Hakim İlkin Süleymanova SÖZ VERDİ: "Sənin barəndə ən obyektiv qərarı verəcəm"
Tovuzun
Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə
ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması
davam edir.
APA-nın xəbərinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim
Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ibtidai
istintaq dövründə verdiyi etirafedici ifadəsinin yerində yoxlanılması
ilə bağlı tərəflərin suallarını cavablandırıb.
Müdafiə tərəfi ifadənin yerində yoxlanılmasına aparılan zaman onun təzyiqlərə məruz qalıb-qalmaması ilə maraqlanıb.
İttiham olunan şəxs bu barədə danışarkən həmin vaxt Tovuz Rayon
Polis Şöbəsinin rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib. İkin
Süleymanovun dediyinə görə, hadisə yerinə aparılmazdan əvvəl rəis
müavini ona hədə-qorxu gəlib, işgəncə verib: "Dedi ki, lazım gəlsə, əlli
nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Başıma və
bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vurdu. Həmin vaxt bir
nəfər polis əməliyyatçısı içəri daxil olub, Baş Prokurorluqdan
gələnlərin qabağında artıq-əskik danışmamağımı tapşırdı".
Daha sonra İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokuror ilk olaraq İlkin Süleymanovdan hadisə yerində ifadə
verərkən nəyə görə ayağında ayaqqabı deyil, çəkələk olduğunu soruşub.
Təqsirləndirilən şəxs ayaqqabı geyinməməsinə səbəb kimi, işgəncə
verildiyi üçün dabanlarının şişdiyini göstərib.
Prokuror isə "Görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiniz", - deyə əlavə edib.
İlkin Süleymanov prokurorun bir neçə sualına "yadımda qalmayıb”,
"bilmirəm” kimi cavablar verib.
Bu zaman məhkəməyə sədrlik edən hakim
Dadaş İmanov İlkin Süleymanova müraciət edərək ondan hər şeyi dəqiqliklə
danışmasını istəyib: "İlkin, əmin ol ki, mən sənin barəndə ən obyektiv
qərarı verəcəm. Ona görə burda hər şeyi dəqiqliyi ilə danış. İttiham
sənə istintaqa verdiyin ifadə əsasında verilib, indi hər şeyi dəqiqliyi
ilə danışmalısan ki, biz obyektiv qərar çıxara bilək”.
Proses noyabrın 29-u davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə
yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində
aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və
Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq
istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib,
məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin
edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova
Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan
adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə
təqsirli bilinərək barəsində cinayət işi açılıb.