Qlobal.net lent.az-a istinadla Azərbaycan kino və teatr aktrisası, Xalq artisti, Prezidenti təqaüdçüsü, dosent Həmidə Ömərovanın ömür yolundan bəhs edir.
- Həmidə Ömərova nə zaman və harada anadan olub?
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Qazax rayonunda müəllim ailəsində anadan olub. Onun atası fransız, anası isə alman dili müəllimi olub.
- Həmidə Ömərova nə üçün atasız böyüyüb?
Anası ilə atası bir-birlərini böyük məhəbbətlə seviblər. Ancaq iş elə
gətirir ki, onların ailə həyatı yarımçıq qalır. Həmidənin bakılı qızı
olan anası rayon mühitinə öyrəşmədiyindən qızını da özü ilə götürüb
Bakıya gəlir. Atası isə əyalətdə qalmalı olur. O, dəfələrlə qızının və
sevdiyi qadının ardınca Bakıya gəlsə də, nəticə uğursuz olur. Həmidənin
anası geri qayıtmır. Ancaq ölənə qədər qızının atasına sadiq qalır, onu
böyük məhəbbətlə sevir. Həmidə isə on yeddi yaşından sonra heç vaxt
atası ilə görüşmür. Valideynləri ayrılanda Həmidənin 15 yaşı olub.
Atasının başqa ailəsi və ögey bacı-qardaşları da olub. Aktrisanın ögey
anası və bacı-qardaşları ilə münasibəti çox yaxşı olub. Atası on yeddi
yaşına qədər qızına məktublar yazsa da, aktrisanın anası o məktubların
heç birini qızına oxumağa verməyib. Aktrisa atası ilə bağlı
xatirələrində deyir:
"17 yaşımdan öldüyü günəcən onu görməmişəm. 86-cı il idi. Teleqram
gəldi. Yaşı qədər - 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də
baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. O qədər
hönkür-hönkür ağladım ki. Dedim, məni atdın, axtarmadın, yiyə durmadın.
Amma institutu bitirəndən sonra içimdə onunla barışdım".
- Həmidə Ömərovanın anası onun taleyində necə bir rol oynayıb?
Bu barədə aktrisa belə deyir. "Həmişə anamdan qorxmuşam. O, hökmlü
qadın olub. Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə
atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi.
Atamla söhbət eləməyi çox istəyirdim. Məni aktrisa olmağa, gənc yaşda
ailə qurmağa qoymayan da anam olub. Moskvaya oxumağa getmək üçün
qarşısında diz çöküb yalvarmışam. İndi olsaydı bəlkə də onu tək
qoymazdım".
Aktrisanın anası ailə həyatında xoşbəxt olmadığı üçün qızının ailə
qurmasına qəti şəkildə mane olub. Hər dəfə Həmidəyə elçi gələn kimi
anası onu pisləyir, "qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən
axşamacan çəkilişdə olur" sözlərini deyirmiş.
- Həmidə Ömərovanın anası psixi xəstəliyə tutulub?
Həmidə xanımın anası ömrünün sonlarına yaxın 6 il amneziya
(yaddaşsızlıq) xəstəliyindən əziyyət çəkib. Anası çox vaxt xəstə olduğu
dövrlərdə Həmidəni öz anası bilir, ona "ana" deyə müraciət edirmiş.
Həmidə xanım anasını xatırlayarkən belə deyir:
"Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mənim onun gənc,
gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb
yanıram. O vaxtlarını ki, o mənim balam idi. Anamın çox gözəl səsi var
idi. Konservatoriyaya girmişdi, qardaşları oxumağa icazə verməmişdilər".
Günlərin birində isə aktrisa bağda dincələrkən onunla birgə yaşayan
anası qızına və özünə aid sənədləri və qızının qızıl əşyalarını özü ilə
götürüb evdən çıxır və itkin düşür. Həmin gün aktrisaya Xalq artisti adı
verilir, o isə əlində anasının şəkli dəli kimi hər yerdə onu axtarır.
Anası tapılarsa, namaz qılacağını əhd edir. O, anasını psixiatriya
xəstəxanalarının birində tapır. Həmin hadisədən sonra Həmidə ərizə yazıb
universitetdəki kafedra müdirliyi vəzifəsindən çıxır. Anasına özü
baxmağa başlayır. Aktrisanın anası dünyasını dəyişəndə Həmidə namaz üstə
olub.
- Həmidə Ömərova dindardır?
Həmidə xanım uzun illərdir namaz qılır.
- Həmidə Ömərova ailəlidir?
Aktrisa gec ailə həyatı qurub. Buna səbəb onun sənəti olub. Günlərin
birində İrana səfər edərkən oradakı tanış qadınlardan biri ondan yaşını
soruşur. Biləndə ki, 33 yaşı var və hələ ərə getməyib, onu bərk
danlayır. Bakıya qayıdan Həmidə çoxdandır onunla ailə qurmaq istəyən iş
yoldaşına evlilik üçün razılıq verir. O, müsahibələrində bu haqda belə
deyir:
"O, oğlanın atası rəhmətə getmişdi, anası ağır xəstə idi. Xalası ilə
xalası qızı bizə elçi gəldilər. Sonra oğlana dedim ki, anana baş çəkmək
istəyirəm. Getdik. İlk dəfədir evlərinə gəlmişəm, anası ilə tanış
olacam. Evin tək oğludur, getdi çay gətirməyə. Qaldıq ikimiz... Və onda
ana mənə bir söz dedi. "İndiki qızlar otururlar, otururlar, yaşları
keçəndə kimə gəldi gedirlər". Bu sözü oğlana demədim, amma ondan
uzaqlaşdım. Dedim, sən gizlədirsən, amma anan məni istəmir. Heç nə
demədi. Elə onu dedi ki, anam xəstədir və xəstəliyi haqda heç nə bilmir.
Bu məsələ bitdi. O oğlan indiyəcən ailə qurmayıb".
- Gözəlliyi ilə göz qamaşdıran Həmidə Ömərova kiminlə ailə qurub?
Həmidə özündən bir yaş böyük oğlanla tanış olur və onlar tez bir zamanda bir-birlərini sevib ailə qururlar. O bu barədə belə danışıb:
"Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda. Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı, mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında... Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki... bircə kəlmə dedi: "İstəyirəm səni". Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki... Mən ona inandım. Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var".
- Həmidə Ömərovanın əri ona sənət qadağası qoyub?
Ailə qurandan sonra həyat yoldaşı ona sənət qadağası qoyur. Hər dəfə
aktrisanın çəkildiyi filmləri görəndə kanalı dəyişir. Daha sonra
Həmidəni məcbur edir ki, aktrisalıq karyerasına son qoysun.
Həyat yoldaşını böyük məhəbbətlə sevən aktrisa onun bu təklifi ilə
razılaşır, kino həyatını tərk edir. Hətta aparıcısı olduğu dövrün məşhur
verilişi olan "Retro"dan da uzaqlaşır. Ancaq bir ildən sonra yenidən
kino sənətinə geri qayıdır.
- Həmidə Ömərova Polad Bülbüloğlu ilə ailəli olub?
Şəxsi həyatı ilə bağlı bir çox şayiələrlə üzləşən aktrisanın Polad Bülbüloğlu ilə evli olması ilə bağlı şaiyələr yayılmışdı. Bu onların "Qorxma mən səninləyəm" filmindəki tərəfdaşlığından sonra yaranıb.