Həmkarı Manafı tənqid etdi: “Sən kimsən axı?! Kənddə “Zaporojets“ sürürdün...“
Müğənni Manaf Ağayevin efirdə “Mən Manafam, "07", "06" sürüm? Onlara da minmişəm, indi müğənniyəm, yaxşı maşınım olmalıdır" - deməsi cəmiyyətin sərt reaksiyasına səbəb oldu.
Bəziləri onun bu cür fikirlər səsləndirməsini yekəxanalıq kimi qiymətləndirib və onu qınaq atəşinə tutublar.
Mövzu ilə bağlı danışan müğənni Əli Mirəliyev həmkarının bu cür açıqlama verməsini düzgün hesab etməyib və onu tənqid edib: “İndiki müğənnilər özləri bu cür sərt tənqid olunmağa şərait yaradırlar. O vaxt Aygün, Röya, Abbas kimi müğənnilər toy qiymətləri ilə gündəmə gəlirdilər. Biri deyirdi 15 minə, o biri deyirdi 20 minə toylara gedirəm.
Bütün bunlar gətirib sonunda onları yolçu gününə saldı, indi də qəbul etmirlər ki, yolçudurlar. Müğənni kimdir ki? Onu xalq dolandırır. Sən xalqa şişirdilmiş qiymətlər deyib toya getsən, Allah da burnundan gətirər.
İndi o pulları verən yoxdur, amma başlarında o hava qalıb ki, bir ətək pul verib toylara çağıracaqlar, bunlar da 07, 06 sürməyəcəklər. Siz elə "Zaporojets" sürmüşünüz də, guya kənddə nə sürmüşünüz ki?! Noldu, gəldin Bakıya “Maybach” sürürsən? Belə olmur axı.
Adam yorğanına baxıb ayağını uzadar. Sən iş adamı, məmur, İcra başçısı, Prezident deyilsən. Kimsən axı? Müğənnisən, toylara gedib oxuyursan, toy olmasa, acından ölənin birisən! Ona görə adam heç vaxt çaşmaz, qudurmaz! Ümumiyyətlə, bu sözüm təkcə Manaf Ağayevə yox, bütün müğənnilərə aiddir. İstər Aygün Kazımova olsun, istər Nadir Qafarzadə, istərsə Vasif Məhərrəmli...”
İfaçı qeyd edib ki, bu gün bəzi həmkarları yekəxanalıq edir, xalqa şişirdilmiş qiymətlər deyərək toylara gedirlər: “Hər şey dəyişəcək, dünya dəyişilir. Müğənnilər başa düşməlidir ki, dəyişilən dünyada yaşayırlar, buna ayaq uydurmalıdırlar. Dəyişilən dünyada sən nəinki 07, hətta “Zaporojets”, “OKA” - çolaq maşını da sürə bilərsən. Mən heç vaxt müğənnilərin bu cür yekəxana olmasına yaxşı qiymət verməmişəm.
Hər zaman qıraqdan baxıb onlara demişəm ki, mən illərdir səhnədəyəm, biz belə olmamışıq, xalqa bu cür qiymət deməmişik. Biz camaatın toyuna bir qohum kimi, yaxın kimi getmişik. Görmüşük ki, kasıb adamdır, necə ona deyə bilərdik ki, çıxar filan qədər pul ver, oxuyum? Olmaz axı. Hər zaman demişik ki, nəyə gücün çatır, gətir ver”. (azerbaycanrealligi.com)