25 il əvvəl mərhum xalq artisti, səhnəmizin "Gəray bəy" i Həsənağa Turabovun böyük oğlu Daşqın Turabovu qətlə yetirmiş cinayətkar illər sonra ilk dəfə Bizim.Media-ya danışıb.
Söhbət 15 illik həbsdən sonra azadlığa çıxmış, hazırda səfil və əyyaş həyatı yaşayan 65 yaşlı Əlişir Tağıyevdən gedir. Primitiv, köhnə dəmir vaqonda "bomj" kimi yaşayan müsahibimiz dəniz sahilində balıqçı qayıqlarını mühafizə edir. Onu elə Böyük Həmyə kəndi ərazisindən keçən hissəsində - sahildə, dəmir vaqonda tapdıq. Əhatəsində bir neçə it və küçükləri vardı.
Müsahibəyə başlamazdan əvvəl Əlişir kişi itlərin birini göstərərək "çaqqaldan doğulan itdir bu"- deyib.
Əlişir Tağıyev düz 25 il əvvəl törətdiyi qətllə bağlı saytımıza dayanmadan "Daşqın mənim dostum olub, onu öldürmək fikrim olmayıb"- deyib.
Xatırladaq ki, Azərbaycan polisinin ən cəsur, qorxmaz nümayəndələrindən olan Daşqın Həsənağa oğlu Turabov Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olub. O, 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.
Cinayətkarın atdığı 13 güllədən 6-sı Daşqına dəyib. Dərhal xəstəxanaya çatdırılan Daşqın hadisədən sonra cəmi 58 dəqiqə yaşayıb. Hətta həkimdən onu sağaltmasını istəyib. Amma öləcəyini hiss etdiyindən kəlmeyi-şəhadətini söyləyərək, gözlərini əbədi olaraq yumub.
Daşqın Turabovun ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində onun büstü qoyulub, şöbənin yerləşdiyi küçəyə isə adı verilib.
Qeyd edək ki,İctimai Televiziya Həsənağa Turabovun polis oğlu Daşqın Turabovun qətli ilə bağlı sənədli film hazırlayır.
Tanınmış hərbi jurnalist İlham Tumas "İstintaq davam edir" layhəsi çərçivəsində növbəti filmini Turabovların faciəsinə həsr edib. Ötən gün Siyəzən şəhərində filmin çəkilişlərinə başlanılıb.
Sənədli filmdə 1997-ci ildə Siyəzən rayon polis şöbəsinin rəis müavinləri olmuş İmran Mustafayev, Xanlar Vahabzadə, yol polisi əməkdaşı Məhəmməd Tağıyev və Aytəkin Alxaslı yer alıb.
25 il əvvəl baş vermiş, səhnədə qızı "Humay"ın, həyatda isə oğlu Daşqının faciəsini yaşayan Həsənağa Turabovu da həyatdan aparan qətl hadisəsi ilə bağlı geniş yazımız növbəti buraxılışımızda...