Həyət evlərinin qiymətində şok artım: 40 minlik evlər 55 minə qalxıb
Azərbaycanda son bir ildə mənzil qiymətlərində 8 faiz artım var.
Azərbaycan Mərkəzi Bankının "2022-ci ilin yanvar – dekabr ayları üzrə
pul siyasəti icmalı"nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar yer
alıb. İcmalda qeyd edilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında
qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nəzərən 8 faiz artıb. Qiymət
indeksi ilkin mənzil bazarında 7.2, təkrar mənzil bazarında isə 8 faiz
yüksəlib. Amma bu bahalaşma rəsmi inflyasiyadan (14 faiz) geri qalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə
Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon
593 min kvadratmetr təşkil edib. Bu da 2021-ci ilin göstəricisindən 24.8
faiz çoxdur.
Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 925.4
milyon manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 5.8 faiz azdır.
"Həyət evlərinin qiyməti qalxıb"
Bakıda evlərin alqı-satqısı ilə məşğul olan Nizami adlı makler isə
AzadlıqRadiosuna bildirib ki, həyət evlərinin qiyməti qalxıb: "Qiymətlər
ortalama 10-15 min manat artıb. 43 minlik evlər 55 minə satılır".
Onun sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra fərdi evlərə
tələbat artıb: "Qiymətlər, əsasən, tələbat artdığına görə qalxıb".
Yeni tikili binalarda mənzillərin qiymətinə gəlincə, makler qeyd
edib ki, ilin əvvəli artım olsa da, hazırda qiymətlər stabildir.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə "Turan"a deyib ki,
Türkiyədəki zəlzələ fonunda Azərbaycanda mənzil qiymətlərinin
artıb-azalması, hələlik, dəqiq bilinmir: "Çünki ay bitməlidir ki,
nəticələri təhlil edək. Amma ümumən bazarda tələb qismən düşüb,
aktivliyi azalıb və insanlar gözləmə mövqeyinə çəkiliblər. Yəqin,
müəyyən psixoloji baryeri keçənə qədər bu vəziyyət iki-üç ay çəkəcək".
"Bu gün evə real ehtiyac olan gənc ailələrdir"
Ekspert qeyd edib ki, mənzillərin qiymətləri 2021-ci ilin ikinci
yarısından sürətlə artmağa başlayıb: "2022-ci ildə bu, davam edib. Bu
ilin yanvarında da qiymət artımı müşahidə edilib. 2022-ci ildə ilkin
mənzil bazarında 12 faiz civarında qiymət artımı olub, təkrar mənzil
bazarında isə artım daha az olub. Bu ilin yanvarında isə təkrar mənzil
bazarında artım belə olub – təxminən 5 faiz. İlkin mənzil bazarında isə
nisbətən sakitlikdir".
İbrahimovun sözlərinə görə, şəhərin mərkəzində boş torpaq sahəsi
yoxdur ki, vətəndaşlar torpaq alıb onun üzərində yaşayış evi tiksin: "Bu
gün evə real ehtiyacı olan gənc ailələrdir. Həmin o gənc ailələr iş
yerinə yaxın yaşayış yerləri seçirlər. İş yerləri, əsasən, şəhər içi
olur. Şəhər içində də həyət evləri həddindən artıq bahadır və fərdi ev
tikmək üçün boş sahələr yoxdur. Deməli, vətəndaşlar şəhərdən kənara
çıxmalıdır, buna da onlar iş məsələsinə görə meyli deyillər. Ona görə də
həyət evlərinə tələbatın artımı yoxdur və güman ki, olmayacaq".
"İnsanların nağd mənzil almağa imkanı yoxdur"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki,
Azərbaycanda daşınmaz əmlak bazarındakı qiymətlər rəsmi inflyasiya
səviyyəsinə uyğun arta bilməzdi: "İnsanların alıcılıq qabiliyyəti buna
yetərli deyil. Ötən ilin birinci yarısında ipoteka kreditlərinin sayı
daha artıq olduğundan bazarda aktivlik var idi, amma ilin ikinci
yarısında ipoteka kreditlərinin verilməsində müəyyən azalmalar oldu. Bu
da onunla əlaqəlidir ki, Mərkəzi Bank ard-arda uçot dərəcəsini
artırdıqca ipoteka faiz dərəcələri də artırdı. Nəticədə ipoteka ilə
mənzillərin satışının azalmasının şahidi olduq".
Onun sözlərinə görə, bu da bazarda mənzillərin qiymətinə təsir
göstərdi: "Çünki insanların böyük əksəriyyətinin nağd pul şəklində
mənzil almağa imkanı yoxdur. Məhz ona görə də qiymətlər kəskin artmadı,
çünki tələbat azaldı".
N.Cəfərli qeyd edib ki, Türkiyədəki zəlzələdən sonra Azərbaycanda
torpaq sahələrinə və həyət evlərinə tələbat müəyyən qədər artıb: "Amma
düşünmürəm ki, bu, qalıcı bir tələb olacaq. Bir müddətdən sonra bu,
tənzimlənməyə uğrayacaq. Azərbaycanda həyət evlərinin öz problemləri var
– torpaq sahələrinin bir çoxunun çıxarışı yoxdur və orada tikilən
evlərin qeydiyyatında problem var".
Onun fikrincə, Azərbaycanda mənzil bazarının tənzimlənməsi üçün ipoteka kreditlərinin daha ucuz olmasına ehtiyac var.
Ekspertlər nisbətən bahalaşmanın səbəbləri kimi ötən ilin
əvvəlindən tikinti materiallarının qiymətinin artmasını, Rusiya-Ukrayna
müharibəsinə görə Azərbaycana axın və 2020-ci ildən bina tikintisi ilə
məşğul olanların əlavə dəyər, mənfəət vergisinə cəlb edilməsini
göstərirlər.
Fevralın 6-da Türkiyədə 7 baldan güclü iki zəlzələ baş verib.
Nəticədə çox sayda binalar dağılıb, 40 mindən çox insanın isə həlak
olduğu bildirilir.