "Qədim Dünya" kafesində yeyib-içiblər: "Zaur oxuyan qıza mahnı sifariş etdi. Qız mahnını oxuya bilməyəcəyini dedi. Zarafatyana qıza "get mahnını oxu" dedim. Qız yenə də oxuya bilmədiyini dedi. Bu vaxt "sənə bakal gələcək" söylədim. Qız məni təhqir etdi. Sərxoş olduğumdan susdum. Qızın isə "oxumuram, gedirəm" deməsindən sonra Zaur bildirdi ki, pulla oxumursan, pul verirəm, oxu. Bu zaman kafenin müdiri gəldi və dedi ki, qızın vaxtıdır, gedir. Sonra çölə çıxdım. Çöldə polis maşını gördüm. Zaur və müğənni qızın orada olduğunu, yaxınlaşaraq nə olduğunu soruşdum. Qız səs-küy etdi, polislər məni maşına mindirmək istədilər. Müqavimət göstərdim. Bu zaman telefonumu çıxardım və çəkiliş etmək istədim. Polis işçisinin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərimə davam etdim".
Zaurun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırdla xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada protokol yazılıb.
Zaurun barəsində olan inzibati işə Naxçıvan şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Zaur 17 gün müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa, Haqanın barəsində də İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə protokol yazılıb.
Məhkəmənin qərarı ilə Haqan da 17 gün müddətinə həbs eidlib.
Hər iki qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilib.