"Həmin Xalq artisti zamanında məni otağından çıxarıb demişdi ki, "Zülfiyyə kimdir ki, dünənin uşağını səhnəyə çıxarırsınız?"
“5 günlük dünyadır, həyatda insana yalnız yaxşılıq qalır. Yaxşılıq
gec-tez insanın qarşısına çıxır. Kiməsə yuxarıdan aşağı baxmaq olmaz.
Elə bilirsiniz ki, bu sənətdə məni hamı qəbul edib? Sənətdə yeni-yeni
addımlayanda o qədər insanların tənəsi ilə üzləşmişəm ki. İçimdə
saxlamışam, illərdir heç kimlə bölüşməmişəm. Sınmışam, yıxılmışam
yenidən ayağa qalxmışam. Son günlərdə nə qədər sənətkarlarımızı itirdik.
Yenə də sənət camiyəsində hərc-mərclik baş alıb gedir. Hamı birincilik
iddiasındadır, kimlərisə bəyənmirlər, ancaq özlərini tərifləyirlər. Hər
kəs öz sənətinin bir nömrəsidir. Bunu başa düşmək və anlamaq çətin
deyil”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq
Zülfiyyə İbadova deyib.
O daha sonra illər öncə başına gətirilmiş bir
hadisəni bizimlə bölüşüb.
“Ulduzum yeni-yeni parıldayırdı. Səid Rüstəmov adına Xalq Çalğı
Alətləri orkestrı ilə Naftalanda məskunlaşan məcburi qaçqınlar üçün
konsert verməyə yola düşdük. Xalq artisti Zümrüd Məmmədova və adını
çəkmək istəmədiyim bir xanım, korifey sənətkarımız da bizimlə birlikdə
idi. Ora çatar-çatmaz insanların böyük sevgisi ilə üzləşdim. Onlar
rəhbərimizə demişdilər ki, ilk ifanı aşıq Zülfiyyə etsin. Özü də məni
səhnədən buraxmırdılar. Elə oldu ki, mən ifa edəndən sonra həmin xalq
artisti rəhbərimizə dedi ki, “Zülfiyyə kimdir? Dünənin uşağını niyə
gətirib səhnəyə çıxarırsan?”. Həmin şəxs gətirib o xanım sənətkara gələn
məktubları göstərdi ki, “bax, hamı onu istəyir, bir nəfər də sənin
adını yazmayıb”.
Mən ikinci dəfə də səhnəyə çıxmalı idim. Adını çəkmək
istəmədiyim qadın xalq artisti səhnəyə çıxıb oxudu və sonda konsertin
bitdiyini elan etdi. İnanın, mən də, konsert rəhbəri də pis günə düşdük.
Konsertimizin rəhbəri həmin qadına ağzından çıxanı dedi. O da özünə
haqq qazandıraraq dedi ki, “dünənin uşağını gətirib səhnəyə çıxara
bilməzsən. Zülfiyyə məndən sonra ifa edə bilməz. O kimdir ki, məndən
sonra ifa etsin? Ona bu cəsarəti kim verib? Hər kəs öz yerini
bilməlidir”. İnanın.. Özü də yeni ailə həyatı qurmuşdum. O an mən sanki
sındım, toparlana bilmədim. Həmin xanım sənətkarımızı uşaq yaşlarımdan
çox sevirdim, bir saniyəyə gözümdən düşdü. Depressiyaya düşdüm, illərlə
özümə gələ bilmədim. Ağlamaq istəyəndə Zümrüd xanım gəlib mənə dəstək
oldu. Bir dəfə də başqa bir xanım sənətkarla eyni konsertdə, eyni otağa
düşmüşdüm. Həmin qadın məni otağına buraxmadı, dedi ki, “nahaq yerə səni
mənimlə birlikdə, eyni otağa salıblar”. Koridora çıxdım, məni sevilən
sənətkarımız Flora Kərimova gördü. Niyə burada gözlədiyimi soruşdu. Ona
dedim ki, məni filankəslə eyni otağa salıblar. Dedi ki, “can qızım,
quzunu niyə canavara tapşırırlar?”. Məni otağına dəvət etdi. Otağa daxil
olanda gördüm ki, Afaq Bəşirqızı da oradadır. O xanımın xasiyyətini
hamı bilirdi. Afaq xanım məndən zarafatyana soruşdu ki, “Zülfiyyə, səni
dişləmədi ki?” (gülür). Amma mən sənətə yeni gələn hər kəsə, hər zaman
dəstək olmuşam. Bu gün də yolda əlində saz gördüyüm uşağın əyilib
alnından öpüb, ona təşəkkür edirəm. Mən sənətə yeni gəldiyim illərdə bu
cür haqsız münasibətlərlə üzləşmişəm. Amma yenə də mənə pislik edən o
iki xanım sənətkarın mahnılarını bu gün dinləyirəm, onlara kinim yoxdur”
deyə aşıq xanım bildirib.
Aşıq Zülfiyyə sənət dostu, aşıq Mübarizi toyda saz ifa edərkən stul
üstündə göyə qaldırıldığı görüntülərinə də münasibət bildirib.
“Mənə elə gəlir ki, burada Mübarizin günahı yoxdur. O saz ifa
edəndə kimsə gəlib stulu arxadan yuxarı qaldırıb. Camaat tik-tok və
digər sosial şəbəkələrdə paylaşmaq üçün hər cür işə əl atır. Burada saz
çalanın günahı yoxdur, bunu edənin günahı var. O adam yəqin ki,
pəhləvandır. Hər kəsin bir xasiyyəti var. Bu hərəkəti təbii ki, heç kəs
mənə edə bilməz. Mübariz yəqin ki, üzüyumşağlığına salıb, gülüb, bu
hərəkət də ordan qaynaqlanıb. Onu görəndə bir dost kimi sözümü deyəcəm”
deyə aşıq bildirib.