Qlobal.net xəbər verir ki, tanınmış müğənni Fədayə Laçın Moderator.az-ın suallarını cavablandırıb.
- Fədayə xanım, saytlarda səhhətinizin ağırlaşdığı haqda məlumatlar dolaşır. Bu xəbər doğrudur?
- Xeyr, sadəcə xəstələnmişəm. 10 gündür ki, xəstə yatıram. Evdə
dava-dərman etdim, amma keçmədi. Həkim antibiotik, sistem yazıb.
Ölümcül, sağalmaz xəstəliyə düçar olmamışam. Ölümcül o deməkdir ki,
səhhətin ağırlaşır, gəlib səni təcili yardımla xəstəxanaya aparırlar.
Deyə-deyə, gülə-gülə öz ayağımla həkimə getmişəm. Bu şayiələr bəlkə də
mənim paylaşımlarımdan qaynaqlanır. Çünki o gün yazmışdım ki, yaman pis
xəstələnmişəm, görsəm ölürəm, durub qaçacam. Onu gülmək üçün yazmışdım.
- Ümumiyyətlə son aylar sizə olan maraq daha da çoxalıb. Bu nə ilə əlaqədardır?
- Bəli, bunu hiss edirəm. Sağ olsun elimiz, obamız, xalqımız. Bu
sevgidən ilhamlanıram. Məni həyata bağlayan insanların bu sevgisidir.
Başıma nələr gəlsə də bu sevgi artır, azalmır. Öz-özümlə təkbaşına
qalanda Allaha şükür edirəm. Arzu edirəm ki, bu sevgini, hörməti mənə
çox görməsin. O da çox görmür, səsimi eşidir.
- Fədayə xanım, toylarla bağlı vəziyyətiniz nə yerdədir? Siz də toya yarım saatı 8-9 min manata gedirsiniz?
- Mən heç vaxt elə baha qiymətə toya getməmişəm. Bütün toyu 8-9 minə
oxumamışam, o ki, qala yarım saatı olsun. Oxuya da bilmirlər (gülür).
Fanaqrama qoyurlar, yarım saata 8-9 min alırlar. Məncə o halal qazanc
deyil. Heç olmasa bunu canlı oxuyun, bir az halallıq olsun. Mən
insanların büdcəsinə uyğun gedirəm. Nə ucuzdur, nə də baha.
- Həyatınız haqda film çəkilsəydi sizin rolunuzu hansı aktrisanın oynamağını istərdiniz?
- Həyatım haqda kitab yazmaq istəyirdilər, mən razı olmadım. Düzdür,
onlara yox demədim, dedim ki, görüşüb söhbət edərik. Sonra düşündüm ki,
istəmirəm həyatım haqda yazılıb, film çəkilsin. Hələ mən həbsxanada
olanda tükr rejissoru tərəfindən belə təklif olunmuşdu. Ona görə də
düşünməmişəm rolumu hansı aktrisa oynayar. Mənim sevdiyim aktrisalar
həyatda yoxdurlar.
- Fədayə xanım, illər öncə xalq artisti Mələkxanım Əyyubova
cins şalvar geyinərək muğam oxuduğunuz üçün sizə irad bildirmişdi.
Ümumiyyətlə muğam üçün geyimin fərqi varmı?
- Mənim üçün geyimin fərqi yoxdur. Mən sənət nümayiş etdirirəm. Ona görə
də mənim üçün geyimin önəmi yoxdur. Paltar geyinəndə bir az da gözəl
görünürəm. Amma əslində şalvarı sevirəm. Stilim budur, xoşlayıram. Biri
canlı oxuyursa mən onun səsinə qulaq asıram. Haqqında başqa heç kim, heç
nə fikirləşmir.
- Hətta illər öncə deyirdilər ki, Fədayə xanım zövqsüz geyinir..
- Zövqsüz olduğumu heç vaxt danmamışam. Bir geyim alanda onunla hansı
ayaqqabını geyinmək lazımdırsa onu seçə bilmirəm. O barədə zövqüm
yoxdur. Əlimə nə keçsə geyinirəm. Düşünürəm ki, mən geyim yox, sənət
nümayiş etdirirəm.
- Sevgiyə tövbə etmisiz?
- Mənim həyatımda bir kişi var. O da oğlumdur. Bu da ömür boyu belə olacaq. Həyatıma başqa heç kim gəlməyəcək.