Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir.
Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildiyiniz kimi, Azərbaycanda yeni dizaynda 20 qəpiklik metal pullar, həmçinin 1, 5 və 50 manatlıq əsginaslar dövriyyəyə buraxılıb. Mərkəzi Bank bununla əlaqədar yaranan "Köhnə dizaynda pullar dövriyyədən çıxarılırmı, yaxud paralel olaraq digərləri ilə təkrar dövriyyəyə buraxılır?" sualına aydınlıq gətirib:
"Azərbaycan Mərkəzi Bankı tərəfindən pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlanılıb və bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Proseslərin davamı olaraq, "Qarabağ" mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib və 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılması nəzərdə tutulur.
Eyni zamanda, Mərkəzi Bank tərəfindən ötən ildə 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub.
Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Bununla yanaşı bildirmək istərdik ki, Mərkəzi Bankda pul nişanları müasir texnoloji sistemlərdə emal olunur və keyfiyyətinə görə çeşidlənir. Tədavülə yararlı pul nişanları (yeni və ya köhnə dizaynda olmasından asılı olmayaraq) təkrar dövriyyəyə buraxılır, yararsız pul nişanları isə tədavüldən çıxarılaraq məhv edilir".
AMB-nin açıqlamasına əsasən, köhnə dizaynda olan pullar da yararsız hesab edilmədikcə yenidən dövriyyəyə buraxıla bilir və yalnız yararsız hesab edilən pul nişanları tədavüldən çıxarılır