22.03.2021
08:31
1793

Həbs olunan general-leytenant Rövşən Əkbərov döyüşə qatılmaqdan İMTİNA EDİBMİŞ? - SİRLƏR AÇIILIR

Loading...

İstefada olan ordu general-leytenantı, Milli Qəhrəman Rövşən Əkbərovun həbs edilməsi ətrafında bəzi sual doğuran məqamlar qalmaqdadır.

Qeyd edək ki, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən general, Baş Prokurorluğun yaydığı məlumata görə, 20 il əvvəl Kiyevdə törətdiyi cinayətdə suçlanır.

Söhbət 2001-ci ildə baş vermiş qətldən gedir. 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə baş vermiş və səs-küy doğurmuş olay, biznesmen Elçin Əliyevin qətlilə bağlı dövri mətbuatda xeyli məlumatlar getmişdi. Maraqlıdır ki, tanınmış vəkil Cavad Cavadov deyib ki, R.Əkbərovun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.

“Təəssüf ki, bu gün Azərbaycanda istintaq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi üçün süni şəkildə meydana atılan hərəkətlər var ”,- deyə o bildirib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da generalın həbsi ilə bağlı ilginc açıqlamalar verib.

Ekspert deyib ki, Rövşən Əkbərovun həbsində “siyasi səbəb” yoxdur. “Yəni Rövşən Əkbərovun ya özünün, ya da yaxın ətrafının siyasi ambisiyası haqqında heç vaxt azacıq olsa da məlumatlar, söhbətlər dolaşmayıb. Siyasətlə məşğul olanlarla da hər hansı bağlılığı barədə cəmiyyətdə söz-söhbət belə yaranmayıb. 44 günlük müharibə zamanı və müharibədən sonra Rövşən Əkbərovun haqqında yalnız mənfi fikir formalaşırdı. Tutduğu vəzifəsi, rütbəsi, üstəlik Milli Qəhrəman statusu ilə müharibədə heç cür özünü göstərə bilməməsi bir təzad yaratdı və istər-istəməz hamıda sual yarandı ki, Rövşən Əkbərov niyə bu qədər passivlik nümayiş etdirib? Və görünür, bizə məlum olmayan digər konkret səbəblər də mövcuddur. Hər halda 2003-cü ildən Azərbaycana verilmiş cinayət işinin məhz müharibədən sonra yenidən aktiv istintaqa çevrilməsinin səbəbini müharibədə axtarmaq lazımdır”,-deyə, o bildirib.

İ.İsmayılın dediyinə görə, R. Əkbərov 44 günlük müharibənin əvvəlində iştirakdan kənarlaşdırılıb: “Bu müharibədə Rövşən Əkbərov özünü göstərə bilməyib, hətta deyilənə görə, döyüş tapşırıqlarını yerinə yetirməyib. Biri var bacarmayasan, bir də var ki, ümumiyyətlə, gərgin, ağır döyüşlərdən imtina edəsən. Rövşən Əkbərovun haqqında məhz ikinci variant danışılır. Müharibənin ilk ongünlüyündə Müdafiə Nazirliyində əməliyyat müşavirəsi keçirən Ali Baş Komandan bildirdi ki, bəzi əməliyyatlar ləngiyir və səbəbi də məlum deyil. Bu, Murov istiqamətində və cənub cəbhəsinin bir hissəsində əməliyyat tapşırığını yerinə yetirməyənlərə ünvanlanmışdı. Bu, məhz Rövşən Əkbərov və başqa bir generala ünvanlanmışdı, ona görə də müharibənin gedişində komandir kimi bəzi şəxslər döyüşlərdə iştirakdan təcrid edildilər. Müharibə bitəndən sonra da ordudan tərxis edildilər”.

Ekspert müharibənin ən gərgin dövründə ordu üçün ən vacib fiqur- Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılmasını da xatırlayıb: “Deməli, o qədər ciddi əsaslar olub ki, Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb və həmin dövrdə bu, rəsmən elan olunmasa da, artıq onun müharibənin gedişinə müdaxilə etmədiyi və edə bilmədiyi bütün ictimaiyyətə məlum oldu. Rövşən Əkbərovun da Nəcməddin Sadıkovla yaxınlığı göstərir ki, bu zabitlər ciddi tapşırıqların yerinə yetirilməsində əngəl olublar, hətta mane olduqları barədə də o dövrdə müharibə iştirakçıları arasında söhbətlər gəzirdi. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. Rövşən Əkbərovun Kiyevdə biznesinin olması barədə məlumatlar hələ müharibədən xeyli əvvəl də mətbuatda yer almışdı”.

Ekspertə görə, Rövşən Əkbərovun həbsində bir qədər fərqlilik var: “20 il əvvəl törətdiyi və indiyədək formal istintaqda saxlanılan konkret cinayətə start verilməsinin səbəbini müharibədə axtarmaq daha düzgün olardı. Cəzalandırılmalıdır! Bu qərar veriləndən sonra 20 il əvvəl törədilən cinayətin səbəb olması çox təbiidir. Perspektiv həbslər mümkündür, gözlənilir, amma kimlərin olması barədə heç nə deyə bilmərəm”.

“Əgər Rövşən Əkbərov vətənə xəyanət edibsə, onu niyə başqa adla həbs etsinlər, bunu gizlətmək mümkündürmü” sualına İ.İsmayıl belə cavablandırıb: “Vətənə xəyanət ağır dövləti cinayətdir. Rövşən Əkbərov döyüş tapşırığını yerinə yetirməyibsə və ya səhlənkarlıq edibsə, bu, vətənə xəyanət kimi qiymətləndirilə bilməz. Rövşən Əkbərovun başqa bir dövlətin maraqları naminə döyüş tapşırığına əməl etməməsi inandırıcı deyil. İstənilən vaxt bu həbsin arxa planı deyil, hüquqi tərəfi artıq elan edilib- 2001-ci ildə törədilmiş cinayət. Onu da qeyd edək ki, Rövşən Əkbərovun həbsi ilə bağlı dediklərimiz müəyyən ehtimallardır və bu barədə bilmədiklərimiz də var”.

Qeyd edək ki, irəli sürülən ittiham üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur.120.2-ci maddəyə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. /Musavat.com

Loading...