Bu ərazidə evlər sökülərək 14 və 16 mərtəbəli binalar tikiləcək - VİDEO
Paytaxtın Yasmal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri söküləcək.
Qlobal.net xəbər verir ki, söküntü işləri 1-ci Alatava sahəsində
həyata keçiriləcək. Həmin ərazidə yeni məhəllə salınacaq. İlkin layihədə
13-14 və 16 mərtəbli yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Sakinlərin sözlərinə görə, Yasamal rayonunda yerləşən əraziyə baxış
keçirildikdən sonra onlara söküntü işlərinin aparılacağı bildirilib.
Uzun illərdir burada yaşayan sakinlər deyirlər ki, bu məsələdə əvvəlcə
qarşılıqlı razılıq əldə olunmalıdır.
Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov "Xəzər
Xəbər"ə bildirib ki, 1-ci Alatava adlanan yaşayış sahəsində fərdi
evlərin əksəriyyətinin istismar müddəti bitib. Komunikasiya və nəqliyyat
problemləri ərazidə xaotik vəziyyətin yaranmasına səbəb olub. Buna görə
də ərazidə söküntü işlərinin aparılmasına qərar verilib. Artıq
sözügedən ərazi ilə bağlı ilkin layihə hazırlanır.
Eyvaz Bağırov əlavə edib ki, aidiyyəti qurumdan razılıq alındıqdan
sonra ərazidə söküntü işləri aparacaq şirkət sakinlərlə danışıqlara
başlayacaq.