Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi qeyd olunur.
Bəs bu bayramın tarixi haqda məlumatınız varmı?
Qlobal.net Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi haqda yazını təqdim edir:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.
Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar. Bu məqsədlə sərhəd zonasında fövqəladə vəziyyət rejimi yaradıldı. "Sərhəd hərəkatı" ilə bağlı kommunist rəhbərlərin göstərişinə əsasən Xalq cəbhəsi üzvlərinə qarşı repressiyalar daha da gücləndi, onlardan bir neçəsi həbs olundu, işdən çıxarıldı, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu, lakin qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu prosesi parçalanmış xalqın təbii birləşmə meyli kimi müdafiə etməsi, ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş təbliğatın qarşısını qismən aldı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Fidan
Qlobal.net