Azərbaycanda zavod çörəyinin qiyməti 66 faizədək arta bilər: hökumət yardım kəsir, buğdanın qiyməti artır.
Azərbaycanda unun və çörəyin qiyməti artırılır. İri un və çörək istehsalçıları əhaliyə müraciət edərək, "zavod" çörəyi kimi təsnif olunan dairəvi çörəyin qiymətinin 10-15 qəpik artacağın artacağını bildirib.
İri un istehsalçılarından biri olan Neon firmasının baş direktoru Arif Həsənov un qiymətləri bahalanacağı üçün 500 qramlıq çörəyin qiymətinin artaraq 50 qəpik ola biləcəyini deyir. 30 qəpiklik çörək üçün bu, 66 faiz artım deməkdir.
O çörəyin qiymətinin bahalaşmasının iki səbəbini izah edib: Azərbaycanda hökumət subsidiyanı dayandırır və Rusiyada buğdanın qiyməti bahalaşır.
Arif Həsənov BBC Azərbaycancaya bildirib ki, dekabrın 30-da onları İqtisadiyyat Nazirliyinə çağıraraq subsidiyanın dayandırılacağını bildiriblər.
Onun sözlərinə görə, hazırda bazarda 50 kiloluq un 35 manat 70 qəpik və ondan yuxarı qiymətə təklif olunur.
"Hökumət 50 kiloluq unun 26 manat olması üçün külli miqdarda pul xərcləyirdi. ...bizim zərərimizi qarşılayırdı".
İqtisadiyyat nazirliyindən hələ ki, reaksiya almaq mümkün olmayıb.
Arif Həsənov deyir ki, qiymətlər Rusiyada buğdanın qiymətindən asılıdır: "Rusiyada hər həftə buğdanın qiyməti dəyişir. Hətta söz-söhbət var ki, fevral ayında Rusiya buğda satışına kvota qoysun".
O əlavə edib ki, indiyə kimi Rusiyada artan qiymətləri Azərbaycan hökuməti subsidiyalarla tənzimləyib, amma bundan sonra bu tənzimləmə un istehsalçılarının üzərinə düşəcək.
Baş direktor hazırda Qazaxıstandan buğda almağı düşündüklərini deyir: "İndiyə kimi heç qiymət də təklif eləmirdilər, amma indi başlayıblar qiymət təklif eləməyə. Hər halda, ucuz olmayacaq ki, baha olacaq".
50 kiloluq unun qiymətinin çörəyi də bahalaşdıracağını istisna etməyən Arif Həsənov bildirib ki, 500 qramlıq "zavod çörəyinin" qiymətinin 50 qəpik olması gözlənir.
Daha kütləvi istehlak olunan "zavod çörəyi"nin qiyməti çəkisindən asılı olaraq, indi 30-55 qəpik civarındadır.
Hazırda Azərbaycanın çörək bazarında müxtəlif çəkili zavod çörəkləri təklif olunur və çəki 500-700 qram arasında dəyişir.
"Bravo market"in veb səhifəsində 500 qramlıq Bravo zavod çörəyinin qiyməti 30 qəpik, Nur və Binə istehsalı olan eyni çörəyin qiyməti isə 50 qəpik kimi göstərilir.
"BazarStore" isə internet səhifəsində Gilan zavodunun istehsalı olan 600 qramlıq çörəyin qiymətini 55 qəpik, eyni çəkidə "Bakıxanov zavod çörəyi"nin qiymətini isə 49 qəpik olaraq göstərib. Bu veb səhifədə 700 qramlıq "Çörəkçi zavod çörəyi"nin qiyməti 55 qəpikdir.
Xırdalandakı çörək zavodlarından birindən BBC-yə deyiblər ki, bu gün çörəklərin qiymətində artım, çəkisində isə fərq olmayıb.