Huawei-nin qatlanan flaqmanı Mate X6 və Mate 70 seriyasına aid qurğular şirkətin Android əməliyyat sistemində çalışan son smartfonları olacaq.
Qlobal.net bildirir ki, bu barədə 9to5Google nəşri məlumat yayıb.
26 noyabr tarixində Çin şirkəti Huawei HarmonyOS Next ilə işləyəcək Mate X6 qatlanan smartfonunu təqdim edib. Bununla belə, media nümayəndələri müəyyən ediblər ki, cihazların yalnız bir qismi qutudan çıxan kimi Huawei-nin öz əməliyyat sistemi ilə işləyəcək. Digər hissəsi isə Android-ə əsaslanan HarmonyOS 4.3 ilə satışa çıxacaq.
Bu vəziyyət Mate 70 seriyasına da aiddir — seriyadakı bütün cihazlar Android bazalı əməliyyat sistemi ilə təchiz edilib. Mütəxəssislər Mate X6 qatlanan cihazını və Mate 70 flaqmanlarını Huawei-nin Android-də çalışan son cihazları adlandırıblar. Çünki 2025-ci ildən etibarən Çin şirkətinin bütün cihazları ilkin olaraq HarmonyOS Next ilə işləyəcək.
9to5Google jurnalistlərinin ehtimalları Huawei-nin mövqeyi ilə ziddiyyət təşkil etmir. Reuters-ə müsahibəsində korporasiyanın top-meneceri Riçard Yu bildirib ki, istifadəçilər HarmonyOS Next-ə tam keçid və ya kompromis arasında seçim imkanı əldə edəcəklər. Yu əlavə edib ki, yaxın aylarda müstəqil sistem 100 min tətbiqi dəstəkləyəcək.
Huawei öz əməliyyat sistemi üzərində işləməyə 2019-cu ildə ABŞ-ın şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayıb. Bu məhdudiyyətlər səbəbindən Huawei şirkəti Honor-u satmağa məcbur olub.
Fidan
Qlobal.net