680f0b17ce8dd202504255903

"Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını çağırıb deyir..."

Mərhum xalq artisti, tanınmış kaman ustası Habil Əliyevin zarafatları, maraqlı lətifələri uzun illərdir musiqiçilər, ziyalılar arasında gəzib dolaşmaqdadır.

Qlobal.net kaman ustasının bir lətifəsini oxuculara təqdim edir:

Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kənində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır.

Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb. Hadisə belə olub:
Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə həmin anda arxadan da başqa qatar yaxınlaşırmış. Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür.
Habil Əliyev və qardaşı yas mərasiminən geriyə - Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə pambıqlığa buraxılan su yola axıbmış…
Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:
- Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də..!

Murad
Qlobal.net
28.04.2025 08:59
show 937