"Mən çıxışımda təkcə dünəndən danışmamışam. Yığılan vulkan idi, partladı. Bu, təkcə indi olmayıb. Korifey dediyimiz insanların dövründə də belə olub. Kimsə brilyant üzük, konfet aldırırdı və ya kimsə böyük məbləğdə pul verirdi ki, "Ay sənətkar, sənə hədiyyə edirəm". O da qarşılığında efirdə həmin şəxsi tərifləyirdi. Bunu tamaşaçı bilməyə bilər. Tamaşaçı hazır məhsulu görür".
Qlobal.net xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində telefon bağlantısı zamanı deyib. Sənətçi ötən gün paylaşdığı videoda heç kimin adını çəkmədiyini bildirib:
"Bir çox insan özünə sənətkar deyib, sözünü düzgün danışmayanda tamaşaçını azdırırlar. Hamı pis oxuyur? Əsla, hamı özünə görə oxuyur. Hər kəsin bir diapazonu və özünə görə nəfəsi, rəngi var. Kimi sənət üçün, kimisi pul üçün oxuyur. Mən də demək istəyirəm ki, insanın mövqeyi, xisləti bir olmalıdır. Kimlərisə pisləyirsən ki, səsi yoxdur, bayağı oxuyur. Sonra da efirə çıxıb həmin insanları tərifləyirsən. Bu mənə çatmır. Mənim yanımda da o insanları təriflə də, niyə pisləyirsən? Mənim yanımda pisləyirsən, kamera qarşısında tərifləyirsən. Bunu necə anlayaq? Hamı sizə sənətkar deyir, amma bilmirlər ki, sənətdən karsınız. Sənətkarın mövqeyi olmalıdır! Səbəbini birmənalı olaraq maddiyyatda görürəm. Sənətkar həm də şəxsiyyət olmalıdır, belə düşünürəm. Mən heç vaxt eşitməmişəm ki, Xalq artisti Flora Kərimova kimdənsə hədiyyə alıb və onunla duet oxuyub, tərifləyib. Onun sözü həmişə bir olub. Tərifləməsə də, üstündən keçəcək. Ona görə deyirəm ki, bunları yığışdırmaq lazımdır. Ya bir sifətiniz olsun, ya da mən sizi biabır edəcəyəm! Qoy, xalq sizi tanısın, satılmayın. Adam satılmaz, mənliyini, şəxsiyyətini satmaz. Dünəndən mənə Xalq artistləri, sənətkarlar yığıb deyirlər ki, bunu nə yaxşı ki, danışdın. Cavab verirəm ki, siz də deyin də, nə olar ki? Mən ad çəkməmişəm. Kim özünə götürürsə, günah onun özündədir.
Dünənki payalaşımı isə silməyimi xahiş etdilər. Yəqin ki, ünvanına çatan şəxs istəyib. O deyir ki, mənim adımı hallandırırlar. Deməli, günahkarsan ki, adın hallanır".
Qeyd edək ki, Nadir Qafarzadə ad çəkmədən Əməkdar artist Teymur Əmrahı tənqid edib. Buna səbəb isə T.Əmrahın "Gün ortası" verilişində "Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam. Nə oxuyur, gözəl səslərlə nə xərcləyirlər, başqa mövzudur. Bu gün onlar elə gözəl səsə malik ifaçılardır ki..." sözlərini deməsi olub. (axşam.az)